Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkə üçün əhəmiyyətli olan bir sıra məsələlərə toxunub. Prezident bank sektorundan da danışaraq, banklara xəbərdarlıq edib: “Bank sektorunda sağlamlaşdırma prosesi davam etdirilir və davam etdirilməlidir. Biz banklara çox böyük dəstək vermişik. Bütün əmanətlər sığortalanıb və bu prosesi uzatmışıq. Hesab edirəm və tam əminəm ki, artıq böhranlı dövr arxada qalıb. Ancaq əhalinin banklara inamının artırılması üçün dövlət bu məsələni yenə də öz üzərinə götürür. Bu, banklara verilən böyük dəstəkdir, edilən güzəştdir, eyni zamanda onların məsuliyyətini artırır. Əgər özəl banklar tərəfindən hər hansı bir sürpriz olarsa, onlar özlərindən küssünlər. Mərkəzi Banka verilən yeni səlahiyyətlər çərçivəsində nəzarət daha güclü olmalıdır ki, sağlamlaşma prosesi uğurla başa çatsın. Bütövlükdə özəl banklar iqtisadi inkişafımıza təkan verməlidir. Onların işi ancaq oturub pul qazanmaq olmamalıdır. Onlar öz məsuliyyətini dərk etməlidirlər. Dövlət onlara fəaliyyət göstərmək üçün imkan yaradıb, lisenziya verib. Əgər o banklarda hansısa problemlər olarsa, bu lisenziya ləğv ediləcəkdir. Son vaxtlar bir çox bankların lisenziyası ləğv olundu. Onlar bu imkanlardan məhrum olacaqlar. Ona görə məsuliyyətli yanaşmalıdırlar. Heç bir sürpriz olmamalıdır. Onlar biznes-kreditlərə üstünlük verməlidirlər. Mən bunu ilin yekunlarına həsr edilmiş müşavirədə qeyd etdim. Yenə də bu meyl görünməkdədir. İstehlak kreditlərinə üstünlük verilir. Əlbəttə, bu, çox asandır. İstehlak kreditini verir, sonra da faizini alır. Amma bank krediti ölkə iqtisadiyyatı üçün, real sektor üçün, iş yerlərinin yaradılması üçün lazımdır. Ona görə burada mən bir daha göstəriş verirəm, Mərkəzi Bank və aidiyyəti nazirliklər, o cümlədən Nazirlər Kabineti bunu nəzarətə götürsün və mənə müntəzəm olaraq məlumat verilsin ki, biznes-kreditlərinin pay faizi nə qədərdir. İstehlak kreditləri və monitorinq daimi olmalıdır”.

“Yeni Müsavat”a danışan ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycanda bankların istehlak kreditlərinə üstünlük verməsi əsasən qazancla bağlıdır: “Prezident faktiki olaraq banklara həm də xəbərdarlıq etdi. Banklar birincisi ona görə istehlak kreditləri verməyə meyl edirlər ki, bu kreditlərin faiz dərəcəsi daha yüksəkdir. Biznes kreditlərində isə aşağıdır və banklar ikincidən daha az qazanırlar. Digər tərəfdən isə istehlak kreditlərini qaytarmaq daha asandır. Vətəndaş bankın qarşısında çarəsizdir və məhkəmədə, digər məsələlərdə uduzacaq. Sahibkar isə həm rəsmi, həm də qeyri-rəsmi olaraq güclüdür. Yəni sahibkar özünə daha yaxşı hüquqşünas tutar, adi vətəndaş yox. Ancaq bütün bunları adi vətəndaşlar etmirlər və edə də bilmirlər. Ona görə də banklar sahibkarlara faktiki olaraq baş qoşmaq istəmir. Ancaq məsələnin digər tərəfi də var. Belə ki, 2019-cu il fevralın 28-də prezidentin problemli kreditlərlə bağlı sərəncamı oldu. Yəni faktiki olaraq istehlak kreditləri üzrə dövlət borcların bir hissəsini qaytarmağı üzərinə götürdü və bunu da etdi. Niyə etdi? Çünki ölkədə sosial narazılıq arta bilərdi və bunun qarşısı dövlət tərəfindən alındı. Burada əsas udan tərəf banklar oldu. Banklar verdikləri kreditlərin bir hissəsini dövlət hesabına bağladılar. Bu xəbərdarlıq da onunla bağlıdır ki, belə problemlər ortaya çıxarsa, dövlət banklara kömək etməyəcək. Əksinə, dövlət bütün sivil ölkələrdə mövcud olan, vətəndaşların özünü müflis elan etməsi haqqında qanun qəbul edə bilər. Bundan sonra banklar istehlak kreditlərini düzgün qiymətləndirmə aparmadan verdikləri halda, vətəndaş da bunu qaytarmayıb müflis olduğunu elan etdiyi halda daha bankın geri almaq hüququ olmayacaq”.
Ekspert bildirib ki, dövlət özü də bankların istehlak yox, biznes kreditləri verməsi üçün tam lazımi şəraiti yarada bilməyib:
“Gərəkdir ki, Mərkəzi Bank bütün banklara bərabərhüquqlu, ucuz kreditlər versin. Əgər bankın ucuz pulu yoxdursa, o, sahibkara kredit verə bilmir. Sahibkar deyir ki, mənə belə baha kredit lazım deyil. Bu gün faktiki olaraq Mərkəzi Bank bütün banklara ucuz kredit vermir. Burada qeyri-bərabərlik var. Buna görə də faizlər düşmür. Bu, Mərkəzi Bankın günahıdır. Digər səbəb isə ölkədə məhkəmə-hüquq sisteminin qənaətbəxş olmamasıdır. Bu isə ona gətirir ki, ölkədə sahibkarların aktivliyi azalır. Görürük ki, bir çox sahibkar biznesini ya başqa yerə köçürür, ya da bağlayır. Deyir ki, burada sabahla bağlı tam əminliyim yoxdur. Hesab edir ki, ya banklar onu çətin duruma salacaq, ya da kimlərsə işini əlindən alacaqlar. Ona görə də hələ ki bir sıra sahibkarlar Azərbaycanda fəal fəaliyyət göstərmək istəmirlər. Dövlət onlar üçün lazımi şəraiti tam olaraq yaratmalıdır. Digər tərəfdən də bunun banklara da mənfi təsiri var. Tutalım ki, bank sahibkara 1 milyon manat kredit verib. Sabah sahibkar bu krediti qaytarmadığı halda həmin pulun elə 50-100 minini məhkəmələrdə xərcləməklə bəzən hətta bankları da udur. Bu sistem özü də imkan vermir ki, banklar krediti tam formada verə bilsin. Ümumilikdə deyə bilərik ki, hazırda banklarla bağlı problemlərin bəziləri elə bankların özlərindən, bəziləri isə dövlətdən asılıdır”.
