|
Nazirlər Kabinetinə tapşırıq verildi -

Prezident İlham Əliyev bildirib ki, sahibkarlar fəaliyyətlərini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməli deyillər. Ölkə başçısı məsələ ilə bağlı xəbərdarlıq edib. “Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz”,-deyə ölkə prezidenti söyləyib.

Əsabəli Mustafayev ile ilgili görsel sonucu"

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, bu gün həm dövlət, həm də özəl müəssisələrində işçilərin əmək hüquqları pozulur: “Təcrübə göstərir ki, 8 saatlıq əmək rejiminə və eyni zamanda həftəlik iş rejiminə bir çox yerlərdə riayət olunmur. Bu, daha çox o yerlərdə görünür ki, həmin yerlərdə əmək müqavilələri yoxdur. Yaxud da həmin iş yerlərində əmək müqavilələri müvəqqəti  bağlanır. Bu, ümumilikdə geniş yayılan haldır. Prezident bu məsələyə toxundu və ümid edirəm ki, bundan sonra qeyd etdiyimiz məsələdə hansısa qayda-qanun yaradılar. Hesab edirəm ki, bunun üçün ilk növbədə müvəqqəti bağlanan əmək müqavilələri qadağan edilməlidir. Hərçənd ki, Əmək Məcəlləsində bu məsələ mövcuddur. Ancaq məsuliyyət məsələsi olmadığı üçün hər kəs müvəqqəti əmək müqaviləsindən istifadə edir. Düşünürəm ki, bununla bağlı məsuliyyət tətbiq edilməlidir. Əgər bu cür hallar kütləvidirsə, cinayət, az miqdardadırsa, inzibati məsuliyyət tətbiq olunmalıdır ki, bəlkə bundan sonra sahibkarlar, dövlət qurumlarının rəhbərləri müvəqqəti əmək müqavilələrinin bağlanmasından əl çəkərlər. Bundan birdəfəlik imtina etmək lazımdır. Müvəqqəti əmək müqaviləsi bağlanan zaman işçi hər zaman işdən çıxarılma təhlükəsi ilə üzləşir. Yəni  dırnaqarası qanuni surətdə işdən çıxarırlar. Baxırsan ki, işçi haqqı ödənilməyən şənbə, bazar günlərində işləməyə razı olmur, onu işdən çıxarırlar. Bu kimi hallara təcrübəmizdə çox rast gəlmişik. Eyni zamanda işçi də olur ki, 8 saatdan çox işləməyə razılaşmır, onun da müqaviləsini ləğv edib, işdən çıxarırlar. Bunların hamısına nəzarət olunmalıdır. Bu cür hallarda narazı kütlənin sayı da artır”.

Hüquqşünas bildirib ki, şənbə və bazar günlərindəki işə görə işçiyə ikiqat əmək haqqı ödənilməlidir:

“Bu, qanunvericilikdə də öz əksini tapıb. İş günü 5 gündür. Əgər istirahət günü işləyirsənsə, yaxud da 8 saatdan artıq işləyirsənsə, o zaman ikiqat ödəniş olmalıdır. Buna da baxırsan ki, nə özəl müəssisələr, nə də dövlət müəssisələri getmirlər. İstər özəl, istərsə də dövlət müəssisələrində bütün bunlar yalnız rəhbərin qərarı əsasında olmalı deyil. Bunun üçün iş yerində həmkarlar ittifaqı olmalıdır və onlar da məsələ ilə bağlı qərar verilən zaman öz sözlərini deməlidirlər. Bu gün Azərbaycanda qeyd etdiyimiz məsələ ilə bağlı xaos yaşanır. Əmək hüququnun, əmək haqqı hüququnun kütləvi pozuntularına rast gəlirik. Bunun üçün qayda-qanunun yaradılması əsas şərtdir. Yaradılan qaydalar vəkillərlə, həmkarlar ittifaqı ilə, mütəxəssislərlə aparılan məsləhətləşmə əsasında qəbul edilməlidir. Bəzən baxırsan ki, qanunda dəyişiklik edirlər, ancaq bu dəyişikliyin heç bir əhəmiyyəti olmur. Məsələn, hazırda deyirlər ki, əmək müqaviləsi bağlamadan işlətmək olmaz. Buna baxmayaraq, qeyd edilən hal kütləvidir. Baxmayaraq ki, məsuliyyət nəzərdə tutulur. Ayrı nəzarət vasitələri nəzərdə tutulmadığı üçün bu qaydalar da işləmir. Çünki mütəxəssislərin iştirakı olmadan normalar hazırlanıb. Əgər prezidentin dediyinə əməl etmək istəyirlərsə, o zaman mütləq şəkildə mütəxəssislərin iştirakı əsasında qeyd etdiyimiz məsələlərlə bağlı dəyişikliklər olmalıdır”.