Qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Sahil Qurbanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib.
İttihama görə, Sahil Qurbanov "Petrol 100" yanacaq doldurma məntəqəsində işləyən zaman iş yoldaşı Pərviz Pərvizzadəni kəllə ilə vurub.
Nəticədə Pərviz yerə yıxılan zaman başı yerə dəyib və ağır xəsarət alıb.
Hadisəyə səbəb tərəflər arasında yaranan mübahisə olub. Belə ki, müştəri çox olan zaman Sahil Qurbanov Pərvizdən ona kömək etməsini istəyib. Pərviz isə Sahilin bu istəyinə kobud cavab verib. Mübahisə zamanı Sahil Pərvizə başla zərbə endirib. Yerə yıxılan Pərviz başının asfalta dəyməsi nəticəsində xəsarət alıb.

Sahil Quliyevə qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurça) maddəsi ilə ittiham irəli sürülüb.
Elan olunmuş ittihamla Sahil özünü təqsirli bilməyib. İki uşaq atası olan Sahil deyib ki, başı istəmədən Pərvizə dəyib.
Pərviz məhkəmədə iştirak edən zaman şikayətini geri götürdüyünü və Sahili bağışladığını deyib. Bildirib ki, Sahili törətdiyi əmələ görə Allaha həvalə edir.
Məhkəmədə şahid qismində Nazim Həsənov ifadə verib. O, yanacaqdoldurma məntəqəsində rəis işlədiyini deyib. Bildirib ki, hadisə günü növbədə olan rəislərdən biri ona zəng edərək işçilərin dava etdiyini deyib.
"Mən də dedim ki, özümüz həll edək. Polis, məhkəmə olmadan işi yoluna qoyaq. Uşaqlar dedi ki, Pərvizin vəziyyəti yaxşı deyil, burnundan su gəlir. Mən dedim ki, onda təcili yardım çağırın. İlk dəfə idi ki, işçilər arasında belə hadisə baş verirdi"- deyə şahid bildirib.
Məhkəmə araşdırması davam etdirilir.
Qeyd edək ki, Sahil Qurbanovu elan olunmuş ittihamla 3 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
