Diaqnostik alətlər dəsti ölkəmizə gətirildi; dəhşətli virus dünyada can almağa davam edir; iqtisadçılar da SOS siqnalı verməyə başladılar...
Çindən dünyaya yayılan koronavirus get-gedə daha ciddi fəsadlara səbəb olmaqdadır. Ekspertlərin sözlərinə görə, bu virusun yayılması nəticəsində dünya iqtisadiyyatında təlatümlər yaşanacaq. Xüsusilə də bildirilir ki, virusun yayılması səbəbindən Çində fəaliyyətinin bir hissəsini dayandıran şirkətlər dünya bazarında bahalaşmaya gətirib çıxaracaq.
Son məlumatlara görə, Çinin Uhan şəhərində dekabr ayında ortaya çıxan və sürətli şəkildə ölkə miqyasında yayılan yeni tip koronavirus epidemiyasında ölənlərin sayı 361 nəfərə çatıb. Çin Milli Səhiyyə Komissiyası tərəfindən verilən açıqlamaya görə, virusa yoluxan insanların sayı isə 2 min 296-nın vəziyyəti ağır olmaqla 17 min 205-ə çıxıb. Virusun yoluxduğundan şübhəli bilinən insan sayı 21 558-ə, tibbi müşahidə altında olan insan sayı isə 152 700-ə çatıb.
Çindən kənarda virusun yoluxduğu insan sayı Honkonq Xüsusi İdarə Bölgəsində 15, Makao Bölgəsində 8, Tayvanda isə 10 nəfərə çıxıb. Çindən xarici ölkələrə gedən sərnişinlərdə də koronavirus xəstəliyi aşkar edilir. Son məlumatlara görə, Çindən Fransaya gəlmiş təxminən 20 sərnişin xəstəliyin əlamətlərinə görə həkim nəzarəti altına alınıb. Bu barədə Fransanın səhiyyə naziri Anyes Buzen bildirib. Nazir qeyd edib ki, təyyarədə ümumilikdə 264 sərnişin olub, onların 64-ü fransızdır. Bütün fransız ailələri uşaqları ilə birlikdə Karri-le-Rue kommunasında yerləşən kurort mərkəzinə çatdırılıb.

Daha əvvəl bildirilib ki, Çinin Uhan şəhərindən təxliyə edilmiş insanları aparan ikinci fransız təyyarəsi Fransanın cənubunda İstr şəhərinin aeroportunda yerə enib. Hava maşınında ölkənin 30 vətəndaşı olub. Uhandan birinci reys İstr şəhərinin aeroportunda cümə günü yerə enib. Bütün sərnişinlər iki həftə müddətində karantin nəzarətində olacaqlar.
Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu xəstəlikdən qorunmaq üçün dövlət səviyyəsində ciddi işlər görülür. Sərhəd buraxılış məntəqələrində quraşdırılan aparatlar sayəsində sərhədi keçmək istəyənlər arasında bədənində hərarəti yüksək olanlar saxlanılaraq, yoxlamaya aparılır. Bu barədə “Yeni Müsavat”a Azərbaycanın baş infeksionisti Cəlal İsayev məlumat verib. Bildirib ki, koronovirusa yoluxma ya Çinə getməklə, ya da çinli ilə təmasla mümkündür: “Adi qripə yoluxanların koronavirusa görə müayinədən keçməsinə ehtiyac yoxdur. O insanlar müayinəyə cəlb edilir ki, Çində olmuş olsunlar, yaxud Çindəki koronoviruslu xəstə ilə təmasda olsunlar”.
Onu da bildirək ki, koronovirus epidemiyasının diaqnostik alətlər dəsti (testlər) Azərbaycana gətirilib. Bu barədə report bildirib ki, alətlər dəsti müvafiq tibb müəssisəsinə veriləcək. Alətlər dəstinin ölkəyə gətirilməsi işini Ümumdünya Səhiyyə Təşkilatı təşkil edib.

Səhiyyə naziri Oqtay Şirəliyev "“Yeni 2019-nCoV" koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, virusa yoluxması ehtimal edilən şəxslər Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəzə və 7 saylı Uşaq İnfeksion Xəstəxanasında karantin altına alınacaq. Baş infeksionisti Cəlal İsayev deyib ki, koronavirus epidemiyasının diaqnostikası ilə bağlı Azərbaycana gətirilən testlər üçün nümunələr virusa yoluxan şəxslərlə ünsiyyətdə olanlar və həmin bölgədən qayıdanlardan götürülür: “Bunu ancaq tibb işçiləri edə bilərlər. Götürülən nümunələrin cavabı təxminən iki günə məlum olur. 1 saylı Kliniki Tibbi Mərkəzdə həkim nəzarətində olan şəxslərdən götürülən nümunələr həmin testlər vasitəsilə yoxlanılıb və nəticələr mənfi çıxıb", - deyə C. İsayev bildirib.
Azərbaycanda olmasa da, bu virus qonşu ölkələrə qədər gəlib çatıb. Belə ki, koronavirus təhlükəsi ilə əlaqədar Rusiyanın Çinlə sərhəddəki iki rayonunda fövqəladə vəziyyət rejimi elan edilib. “RİA Novosti”nin verdiyi məlumata görə, Xasan və Oktyabr rayonlarında fövqəladə vəziyyət elan olunub. Rusiya baş nazirinin müavini Tatyana Qolikova jurnalistlərə bildirib ki, koronavirusa yoluxmuş iki xəstə aşkar edilib. Onun sözlərinə görə, koronavirus faktlarından biri Zabaykalyedə, digəri isə Tümen bölgəsində təsbit edilib. Qolikova eyni zamanda Çinin iki şəhərindən rusiyalıların təxliyəsinin başladığını açıqlayıb. İlkin məlumatlara görə, Uhan şəhərində 300, Hubey şəhərində isə 341 rusiyalı var.

Ümumilikdə indiyədək koronavirusa yoluxma faktları Çindən başqa, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrdə qeydə alınıb. Fevralın 2-də İranın İsfahan vilayətində koronavirusa yoluxmaqda şübhəli bilinən bir nəfər nəzarətə götürülüb. Bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İsfahan hava limanında çalışan şəxs xəstəxanaya yerləşdirilib. Müayinələrdən sonra onun koronavirusa yoluxub-yoluxmadığı bəlli olacaq.
Onu da bildirək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi koronavirusun yayılması ilə əlaqədar bəyanat verib. Səfirliyin facebook səhifəsində yerləşdirilən bəyanatda qeyd olunur ki, ABŞ prezidentinin rəsmi müraciətinə əsasən, ABŞ vətəndaşı olmayan və ya ölkə ərazisində daimi yaşayış hüququ olmayan şəxslərə Honq Konq və Makao istisna olmaqla, Çin ərazisində olduqdan sonra 14 gün ərzində ABŞ ərazisinə daxil olması qadağan edilir.
“Əgər siz Çində yaşayırsınızsa, bu yaxınlarda Çində olmusunuzsa və ya ABŞ-a səfər ərəfəsində Çinə getməyi planlaşdırırsınızsa, viza alınması üçün müsahibəni Çinə səfərdən 14 gün sonraya saxlamağınızı tövsiyə edirik”, - deyə bəyanatda bildirilir.
Məlumat üçün bildirək ki, koronavirus üçün xüsusi bir müalicə yoxdur. Bu virusa yoluxma insandan-insana keçdiyi üçün xəstəliyə yoluxan insandan uzaq durmaq, çöldən gəldikdə əlləri sabunla yumaq, spirtdən istifadə etmək tövsiyə edilir...
