Azərbaycan prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bir sıra vacib məqamlara toxunub. Ölkə rəhbəri diqqətləri ən çox Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasi çərçivəsində yanvarın 30-da Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə layihəsinin qəbuluna yönəldib.
Sitat: “Biz sizinlə Avropa Şurasının Parlament Assambleyasında fəaliyyət göstərən insanlar kimi bu təşkilatı yaxşı tanıyırıq. Əfsus ki, 20 il ərzində bu təşkilat Azərbaycanı hədəf seçib, Türkiyəni isə daha uzun müddət ərzində. Xatırlayıram, ilk dəfə mən Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimə başlayanda mənim ilk addımım Azərbaycan heyətini Türkiyə heyəti ilə görüşdürmək idi. Biz elə birinci gün görüşüb razılaşdıq, anlaşdıq ki, bütün məsələlərdə bir-birimizə daim dəstək olacağıq. Əfsus ki, o illərdən bəri Avropa Şurasında deqradasiya prosesi gedir. Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir. Sözün düzü, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik. Ancaq o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır.
Siz Avropa Şurasında böyük vəzifəyə seçilmişdiniz, Avropa Şurası Parlament Assambleyasının prezidenti olmusunuz. Sizin dövrünüzdə bu təşkilatda ədalətli mövqe sərgilənirdi. Siz imkan vermirdiniz ki, bu təşkilat kiminsə əlində alətə çevrilsin. Siz çox dəyərli və müstəqil insan kimi bütün təzyiqlərə davam gətirirdiniz və müstəqil siyasət aparırdınız. Ona görə o dövrdə Avropa Şurası elə bil ki, öz əsl simasını bərpa edirdi. Ancaq bu gün bu təşkilat əfsuslar olsun, bir daha demək istəyirəm ki, heç bir nüfuza malik deyil, onların qəbul etdiyi qərarlar bizim üçün tamamilə əhəmiyyətsizdir. Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik".
Novella Cəfəroğlu: “Bizə qarşı doğru münasibət sərgiləmirlər”
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu Prezidentin dediklərinə “Yeni Müsavat”da bu cür şərh verdi: “Ölkə Prezidentinin dedikləri həqiqətdir. Keçmiş sovet ölkələrinin hamısında insan haqlarının pozulması hallarının zaman-zaman şahidi oluruq. Amma hər dəfəsində bizim, qardaş Türkiyənin məsələsi qaldırılır. Bu nə dərəcədə doğrudur? Azərbaycan nümunəvi müsəlman ölkələrindən biridir ki, burada yaşayan bütün millətlərin haqları eyni dərəcədə qorunur. Ermənistan isə başqa bir ölkənin ərazisinə hücum edərək, o dövlətin torpaqlarını işğal edib, insanların hüquqlarını pozub. Avropa Şurası bu ölkəyə bir dəfə də olsun, nəsə bir söz deməyib. Bizə qarşı onlar doğru münasibət sərgiləmirlər”.
Fəzail Ağamalı: “Avropa Şurası bu gün dişsiz bir təşkilat, nüfuzunu itirən bir qurumdur”
Ana Vətən Partiyasının sədri, V çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı ölkə başçısının söylədiklərinin tam həqiqət olduğunu qeyd etdi: “Ölkə prezidentinin söyləmiş olduğu fikirlər həqiqətləri ifadə edib. Avropa Şurası da, Avropa məkanında yerləşən digər beynəlxalq təşkilatlar da Azərbaycana qarşı hər zaman qərəzli mövqeyini ifadə ediblər. Bu və ya digər şəkildə Azərbaycanın üzərinə yeriməyə çalışıblar, qətnamələr qəbul olunub. Biz bunun dəfələrlə şahidi olmuşuq. Azərbaycanda siyasi məhbuslar məsələsi bir neçə il bundan öncə qapadıldı və deyildi ki, siyasi məhbus deyilən həqiqət yoxdur. Onların özləri də siyasi məhbus kriteriyalarını indiyə qədər dəqiqləşdirə bilməyiblər. Amma Azərbaycana qarşı təhdidin və təzyiqin elementi kimi yenidən Avropa Şurasının qəbul etmiş olduğu qətnamə qərəzin növbəti bir nümunəsidir. Ölkə Prezidenti Mövlud Çavuşoğlunu qəbul edərkən bununla bağlı fikirlərini arqumentləşdirdi. Söylədi ki, Avropa Şurası əslində Türkiyə və Azərbaycana qarşı qərəzli mövqeyini hər zaman nümayiş etdirib. Faktiki olaraq, Avropa Şurası və Parlamentində iki müsəlman Avropa ölkəsi var, biri Türkiyə, digəri Azərbaycandır. Bu iki dövlətə qarşı ikili standart, onlara qarşı qərəz və iftira durmadan davam edir. Çıxarılan nəticə bundan ibarətdir ki, əslində Avropa Şurası da, digər beynəlxalq təşkilatlar da, heç bir halda demokratiya və həqiqətin yanında deyillər. Onlar xristian klubu kimi fəaliyyət göstərirlər. Niyyətləri ən müxtəlif yollarla Ermənistana haqq qazandırmaq, onun işğalçılıq siyasətini stimullaşdırmaqdır. Bəlli olduğu kimi, Ermənistan Azərbaycanın 20% torpaqlarını işğal etməklə kifayətlənmir, eyni zamanda Naxçıvana da iddialıdır, Türkiyənin Şərqi Anadolusuna da iddia edir. Bu baxımdan Azərbaycan və Türkiyə əleyhinə qəbul edilən belə qətnamələr birbaşa Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaqdır, bu siyasəti müdafiə etməkdir. Ona görə də ölkə Prezidenti doğru olaraq, Avropa Şurasının bu qətnaməsini qərəzli olduğunu önə çəkməklə bərabər, həm də doğru olaraq söylədi ki, Avropa Şurası bu gün dişsiz bir təşkilatdır, nüfuzunu itirən bir qurumdur, bu təşkilatda xristian təəssübkeşliyi özünü ən müxtəlif məsələlərdə ifadə etməkdədir. Bu bir daha ölkə Prezidentinin qətiyyətinin, Azərbaycan dövləti və xalqının milli maraqlarının üzərində köklənən xarici siyasətində ardıcıl, prinsipial, dəyişməz olduğunu nümayiş etdirdi”
