9 fevrala təyin edilmiş növbədənkənar parlament seçkiləri kampaniyasının indiyədək olan mərhələsində deputatlığa namizədliyi ləğv edilən yeganə şəxs Rəşad Camalov oldu. Mərkəzi Seçki Komissiyası fevralın 5-də 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyinin ləğv edilməsi barədə qərar verib. Məsələ Mərkəzi Seçki Komissiyasının iclasında müzakirə edilib və Rəşad Camalovun namizədliyinin qeydə alınması ilə bağlı 46 saylı Şirvan Dairə Seçki Komissiyasının qərarı ləğv edilib. Rəşad Camalovun namizədliyinin ləğvi onun ikili vətəndaşlığının olması ilə əsaslandırılıb.
Namizədliyinin ləğvindən əvvəl MSK-nın saytında Rəşad Camalov haqqında əksini tapan məlumatda onun bitərəf namizəd olduğu, 1977-ci ildə doğulduğu, iş yerinin isə DTX olduğu əksini tapırdı.
R.Camalovun Azərbaycandan başqa hansı ölkənin vətəndaşı olduğu barədə isə məlumat verilmir.
Namizədliyi ləğv edilən Rəşad Camalovun mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğlu olması medianın ona diqqətinin daha da artmasına gətirib çıxarıb.
Qeyd edək ki, Seçki Məcəlləsinin 13.2 maddəsinə əsasən passiv seçki hüququ ilə bağlı məhdudlaşdırıcı hallar Azərbaycan Respublikası Konstitusiyasının 56-cı, 85-ci, 100-cü maddələri ilə və bu Məcəllə ilə müəyyən edilir.
Seçki Məcəlləsinin 13.3 maddəsinin tələbində isə deyilir; Azərbaycan Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə, 85-ci və 100-cü maddələrinə uyğun olaraq, aşağıdakı şəxslərin Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü seçilmək hüququ-passiv seçki hüququ yoxdur:
13.3.1. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslər;
13.3.2. Azərbaycan Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslər;
13.3.3. ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşları (ikili vətəndaşlığı qalanadək);
13.3.4. xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşları (həmin öhdəliklərə xitam verilənədək). Belə öhdəliklər 5 ildən çox xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək, habelə digər siyasi və ya hüquqi öhdəliklər də ola bilər.
Seçki Məcəlləsinin 14-cü maddəsində isə bildirilir ki, Azərbaycan Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə uyğun olaraq aşağıdakı şəxslər tutduqları vəzifələrə görə Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü ola bilməzlər:
Hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə), hakimlər (hakim olduqları müddətdə), dövlət qulluqçuları (dövlət qulluğunda olduqları müddətdə), din xadimləri (peşəkar dini fəaliyyət ilə məşğul olduqları müddətdə).
Göründüyü kimi, həm konstitusiya, həm də Seçki Məcəlləsi ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşına deputat seçilməyi yasaq edir. 46 saylı Dairə Seçki Komissiyası sədrinin və üzvlərinin hər iki qanunun belə bir tələbinin olduğunu bilməmələri inandırıcı deyil. Qanunu bilmirlərsə, bu bir qəbahət, bilib qanuna əməl etməyiblərsə, daha ciddi qəbahət və eyni zamanda qanun pozuntusudur.
Onu da bildirək ki, 46 saylı Şirvan seçki dairəsində deputatlığa namizədlər sırasında parlaq, tanınmış namizəd yoxdur. Siyahıya nəzər yetirdik. Bu dairədə 11 namizəd var. 8 nəfəri bitərəfdir, 1 nəfər hakim Yeni Azərbaycan Partiyasının namizədidir-Quliyev Azər Əli oğlu, bir nəfər Müsavat Partiyasından namizədliyi irəli sürülüb-Xurşidov Əlikram İdris oğlu, bir nəfər isə ADP-nin namizədidir-İsayev Kamil Dədəqardaş oğlu. Anket məlumatlarında bitərəf namizədlərdən beşinin işsiz olduğu, birinin tələbə olduğu göstərilir. Qalan 5 nəfər isə ayrı-ayrı şirkət, MMC və ASC-lərdə işləyir.
