|
Çində olan Özbəkistan vətəndaşları vətənə qaytarılır

Çində olan Özbəkistan vətəndaşları fevralın 4-5-də Pekin-Daşkənd çarter reysi ilə ölkəyə gətiriləcək.

AZƏRTAC Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bura Uxanda və digər şəhərlərdə təhsil alan tələbələr və orada çalışan Özbəkistan vətəndaşları daxildir. Bildirilib ki, dəqiqləşdirilmiş məlumata görə, yalnız Uxanda 81 Özbəkistan vətəndaşı var ki, onların da təxminən yarısı tələbə, digər yarısı orada çalışanlardır.

Yeni koronavirus təhlükəsi ilə əlaqədar fevralın 1-dən Özbəkistandan Çinə olan təyyarə reysləri dayandırılıb.

Çin tərəfinin yaydığı son məlumata görə, ölkədə bu virusa yoluxanların sayı 17 min 245-ə nəfərə, ölənləri sayı isə 361-ə çatıb.