Külli miqdarda narkotik əldə etməkdə və satmaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satmaqda ittiham edilən 1980-ci il təvəllüdlü Bahadur Axundovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.
Prokuror törətdiyi əmələ görə Bahadur Axundovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bahadur Axundovun vəkili müdafiə çıxışında bildirib ki, prokurorun istədiyi cəza ilə qətiyyən razı deyil.
Vəkil qeyd edib ki, Bahadur Axundov narkotik vasitə istifadəçisi olub, amma satış məqsədi ilə külli miqdarda narkotik əldə etməyib:
"Bahadur hadisə günü oğurluğa görə saxlanılıb. O, mağazadan araq, siqaret oğurlamaqda ittiham edilib. Onun mənzilində axtarış aparılıb. Bahaduru bölməyə aparanda mağaza sahibi məhəllə sakini olduğu üçün onu bağışlayıb. Sonra da Bahadura narkotik ittihamı veriblər. Guya bölmədə onun cibindən narkotik çıxıb. Bu sadəcə qanunsuz və əsassızdır. Bahadurun narkotik satması, əldə etməsini sübut edən heç nə yoxdur. Bir dənə də olsun mötəbər sübut yoxdur. Sadəcə polis əməkdaşlarının və şahidlərin ifadələri ilə bu ittiham irəli sürülüb. Avropa Məhkəməsinin də bu cür işlərlə bağlı qərarı və mövqeyi var. Bildirilir ki, bu cür ağır ittihamı əməliyyatı keçirdiyini deyən polis əməkdaşlarının ifadələri ilə sübut etmək olmaz.
Bahadurun anası da məhkəmədə bildirdi ki, oğlu narkotik istifadəçisi olub. Hətta sonuncu dəfə evdə olan qab-qacağı sataraq özünə narkotik alıb. Belə bir adamda 500 qram narkotik nə gəzirdi? Özünün narkotikə ehtiyacı olduğu halda 500 qramı satmaq üçün hardan tapa bilərdi?".
Vəkil müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edib.
Bahadur Axundov son sözündə vəkili ilə razı olduğunu, özünü təqsirli bilmədiyini deyib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Bahadur Həsənov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bahadur Axundov ilk dəfədir məhkumluq həyatı yaşayır. O, uzun illər Moskvada yaşadığını və orada qeyri-rəsmi münasibətdə olduğu xanımdan iki azyaşlı övladının olduğunu deyib.
Axundov Moskvada məşhur restoranlarda aşbaz işlədiyini, bir müddət əvvəl isə Bakıya qayıtdığını söyləyib.
O, Bakıdakı məşhur "ISR plaza"da da baş aşbaz işlədiyini deyib.
B.Axundov Cinayət Məcəlləsinin 234.4.3-cü (satışa məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə ittiham edilərək həbs edilib.
