Küçədə isanların gözü qarşısında arvadını bıçaqlayaraq öldürmək istəyən şəxs hakim qarşısına çıxarılıb. Məhkəmədə məlum olub ki, zərərçəkmiş qadın şikayətçidir və ən ağır cəzanı tələb edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində Natiq Dədəcanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Prosesdə dövlət ittihamçısı çıxış edərək N.Dədəcanova 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.
N.Dədəcanovun vəkili müdafiə çıxışı üçün vaxt istəyib.
Natiq Dədəcanov Cinayət Məcəlləsinin 29.120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.
İttihamda yazılır ki, Natiq həyat yoldaşı Vüsalə Dədəcanovu Mərdəkan qəsəbəsində poçtun qarşısında öldürmək istəyib.
Natiq Dədəcanova qarşı irəli sürülən ittihamda göstərilir ki, o, arvadı Vüsalə Dədəcanovla bir müddətdir ki, ayrı yaşayıb. Səbəb isə Natiqin həyat yoldaşı tərəfindən evdən qovulması olub. Bir müddət Bakıda parklarda yatan Natiq evə qayıtmaq istəsə də arvadı buna razı olmayıb. Vüsalə Dədəcanov səbəb kimi Natiqin ailəsinə qarşı laqeyd olmasını, işləməməsini göstərib.
İttihamda yazılır ki, Natiq arvadının bu münasibətindən bezərək onu öldürmək qərarına gəlib. Bu məqsədlə marketdən mətbəx bıçağı alaraq arvadını izləməyə başlayıb. Vüsalə Binədəki evindən çıxıb Mərdəkana gedərkən poçtun qarşısında arxadan ona yaxınlaşıb. Boynundan tutaraq bədənin müxtəlif nahiyyələrinə zərbələr endirib.
Vüsalə vaxtında müqavimət göstərərək bıçaq zərbələrinin bir neçəsindən yayınıb. Sonuncu zərbə Vüsalənin çiyin nahiyəsindən deyərkən bıçağın tiyəsi qırılıb.
İttiham orqanı belə qənaətə gəlib ki, Natiq az yaşlı oğlunun gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürmək istəyib. Amma özündən asılı olmayan səbəblərə görə cinayətini tam başa çatdıra bilməyib.
Elan olunmuş ittihamla Natiq özünü qismən təqsirli bilib. Deyib ki, Vüsaləni öldürmək niyyəti olmayıb.
Zərərçəkmiş Vüsalə Dədəcanova deyib ki, Natiq işləməyib, evə bazarlıq etməyib və bu azmış kimi onu və uşaqlarını təhqir edib:
"Mən onu dəfələrlə bağışlamışam. Amma hər dəfə eyni şeylər təkrar olub. Sonuncu dəfə qızlarımı söydü. Elə söyüş işlətdi ki, dilimə gətirə bilmirəm. Mən ona dedim ki, bir də evə gəlmə".
Hadisə günü baş verənlərdən danışan Vüsalə bunları deyib:
"Oğlumla bankdan çıxıb poçta tərəf gedirdik. Arxadan boynumdan tutdu. Birinci kürəyimdə ağrı hissə elədim. Sonra qarnımdan isti qan axdığını bildim. Oğlum da qışqırırdı. Mən qaçmaq istəsəm də alınmırdı. İkimiz də yerə yıxıldıq. Mən əlimlə bıçaq zəbələrindən özümü qorumağa çalışırdım. Əlindən çıxıb maşınlara tərəf qaçdım. Ətrafda insan çox idi, amma heç kim yaxınlaşmırdı. Mən maşınların qabağına qaçanda arxamca gəldi. Orada mənim tutub yenə vurmağa başladı. İki nəfər tanımadığım gənc Natiqi tutdu. Onda artıq bıçağı qırılmışdı. Mən yaxınlıqdakı telefon dükanına qaçdım. Onlar məni içəri salıb arxa qapıya tərəf apardılar. Sonra da təcili yardım çağırdılar".
Heç bir halda barışmayacağını deyən Vüsalə bildirib ki, Natiqə ağır cəza verilməsini istəyib.
