Qətl törətməkdə ittiham edilən şəxsə hökm oxunub. O, hadisədən 2 il sonra Gürcüstanda saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə suçlanan 1986-cı il təvəllüdlü Ramin Həsənovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Ramin Həsənov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Ramin Həsənov 2017-ci ildə 1973-cü il təvəllüdlü Müşfiq Əliyevin qətlə yetirilməsində suçlanaraq həbs edilib.
Xatırladaq ki, 44 yaşlı Müşfiq Əliyev Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanında yerləşən yarımtikilidə qətlə yetirilib. Onun baş nahiyəsində çoxsaylı zərvələr endirilib.
Qətlin törədilməsinə görə Elman Məhərrəmov da həbs edilib. Elman Məhərrəmov 18 il azadlıqdan məhrum edilib. İstintaq orqanı müəyyən edib ki, Müşfiq Əliyevin qətlində Ramin Həsənov da iştirak edib.
Ramin Həsənov barəsində axtarış elan edilib. O, hadisədən iki il sonra 2019-cu ilin iyun ayında Gürcüstanda saxlanılaraq Azərbaycana təhvil verilib.
Ramin Həsənov elan olunmuş ittihamla özünü günahkar bilmir. O deyir ki, ölən Müşfiq Əliyevlə dost olub:
"Əgər mən o davada iştirak etsəydim, öz dostum olan Müşfiqə kömək edərdim. Mənim bu hadisədən xəbərim yoxdur. Ədalətli qərar çıxarılmalıdır".
Qeyd edək ki, ittihama görə, işdə adı keçən 3 nəfər birlikdə içki məclisi təşkil ediblər. Daha sonra onlar arasında mübahisə yaranıb. Ramin və Elman birləşərək Müşfiq Əliyevi döyərək qətlə yetiriblər.
Ramin Həsənov və Elman Məhərrəmova qarşı Cinayət Məcəlləsinin bir qrup şəxs halında qəsdən adam öldürmə və xüsusi amansızlıqla qəsdən adam öldürmə maddələri ilə ittiham elan edilib.
