|
“AŞ PA Azərbaycanı Rusiyaya görə hədəf seçib” iddiası

AŞ PA-nın qış sessiyasında islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hazırladığı Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə gündəmdən düşmür. Qərara sərt reaksiyalar var. Xüsusilə qətnamənin 9 fevralda ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərinə sayılı günlər qalanda qəbul edilməsi ciddi suallar doğurur.

“Yaxşı münasibətlər qurulub, azərbaycanlı həmkarlarımızla hər şey qaydasındadır. Ümid edirəm ki, əməkdaşlığımızı inkişaf etdirəcəyik”. İnterAz-ın məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının vitse-spikeri, Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Pyotr Tolstoy Vestnik Kavkaza-a müsahibəsində bildirib.  O, həm assambleyada, həm də ikitərəfli səviyyədə Rusiya parlamentarilərinin azərbaycanlı deputatlarla münasibətlərini şərh edib.

Tolstoy Azərbaycan nümayəndə heyətinin AŞ PA-dakı işini yüksək qiymətləndirib: “Avropa Şurasında işləyən parlamentarilər seçicilərin bu funksiyanı həvalə etdikləri Azərbaycan xalqının ən yaxşı nümayəndələridir”.

 Azərbaycanda qarşıdan gələn parlament seçkiləri barədə danışan Tolstoy Avropa millət vəkillərinin tənqid üçün səbəb axtaracağını bildirib. “Onların hədəf ölkələri var. Rusiya AŞ PA-da olmayan vaxtlarda Azərbaycan çox tənqid olunurdu, məncə, tənqid etməyə davam edəcəklər. Ancaq bunun üstəsindən gəlmək olar, çünki məruzələr tövsiyə xarakterlidir”, o deyib.

Onun sözlərinə görə, Rusiya, həmişə olduğu kimi, Azərbaycandakı seçkiləri qərəzsiz izləyəcək.

Rusiyalı vitse-spikerin bu sözləri qəbul edilən qətnamə ətrafında yeni-yeni müzakirələr yaradıb.

Bəziləri hesab edir ki, AŞ PA-da Azərbaycana qarşı qərəz həm də Rusiyaya görədir. Arqument kimi də, AŞ PA-dakı nümayəndə heyətimizin orada daim Rusiyaya dəstək vermələri, onun mövqeyini müdafiə etmələri göstərilir.

Siyasi ekspert Yeganə Hacıyeva bunları düşünür: “AŞ PA-nın yanvar sessiyasında qəbul olunan ”Avropada media və jurnalistlərin təhlükəsizliyinə təhdidlər" adlı hesabatında Azərbaycana aid mətbuatın vəziyyətinin dəyərləndirilməsi və “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməsi birmənali olaraq qərəzlidir. Məsələn, hesabata aid qərəzli yanaşmanı müəllif AŞ PA-nın media azadlığı üzrə yeni məruzəçisi, avstriyalı deputat Stefan Şennakın çıxışlarında da özünü göstərir, jurnalistin hesabata aid sualına Şennak absurd bir cavab vermişdir: “Ölkədə jurnalistlərin həbsinə apara biləcək qanunları ləğv etmək lazımdır”. Şennakın fikirindən bu qənaətə gəlmək olar ki, əgər jurnalist rekertçiliyə, xarici ölkələrin xüsusi xidmət orqanları ilə əlaqəyə görə həbs olunubsa, onları həbs etməmək üçün qanunun bu müddəaları ləğv edilməlidir. Eyni yanaşma AŞ PA-nın “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməsində də mövcuddur. Qətnamə və hesabatı kənara qoyub, onların qəbul olunması səbəbləri haqqında danışmaq istərdim. Əslində AŞ PA öz missiya və vəzifələrindən çıxış edərək növbədənkənar keçirilən parlament seçkisindən öncə Azərbaycanda demokratik təsisatların fəaliyyətini öyrənməli, ölkə üzrə qəbul etdiyi tövsiyələrin yerinə yetirilməsi və onların dəyərləndirilməsi ilə əlaqədar hazırlanmış, daha çox icraedici, qanunverici və məhkəmə hakimiyyətlərinin tarazlığı, məhkəmələrin seçki prosesində iştirakının dəyərləndirilməsi və s. kimi məsələləri müzakirə etməli idi. Məsələ ondadır ki, son illər Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlarla bağlı ölkə prezidentinin fərmanlarından sonra bu sahədə islahatlar davam edir, islahatlar bir neçə məqamın aradan qaldırılmasına yönəlik proseslərlə müşayiət olunur ki, bunlardan da biri icra qurumlarının Hüquq-Məhkəmə Şurasının işinə təsir imkanlarının azaldılmasına yönəlib. Çünki bu məqam kənardan hakimlərin müstəqilliyinə kölgə sala biləcək bir hal olaraq görsənir. Qətnamənin qəbulu zamanı məhz bu məqama diqqət yetirilməsi, deputatların Azərbaycanda gedən islahat proseslərindən xəbərsiz olması reallığını üzə çıxarır. Məsələ ondadır ki, Avropa Şurası bir çox üzv ölkələrə qarşı sirf siyasi hadisələr ərəfəsi məqsədli şəkildə siyasiləşmiş “siyasi məhbus ” spekulyasiyası aparır, eləcə də Azərbaycana. Hələ 2001-ci ildən bu quruma üzv olandan biz zaman-zaman bu mövzudan Azərbaycana qarşı istifadənin şahidi olmuşuq. Eyni mövzu üzrə AŞ PA-nın Azərbaycanla bağlı bir neçə qətnaməsi mövcuddur. Bu addımları əslində Avropa Şurasının siyasi qərarlarla məhkəmə-hüquq sisteminə təsir cəhdləri adlandırmaq olar. "Niyə məhz seçki ərəfəsi bu qətnamə qəbul olunur" sualına gəlsək, bunun cavabı birmənalı olaraq Avropa Şurasının bir sıra siyasi qruplara dəstək addımı olaraq seçkilərə təsir cəhdi adlandıra bilərik. Bu gizli dəstək qətnamədə adıkeçən siyasi qrupların seçkidə mümkün uğurları ətrafında kompromis atmosferinin yaradılmasına hesablanıb".