Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələrin getdiyi bir vaxtda Ermənistan daxilində ciddi hadisələr baş verməkdədir. Belə görünür ki, Nikol Paşinyan özünün növbəti təhlükəli rəqibi - Qarabağ klanının liderlərindən biri, eks-prezident Serj Sərkisyanı siyasi proeslərdən təcrid etməkdə israrlıdır. Artıq İrəvan Şəhər Ümumi Məhkəməsi Ermənistanın sabiq prezidenti ilə bağlı cinayət işini icraata qəbul edib. Serj Sərkisyan külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
Xatırladaq ki, bundan əvvəl Sərkisyanın yaxın ətrafına aid olan şəxslər də istintaqa cəlb edilmişdi. Sərkisyan 1 mart 2008-ci il cinayətləri ilə bağlı ittihamlardan özünü sığortalamağı bacarsa da, görünür tam xilas ola bilməyəcək. Üstəlik, onun vaxtaşırı işğal altındakı Qarabağa gələrək Azərbaycan torpaqlarından Paşinyana dirəniş nümayiş etdirməyə çalışması Nikol Paşinyanın diqqətindən yayınmayıb.
Qeyd edək ki, Ermənistan Xüsusi İstintaq Xidməti ötən il dekabrın 4-də S.Sərkisyana qarşı 2013-cü ilin 25 yanvar - 7 fevral tarixlərində 489 milyon dramın (1 milyon ABŞ dolları) bir qrup vəzifəli şəxs tərəfindən israf olunmasında təşkilatçı qismində iştirak etməsi ilə bağlı ittiham irəli sürüb. Xüsusilə də Dağlıq Qarabağda qanunsuz olaraq “prezident seçkiləri” adlı şounun keçirilməsi ərəfəsində Ermənistanın baş naziri klana aid olan əsas fiqurları sıradan çıxarmaq, öz adamını rejimin başında oturtmaq istəyir.
İşğalçı ölkədə yaşanan digər maraqlı hadisələrdən biri isə ermənilərin hakimiyyətə qarşı sərt mövqe nümayiş etdirməsidir. Yayılan məlumata görə, Ermənistanın Armavir vilayətində Qarabağda ölən hərbi qulluqçunun qohumlarının keçirdiyi etiraz aksiyasında bir nəfər həyatını itirib. Daha maraqlı olan budur ki, Qarabağda intihar edən Vaqram Avakyanın qohumları əllərində tabutla İrəvana yollanıblar. Ailə övladlarının intihar etmədiyini, əksinə, öldürüldüyünü ictimailəşdirmək üçün tabut əllərində müdafiə naziri David Tonoyanın qəbuluna gedib. Teleqraf.com xəbər verir ki, danışıqlardan sonra aksiya iştirakçıları kəndə qayıdıb və Vaqramı dəfn ediblər. Ölən əsgərin yaxınları onun intihar etdiyi barədə versiyaya inanmadıqlarını deyiblər. Çünki əsgər Avakyanın bədənində iki güllə yarası olub. Əsgərin atası bildirib ki, onun oğlunu güllələyiblər və hadisəni intihar kimi qələmə veriblər.

Qeyd edək ki, son illər işğal altındakı Azərbaycan ərazilərində erməni hərbçiləri arasında intiharlar, əsgərlərin bir-birini güllələməsi halları adi hala çevrilib. Elə bu yazını hazırlayarkən məlum oldu ki, Qarabağda yerləşən hərbi hissədə daha bir erməni əsgəri yaralanıb. Bu barədə “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir. Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan məlumatı təsdiqləyərək deyib ki, əsgər ona təhkim olunmuş silahla özünü ayağından vurub.
Reallıq budur ki, erməni əsgərləri hakimiyyətin və qrupların maraqlarına yem olduqlarını anlayırlar və özgə torpağı uğrunda döyüşməkdənsə, əlil vəziyyətdə də olsa, geri dönmək variantını seçirlər. Bütün bunları nəzərə aldıqda Ermənistan hakimiyyətinin danışıqlarda nəhayət, konstruktiv mövqe sərgiləmək variantından başqa çıxış yolunun olmadığını söyləmək olar. Ancaq İrəvan buna gedəcəkmi?
ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə 28-30 yanvar tarixində Cenevrədə keçirilən görüşdən sonra Ermənistanın mövqeyində hər hansı ciddi dəyişiklik müşahidə olunmasa da, fərqli məlumatlar və ziddiyyətli mövqelərin də şahidi olmaqdayıq. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan arasında keçirilən görüşdən sonra bildirildi ki, bu, son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələr olub. Məlumata görə, ilk olaraq, 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, ikinci, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub. Bu xüsusda, nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar. Son dəfə Azərbaycan və Ermənistan XİN rəhbərləri 2019-cu il 4 dekabr tarixində Bratislavada görüşüblər.

ATƏT-in Minsk Qrupunun həmsədrləri də Cenevrə danışıqları ilə bağlı bəyanatda qeyd ediblər ki, üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər 2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası, əhalini sülhə hazırlamaq üçün mümkün addımlar, gələcək sülhün əsasını təşkil edən prinsip və elementlər, nizamlama prosesinin irəliləməsinin vaxtı və gündəliyi məsələlərini müzakirə ediblər. Həmsədrlər tərəflərə münaqişənin sülh yolu ilə həllinə və nizamlama prosesinə kömək edəcəklərini ifadə ediblər. O da qeyd olunub ki, nazirlər həmsədrlərin iştirakı ilə yaxın zamanlarda yenidən görüşməyə dair razılığa gəliblər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin İsveçrədəki görüşündən də real nəticə ortaya çıxmadı: “Həmsədrlərin yeni planı yoxdur. Buna baxmayaraq, xarici işlər nazirlərinin son görüşü əvvəlkilərdən fərqləndi. Birincisi, həmsədrlərin vasitəçiliyi ilə görüş iki gün çəkdi. Birinci gün nazirlər arasında danışıqlar 7 saat oldu. İkinci gün danışıqlar 4 saata yaxın çəkdi. İkincisi, həmsədrlər görüşün nəticəsi ilə bağlı bəyanatda danışıqların mahiyyəti barədə heç nə açıqlamadılar. Bəyanatda, sadəcə, xalq diplomatiyasının gücləndirilməsinin vacibliyi bildirildi. Buna baxmayaraq, xarici işlər nazirlərinin görüşündən ciddi nəticə çıxdığını söyləmək mümkün deyil. Mümkündür ki, nazirlər hansısa detalları müzakirə ediblər. Ancaq bu detallar danışıqların nəticəsinə təsir etmir. Sülh sazişi imzalamadan xalq diplomatiyası faydalı olmayacaq. Çünki xalq diplomatiyası çərçivəsində Azərbaycanın və Ermənistanın ictimai fəalları, jurnalistləri və siyasi ekspertləri illərdir görüşürlər. Nəticə yoxdur. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı ilə keçən ilin dekabr ayında Bratislavada görüşmüşdü. Elmar Məmmədyarov görüşdə nəticə olmadığını bildirmişdi. Dekabr ayından bir ay keçib. Bu müddətdə Ermənistan hakimiyyətinin mövqeyində heç bir dəyişiklik baş verməyib. Ona görə də nazirlərin İsveçrədəki görüşündə nəticə əldə oluna bilməzdi”.
Politoloq İrəvanın qeyri-konstruktivliyinə sübut olan digər bir məqama diqqət çəkdi: “Nazirlər İsveçrədə görüşərkən Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa gəldi, işğal altındakı Kəlbəcərdə oldu. Bu, bir daha o deməkdir ki, Nikol Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq haqda düşünmür. Həmsədrlərin məqsədi bölgədə sakitliyi qorumaqdır. Həmsədrlər xarici işlər nazirlərini mütəmadi görüşdürməklə gərginliyin azalmasına çalışırlar. Ancaq danışıqlar nəticə vermirsə, bölgədə gərginlik və sualların sayı azalmayacaq. Atəşkəsin pozulmayacağından da heç kim sığortalanmayıb. Digər tərəfdən, işğal altındakı bölgələrin məskunlaşdırılması, aparılan təmir işləri sülhə xidmət etmir. Təəssüf ki, həmsədrlər beynəlxalq hüquqa zidd bu prosesi dayandırmaq əvəzinə münaqişənin həllinə təsir etməyən kiçik detalların razılaşdırılması ilə məşğuldurlar”.
Bütün bunlar isə savaşı tətikləyən elementlərdəndir. Onsuz da növbədənkənar parlament seçkilərindən sonra Azərbaycanın bütün diqqətini işğaldakı Qarabağ torpaqlarını azad etməyə yönəldəcəyi və dövlətin bütün resurslarını bu müqəddəs vəzifənin icrası üçün səfərbər edəcəyi barədə ümumi rəy mövcuddur. Ermənilər və onların himayədarları da bunu anlamamış deyil.
Xüsusilə də separatçı rejimin rahatlıqla “seçki” şousu düzənləməsinə imkan vermək olmaz. Belə olan təqdirdə həmsədrlərin yeganə məqsədi savaşın qarşısını almaq ola bilər. Hər halda, işğalçıya “qırmızı kart” göstərilməməsinə başqa ad tapmaq mümkün deyil...
