|
Türkiyə ilə Rusiyanın arasını vuran “üçüncü qüvvə”

Fevralın 2-si gecəsi Suriyada Bəşər Əsədə sadiq qüvvələrin hücumu nəticəsində Türkiyə ordusunun 6 əsgərinin şəhid olması, 9 nəfərin isə yaralanması bölgədə vəziyyəti daha da gərginləşdirib. Qardaş ölkə bunun cavabını artıqlaması ilə verib. Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın İdlib vilayətinə endirilən raket zərbələri nəticəsində Suriya prezidenti Bəşər Əsədə məxsus ordu qüvvələrinin 76 hərbçisi zərərsizləşdirilib. Bu barədə müdafiə naziri Hulusi Akar məlumat verib.

 “Son günlər İdlibdə ciddi gərginlik yaşanıb. Rusiya ilə birlikdə bu gərginliyi azaltmaq üçün səy göstəririk”. APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, İdlibdə Rusiyanın üzərinə mühüm vəzifə düşür.

“İdlibdə bizə qarşı edilən hücumlara dözümlü yanaşa bilmərik. Rusiya ilə genişmiqyaslı əlaqələrimiz mövcuddur. Dünən (srağagün - red.) Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığımız olub. Dərhal atəşkəs əldə etmək istəyirik”, - deyə Çavuşoğlu əlavə edib.

Ekspertlər isə yaranan gərginliyin Rusiya-Türkiyə münasibətlərinə ciddi zərbə vura biləcəyini qeyd edirlər. Bu xüsusda Rusiyanın Suriya hökumətinə verdiyi dəstək qabardılır və Əsəd qüvvələrinin bu dəstəkdən cəsarətlənərək hücum əməliyyatını gerçəkləşdirdiyi vurğulanır. Digər tərəfdən, Ankara-Moskva münasibətlərinin korlanmasında “üçüncü qüvvə”nin barmağının olduğu ehtimal edilir. İlkin versiya kimi də İranın adı çəkilir. Cənub qonşumuzun Türkiyənin Suriyada apardığı əməliyyatdan narazı olduğu və bunun üçün hətta Əsəd rejiminə dolayısı yollarla dəstək verdiyi bildirilir.

Əhəd Məmmədli: ile ilgili görsel sonucu"

Əhəd Məmmədli: “Proses Türkiyə-Suriya qarşıdurmasına doğru gedir”

Politoloq Əhəd Məmmədlinin fikirlərinə görə, proseslər təhlükəli həddə çatıb: “Rusiya Suriyanı dayandırmasa, proses açıq şəkildə Türkiyə-Suriya qarşıdurmasına gedir. Ankara bu haqda artıq Moskvaya xəbərdarlıq edib və müdaxilə etməməyə çağırıb. Türkiyə-Suriya qarşıdurması müharibəyə çevrilməyəcək. Çünki eyni çəkidə dövlətlər deyillər. Ona görə də Suriya Türkiyə ilə müharibə riskinə getməz. Rusiya da Suriyaya bunu etməyə imkan verməz. Kreml qaz, neft, daş kömürünün böyük hissəsini Türkiyəyə satır. Rus qaz borusu qardaş ölkədən keçir. Rusiya Türkiyəyə skandallı S-400 raketlərini satıb. Eyni zamanda Rusiya Türkiyədə nüvə elektrostansiyası tikəcək. Düşünmürəm ki, bütün bunlardan Suriyaya görə Rusiya imtina etsin. Türkiyə də eynən Qərblə qarşıdurmada Rusiya ilə münasibətlərin qorunub saxlanılmasının marağındadır. Türkiyəyə növbəti qaçqın dalğasının ola biləcəyinə gəlincə, qardaş ölkə növbəti qaçqın axınının qarşısının alınması üçün İdlibi hökmən qoruyub saxlamalıdır”.

Politoloq İran faktorunu da burada istisna etmir: “Bəşər Əsəd Rusiyaya, qardaşı Mahir Əsəd isə İrana yaxındır. Türkiyə-Rusiya yaxınlaşmasını pozmaq üçün bu İranın da işi ola bilər. Amma istənilən halda bu hadisələrə görə cavabdeh Bəşər Əsəddir”.

Əziz Əlibəyli ile ilgili görsel sonucu"

Əziz Əlibəyli: “Vəziyyət Putinlə Ərdoğanın danışığına qədər belə davam edəcək”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli: “Suriyada türk əsgərinin şəhid olmasını Əsədə bağlamaq lazım deyil, birbaşa söyləmək lazımdır ki, bunun ”uğurlu yol" yazanı Moskva və Tehrandır. Əks halda, Əsəd hansı gücün sahibidir? Yaxud silahlar kimindir? Əsgər farsın, silah isə rusundur. Nə baş verir? 2018-ci ildə bağlanan Soçi razılaşmasına görə İdlib silahsızlaşdırılır, türk əsgəri də o bölgələrdə post quraraq patrul xidməti aparır. O bölgədə 4 milyon əhali yaşamaqdadır. Amma rejimin bombardmanı xeyli sayda əhalinin növbəti köçünü başladıb ki, burada da istiqamət yenə Türkiyədir. İdlib niyə vuruldu? Bölgə Əsəd əleyhinə mübarizə aparan məkanlar arasında qalan yeganə böyük məntəqədir və özü də son məntəqədir. Hətta Türkiyənin dəstəklədiyi silahlı güclər də burada məskunlaşıb. İdlibin Əsəd tərəfindən alınması Suriya problemini böyük ölçüdə Əsədin xeyrinə həll edəcək addımdır. Niyə məhz indi, həm də türk əsgəri vuruldu? Dera, Quta və Hama Putin -Ərdoğan arasındakı üç il əvvəl bağlanan razılaşmalara görə silahsızlaşdırıldı. Bircə İdlib qaldı, Türkiyə son əməliyyatlarda sərhəd boyu 2 kilometr dərinlikdə ərazini azad etdi ki, təhlükəsizlik zolağı qura bilsin. Nəticədə Türkiyənin Suriyada əli gücləndi, indi Türkiyə ilə Rusiya arasında müəyyən problemlər yaranıb: Liviyada, Suriyada maraqlar toqquşub, Ərdoğanın Rusiya ilə bağlı son açıq bəyanatı görünür ki, Putini əsəbiləşdirib, onlar da problemi kökündən, amma Əsədin əli ilə həll etməyə qərar verdilər. Amma Türkiyə qərarlıdır və itki verdiyi üçün cavab əməliyyatları ilə daha da aqressivləşəcək və bu proses Putinlə Ərdoğanın danışığına qədər davam edəcək. Türkiyə İdlibdə qalmaqla və onu qorumaqla qaçqın axınının qarşısını ala bilər. İran faktoru var, amma iki ölkə arasındakı münasibət birbaşa qurulub deyə təsiredici rolu yoxdur. Burada sırf Rusiya öz maraqları üçün savaşır, söz yox ki, bu maraqlar İrana da sərf edir".