Afrika səfərindən qayıdarkən jurnalistlərə açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İdlib məsələsində rəsmi Moskvanın Astana və Soçidə götürdüyü öhdəliklərə sadiq olmadığını açıqlayıb.
Avropa.info xəbər verir ki, Ərdoğan “Bu müqavilələrə Rusiyanın sadiq qalması halında, biz də eyni sədaqətlə yola davam edərik. Hazırda təəssüf ki, Rusiya Astanaya da, Soçiyə də sadiq deyil”-deyib.
“2018-ci ildə İdlibin atəşkəs bölgəsi kimi elanından sonra gərginlik azalacaq kimi görünmür. Son zamanlarda hücumlar da artdı. Görünən odur ki, Türkiyəyə təzyiq göstərərək, köç dalğasını planlayırlar.
Rusiya ilə həm Soçi, həm də Astanada bəzi görüşlər oldu, müqavilələr imzalandı. Bu müqavilələrə Rusiyanın sadiq qalması halında biz də eyni sədaqətlə yola davam edərik. Hazırda təəssüf ki, Rusiya Astanaya da, Soçiyə də sadiq deyil. Dostlarımız həmkarları ilə danışıqlar aparırlar. Bu danışıqlarda ruslara “İdlibdə bu bombardmanları dayandırdız dayandırdız, dayandırmadığınız təqdirdə bizim artıq səbrimiz tükənir” deyirik. Ən son Hələbdən bizim tərəfə atışları var. Biz bunlara bir yerə qədər səbir edərik, səbir etdik, amma ondan sonra da biz göbəyimizi özümüz kəsərik. Bu məsələdə Rusiya razılaşmalara sadiqdirsə, mövqeyini bəlli edəcək. Ya Suriya, ya da Türkiyə ilə bağlı prosesi fərqli aparacaq. Bunun başqa yolu yoxdur. Biz bir şeyləri qapmaq niyyətinə deyilik. Biz bir şeyləri almanın, torpaq qapmağın dalınca getmirik. Biz oradakı məzlum insanları xilas etməyin mübarizəsini aparırıq.
Rusiya İdlibdəki bu insanlara “terrorçu” deyir. Kimdir terrorçu? Öz torpağını müdafiə edənlər terrorçudur? Bunlar üsyançıdır. Hazırda bunlardan soruşsan Türkiyədəki 4 milyon suriyalı da terrorçudur. Bunlar haradan qaçdı gəldi? Əsədin zülmündən qaçdı gəldi. Hazırda bu insanlar bizə sığınıblar.
Bu qışın soyuğunda onlar çadırlarda qala bilməzlər. Bunlara briket sığınacaqlar tikək dedik. Mən bunları cənab Putinə də dedim. Bu insanlar hazırda çadırlarda nə vaxtadək qalacaq? Bunun üçün Əsədə deyilməsi lazım olanı deyirik, bu insanları biz yüksək komfortlu şəkildə yerləşdirə bilərik. Onun üçün də biz bu işi yarıda kəsmərik, eyni qətiyyətlə sahib çıxmağa davam edərik.
Zaman keçdikcə görəcəyik, amma dostlarımız şəxsi görüşləri aparacaqlar. Arzumuz bir an əvvəl Rusiyanın dost kimi gördüyü rejimə lazımi xəbərdarlığı etməsidir"- deyə Ərdoğan qeyd edib.
Türkiyə prezidentinin bu açıqlamalarının ardından bəzi müzakirələr açılıb ki, onlardan biri də bundan sonra Türkiyə-Rusiya münasibətlərinin necə davam edəcəyi barədədir. Bir sıra ekspertlər hesab edirlər ki, son illərdə dostlaşan bu dövlətlər arasında yenidən narazılıqlar baş qaldıra bilər.

Elxan Şahinoğlu: “Türkiyə dişlərini göstərəcək”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu atəşkəsə bundan sonra da əməl olunmayacağını düşünür: “Rusiya prezidenti Vladimir Putin bundan bir neçə həftə öncə Türkiyədə səfərdə oldu, İstanbulda Ərdoğanla görüşdü. Türk axınının açılışı oldu. Orada iki razılaşma əldə olundu. Biri Tripolidə, digəri də İdlibdə atəşkəsə əməl olunması ilə bağlı idi. Hər ikisi yerinə yetirilmədi. Müxalif general Haftar Tripola hücumları davam etdirir. Rusiyanın orada Vaqner adında muzdlu qruplaşması var. Üstəlik, İdlib ətrafında da Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. İdlibə hücumlar davam edir. Ona görə də Türkiyə prezidenti haqlı olaraq, öz narazılığını ortaya qoyur, Rusiyaya xəbərdarlıq edir. Rusiyanın vecinə də deyil ki, İdlibin bombalanması nəticəsində yüz minlərlə insan Türkiyə sərhədlərinə yığışıb, insanlar həyatlarını itirirlər. Türkiyə bundan çox narazıdır. Ərdoğan deyir ki, səbrimiz daşsa, addımlar atacağıq. Bu addımların nələrdən ibarət olacağı bir qədər suallar doğurur. Aydındır ki, Türkiyə birbaşa Rusiya ilə münaqişəyə girməyəcək. Bir dəfə Rusiyanın təyyarəsi vuruldu, münasibətlər kəskinləşdi. Nəticədə bunun bölgəyə ciddi təsirləri oldu. Sonradan iki dövlət barışma yolunu seçdi. Bu baxımdan birbaşa toqquşmalara gedilməyəcəyi aydındır. Amma Türkiyə dişlərini göstərəcək. Çünki Ərdoğan öz ictimaiyyətinə də göstərməlidir ki, İdlibin bombalanmasına səssiz deyil, insan faciəsinə seyrçi qalmır. Yəqin ki, yenidən Moskva ilə danışıqlar aparılacaq. Rusiya vaxtı uzatmaqla məşğuldur. Sadəcə, atəşkəs vədləri verir, lakin yerinə yetirmir. Çünki Rusiyanın həyati maraqları elədir ki, istəyir Suriya rejimi ölkənin tamamına nəzarət etsin, İdlibi də ələ keçirsin. Ona görə də bundan sonra atəşkəsə əməl olunmayacağını düşünürəm. Açığı, inanmıram ki, Türkiyə İdlibə hücumların qarşısını alacaq”.

Əziz Əlibəyli: “Türkiyə Suriyanı vurmalı olacaq”
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli Rusiya-Türkiyə münasibətlərinin korlanmayacağını qeyd etdi: “Rusiya Türkiyəni ABŞ-dan ayrı salmağa cəhd etsə də, buna qismən nail olsa da, yekunda Türkiyə bir NATO dövlətidir və NATO-dan ögey münasibət görməyə davam edir. Elə bu şəraitdə Türkiyə-Rusiya münasibətləri yaxşılaşdı və hərbi müttəfiqliyə qədər irəlilədi. Amma bu iki ölkə arasında bir-birinə inam, güvən yoxdur. Çünki hər iki prezident siyasətçidir, milli maraqlar tələb etsə, digərini rahatca kəsib ata bilər. Suriya məsələsində ani bir zolaqda Türkiyənin mənafeyini qəbul etsə də, əvəzində Türkiyəni qaçqın yükü ilə yüklədi və ağır vəziyyətə saldı, üstəgəl, hazırda davam edən İdlib bombardmanı... Ərdoğanın bəyanatından sonra kəskinləşmə olmayacaq. Hazırda Rusiya da münasibətləri pozmaq istəməz, amma özü yaxşı görünüb, Suriyanın əli ilə bu prosesi davam etdirsə ki-daha çox bu realdır- o zaman həqiqətən də Türkiyə Suriyanı vurmalı olacaq. Rusiya Türkiyə arasında kəskin heç nə baş verə bilməz. Bir-birinə məcburiyyətdən müttəfiqdirlər və nə qədər ki, hər ikisi ABŞ-ın basqısı altındadır, bu, davam edəcək. Perspektivdə də iki ölkənin münasibətlərinin pozulması görünmür. Amma Rusiyanın zorladığı sınır oyuncaq Suriya rejiminin daha çox torpaq əldə etməsinə bağlıdır”.
