|
2 nəvəsini boğub öldürən nənənin sirli intiharı

Nizami rayonu, Rüstəmov küçəsi, 74 saylı evin 2-ci mərtəbəsində yerləşən 59-cu mənzildə baş vermiş olay dəhşət saçır.  Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı rəsmi məlumata görə, yanvarın 29-da saat 18 radələrində həmin ünvanda 6 yaşlı Alsu Pikulo və 2 yaşlı Marat Pikulonun üzərində zorakılıq əlamətləri olan meyitləri, nənələri 1963-cü il təvəllüdlü Nina Allahverdiyevanın isə asılmış vəziyyətdə meyiti aşkar olunub.  Prokurorluq, polis və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspert briqadasının iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib .

Hadisə yerinə baxış zamanı mənzildə olan əşyaların yerbəyer olmaqla tamlıqlarının pozulmaması və mənzilin giriş qapısının içəri tərəfdən kilidli olması müəyyən edilib, eyni zamanda meyitlərə baxış zamanı boğulmağa xarakterik izlərdən başqa digər xəsarət və ya xəsarət izləri aşkar olunmayıb. İlkin istintaq fərziyyələri ilə Nina Allahverdiyevanın əvvəlcə nəvələrini kəndirlə boğaz nahiyələrindən boğmaqla öldürməsinə, daha sonra isə özünü kəndirlə asaraq intihar etməsinə əsaslı şübhələr yaranıb. 57 yaşlı qadının 2 nəvəsini boğmaqla, özünü isə asmaqla öldürməsi versiyası araşdırılmaqda ikən hadisənin bəzi təfərrüatları haqda məlumatlar almışıq. Belə aydın olur ki, Nina Allahverdiyeva uzun illərdir ki, qızı Lilii Pikulonun ailəsi ilə birgə yaşayıb. Nina Allahverdiyeva gününü əsasən nəvələri ilə keçirib. Lilii Pikulo olaydan sonra hüquq-mühafizə orqanları əməkdaşlarına deyib ki, işdə olan vaxt evdə hər şeyin qaydasında olduğunu öyrənmək məqsədi ilə anasına zəng edib. Bir neçə uğursuz cəhddən sonra narahat olan qadın evinə yollanıb və dəhşətli mənzərə ilə qarşılaşıb. Anası özünü mənzilin qapısından asıb. Səliqə ilə geyindirilmiş uşaqların meyitləri isə uşaq çarpayısının yanına uzadılıb. Qonşular L.Pikulonun ailəsini müsbət xarakterizə ediblər. N.Allahverdiyevanın isə sakit və adekvat qadın olduğunu, nəvələrini çox istədiyini qeyd ediblər.  Güman edilir ki, cinayətin törədilməsinə səbəb N.Allahverdiyevanın psixi pozğunluğunun olmasıdır. Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

“Qafqazinfo”nun əməkdaşları  hadisə baş verən ərazidə olublar. Məlum olub ki, həyətdə hər hansı mağar və ya məclis qurulmayıb. Bu faciəvi hadisənin yas məclisinin xərclərini rayonun başçısı Arif Qasımovun tapşırığı ilə icra hakimiyyəti öz üzərinə götürüb. Hazırda meyitlər morqda olduğu üçün uşaqların atası Vadim də oradadır. Onunla razılaşdırıldıqdan sonra ya binanın həyətində mağar qurulacaq, ya da ərazidəki mərasim evlərinin birində yas məclisi təşkil olunacaq.

Vadim səhər saat 11-də uşaqları evdə nənəsi ilə qoyaraq işə gedib və axşamüstü saat 17 radələrində evə gəlib. Lakin qapının bağlı olduğunu və nənənin qapını açmadığını görərək açar yerini sındıraraq içəri daxil olub. Hazırda da qapı həmin vəziyyətdə qalır. Uşaqların anası, 35 yaşlı Allahverdiyeva-Pikulo Liliya Tofiq qızı isə həmin vaxt orada olmayıb.

Liliya həyat yoldaşı Vadimlə 2012-ci ildə ailə həyatı qurub. Qonşularla söhbətdə o da məlum olub ki, ailə 6-7 ay öncə binadan ev alaraq təmir etdirib və bura köçüb.

Nənə Nina hər gün uşaqları həyətə düşürüb gəzdirirmiş. Ümumilikdə, ailə üzvləri mədəni və sakit insanlar olublar. Onlar nənənin hərəkətlərində hər hansı əsəbilik, psixoloji problem hiss etməyiblər. O, həftəsonları Sumqayıtdakı digər övladının yanına gedib orada qalırmış. Həftəiçi isə valideynlər işə getdiyi üçün gəlib qızı Liliyanın uşaqlarına baxırmış. Ailə bundan öncə də Sumqayıtda yaşayıb. Rus əsilli nənə Nina Allahverdiyevanın əri Tofiq azərbaycanlı olub.

Qonşular isə hələ də nənənin belə bir hadisəni törədəcəyinə inanmadıqlarını, bu işdə üçüncü bir şəxs tərəfindən cinayət əməlinin ola biləcəyini ehtimal edirlər.

Pikulo ailəsi binanın 2-ci mərtəbəsində yaşayıb, onların mənzilinin üstündəki evin pəncərəsində blokun girişini çəkən kamera quraşdırılıb. Bütün bunları isə istintaq araşdırıb fərziyyə və şübhələrə son qoyacaq nəticəni ictimaiyyətə açıqlayacaq.