“Avropa Şurasının müəyyən hissəsi Azərbaycanın uğurlarını, az qala, quduzcasına qarşılayır...”
Yanvarın 30-da Avropa Şurası Parlament Assambleyası (AŞ PA) “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməni qəbul edib. Qətnamə layihəsi Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hesabatı əsasında hazırlanıb.
Müzakirələr zamanı deputatların əksəriyyəti hesabatı dəstəkləyib. Qətnamə, 28 əleyhinə olmaqla, 82 səs çoxluğu ilə qəbul edilib. Bu barədə “Turan”ın xüsusi müxbiri Strasburqdan məlumat verib. Əsasən fransalı millət vəkili Bernard Furnye Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını icra etmədiyini qeyd edib. Furnye cəza və məhkəmə-hüquq sistemində islahatlarla bağlı Azərbaycan prezidentinin fərmanlarını yüksək qiymətləndirib.
Ancaq o bu tədbirləri yetərli saymayıb. Furnyenin fikrincə, icra hakimiyyətinin Hüquq-Məhkəmə Şurasının işinə müdaxiləsi yolverilməzdir ki, bu da hakimlərin müstəqilliyini pozur.
Öz növbəsində Azərbaycan nümayəndə heyətinin üzvləri hesabatın müddəaları ilə qəti şəkildə razılaşmayıblar. Milli Məclisin üzvü Sahibə Qafarova məruzədə cinayət əməllərinə görə mühakimə olunan dini radikalların siyasi məhbus kimi təqdim edilməsinin düzgün olmadığını deyib. Azərbaycandan olan digər deputatlar da tənqidi qəbul etməyərək Azərbaycanın AŞ ilə əməkdaşlığa sadiq olduğunu bildiriblər. Eyni zamanda demokratiya quruculuğunda obyektiv çətinliklərin və keçmişin “ağır irsi”ni qeyd ediblər.
Rusiya, Türkiyə və bir sıra digər ölkələrin bəzi deputatları Azərbaycan nümayəndə heyətini dəstəkləyiblər. Avropa Şurasının bəzi üzvləri açıq-aşkar Azərbaycanda xaos və qarışıqlıq yaratmağa çalışır.
Belə bəyanatla virtualaz.org və haqqin.az saytlarına açıqlamasında Strasburqdan AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib.
“Bu adamlar qarşılarına məqsəd qoyublar ki, nə yolla olursa, olsun, ölkəmizdəki stabilliyi pozmaq lazımdır. Azərbaycana dair bugünkü dinləmələr onu göstərdi ki, bu beynəlxalq təşkilat hansı dərin böhranla üzləşib. Bir neçə ay əvvəl Azərbaycan Avropa Şurası ilə konstruktiv dialoqa can atdı, əl uzatdı. Bəs onlar bizə necə cavab verirlər? Avropa Şurasının müəyyən hissəsi Azərbaycanın uğurlarını, az qala, quduzcasına qarşılayırlar, bizim uğurlarımızı gözdən salmaq, aşağılamaq üçün ölkəmizlə bağlı müxtəlif şeylər uydururlar”, - Səməd Seyidov deyib.

Onun sözlərinə görə, məsələ absurda qədər çatıb. Azərbaycan üzrə məruzəçi Stefan Şennax Azərbaycanda hər ölüm faktının araşdırılmalı olduğu barədə düzəlişi təqdim edib. “Düzdür, görəndə ki, bu təklif gülüş doğurub, Şennax onu geri çəkib. Görün, bir vaxtlar nüfuz sahibi olan təşkilatda hansı sərsəm iddialar ortaya atırlar. Bunun məqsədi odur ki, təzyiqlər yolu ilə Azərbaycanı Strasburqdan idarə etsinlər. Lakin onlarda alınmayacaq. Ötən illərdə olduğu kimi biz bu qeyri-konstruktiv qüvvələrə öz cavabımızı verəcəyik. Hər halda aydın deyil, bizə qarşı bu qəzəb haradandır? Bəlkə elementar paxıllıqdır? Axı Azərbaycan stabil inkişaf edir, belə bir vaxtda hər yan od tutub yanır, iqtisadiyyatlar çökür. Bununla belə, biz bu təşkilatla əməkdaşlığı hələ davam etdiririk, amma onu deyirik ki, səbirimizin sonu var. Heç kimə bizə öz şərtlərini diktə etməyə imkan vermərik”,-deyə S.Seyidov bildirib.
Ekspertlər 9 fevralda ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi belə bir qətnaməmin qəbul edilməsini təsadüfi saymırlar. Onlar hesab edirlər ki, bu, birbaşa Azərbaycana qarşı önəmli bir prosesin getdiyi ərəfədə təzyiq xarakteri daşıyır.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu: “Bu, ilk dəfə deyil. İndiyə qədər belə qətnamələrin qəbulunun çox şahidi olmuşuq. Bu, Azərbaycan dövlətinə birbaşa təsir etməkdir, hakimiyyətə yox. Biz bilirdik ki, yanvar ayında Azərbaycanla bağlı məsələ AŞ PA-da qaldırılacaq. Neçə dəfə hökumətə dedik ki, əfv sərəncamını 9 fevraldakı növbədənkənar parlament seçkilərindən əvvələ salın. Azərbaycandan AŞ PA-ya göndərilən siyasi məhbuslar siyahısı da düzgün hazırlanmır. Məsələn, bizim siyahıda 30 məhbusun adı var. O biri hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 118-dir. Yaxın günlərdə Avropa İttifaqından Azərbaycana komissiya gələcək. Bizləri çağırıblar ki, siz hansı əsaslarla 30, digərləri 118 nəfərlik siyasi məhbus siyahısı verirlər. Səbəbləri hazırlamışıq. Əgər Azərbaycan hökuməti bizim siyahıda olanları azad etsəydi, qətnamə qəbul olunmazdı. Hökumət başa düşməli idi ki, seçkidən öncə əfv sərəncamının verilməsi çox vacibdir. Biz çox istəyirik ki, siyasi məhbuslar azad olunsun. Amma xaricdə istəyirlər ki, Azərbaycan hökumətinə deyil, dövlətinə ləkə yaxsınlar. Demirlər ki, Azərbaycan hakimiyyəti, deyirlər ki, Azərbaycan dövləti. Guya bu qətnaməni qəbul etməklə siyasi məhbusların azadlığına nail olacaqlar. Hər kəsə bəllidir ki, belə qətnamələr o məhbusların həbsxanada qalmalarına daha çox səbəb olur. Onların həbsxanada olan həqiqi siyasi məhbuslara yazıqları gəlmir”.
Hüquq müdafiəçisi bu qətnamənin Azərbaycanla Avropa Şurası arasındakı münasibətlərə zərbə vurmayacağını düşünür: “Avropa İttifaqı Azərbaycanla müqavilə imzalamağa hazırlaşır. Sadəcə, bu yollarla bizə təzyiq etmək istəyirlər. Buna şərait yaratmamalıyıq. İstəmirəm ki, dövlətimizə bu cür ləkələr gəlsin. Hökumət də bunu bilməlidir. Eyni zamanda hüquq müdafiəçiləri də bunu nəzərə almalıdırlar. Fikirlərimin sonunda bir lətifə danışacam. Birinin evinə qonaq gəlir. Qonaq əsnəyəndə evin kişisinin arvadı da əsnəyir. Arvadın əri düşünür ki, arvadı ilə qonağın arasında nəsə əlaqə var. Aparıb arvadının samanlıqda başını kəsir. Sonra gəlib qonağın qabağında oturur. İndi də qonaq əsnəyəndə kişi əsnəməyə başlayır. Deyir ki, əsnəmək əsnəməyə gətirib çıxarır, yazıq olan samanlıqdakına oldu. İndi hökumət də, hüquq müdafiəçiləri də etdiklərini etdilər, yazıq olan həbsdəkilərə oldu. Qətnamə nə hökumətin, nə də hüquq müdafiəçilərinin vecinədir. Belə vəziyyətdə həmin siyasilərin tezliklə azad olunmasına nail olmaq mümkün deyil”.
