Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində exit-poll keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi müddəti bu gün başa çatır. Azərbaycan Respublikasında parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bu barədə qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 10 gün qalanadək, yəni 2020-ci il yanvarın 30-dək qəbul edilməlidir.
Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün də müraciətlər üçün son müddət yanvarın 30-da başa çatır. Seçki Məcəlləsinin 1.1.19, 1.1.20, 40.4 - 40.6, 44 maddələrinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməlidirlər.
Milli Məclisə seçkilərlə bağlı bu müddət 2020-ci il yanvarın 30-dək olan dövrü əhatə edir.
Eyni zamanda səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə almaqdan ötrü aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) 2020-ci il yanvarın 30-dək Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir.
Müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparmaq üçün isə vətəndaşlar ərizələrini müvafiq dairə seçki komissiyasına 2020-ci il fevralın 4-dək təqdim etməlidirlər.
Yanvarın 30-da, həmçinin seçki bülletenlərinin hazırlanması müddəti də başa çatır.
Mərkəzi Seçki Komissiyasının yanvarın 29-da keçirilən iclasında isə Milli Məclisə seçkilərdə exit poll keçirmək niyyətində olan təşkilatların müraciətinə baxılıb.
Secki-2020.az saytının xəbərinə görə, iclasda qeyd olunub ki, Rəy Monitorinq Mərkəzi exit poll keçirmək üçün MSK-ya müraciət edib. Həmin təşkilatın Milli Məclisə seçkilərdə exit poll keçirmək üçün qeydə alınması ilə bağlı qərar qəbul edilib.
MSK sədrinin müavini Rövsət Qasımov məlumat verib ki, təşkilat 118 dairə üzrə 1080 məntəqədə exit-poll keçirəcək: “Təşkilat regionlarda 10 dayaq mərkəzi müəyyənləşdirib. 1080 müsahibəçi prosesə cəlb edilib. Onlar ehtiyatda 50 müşahidəçinin olması ilə bağlı da məlumat veriblər. Supervayzerlər də kifayət qədər məlumatlıdır. Ümumilikdə 1500 əməkdaş bu layihənin həyata keçirilməsində iştirak edəcək”.
Daha sonra iclasda “İnsan Hüquqları XXI əsr - Azərbaycan” Fondunun Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə exit-poll keçirmək üçün MSK-ya etdiyi müraciətə də baxılıb. Müraciət səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, bundan əvvəl Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası “AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə exit poll keçirəcək qurum kimi qeydə alınmışdı.
Bununla da exit-poll keçirəcək subyektlərin sayı 3-ə çatıb.
Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib ki, indiyə kimi keçirilən exit-pollarla rəsmi nəticələr arasında xəta marjası çox böyük olmayıb.
Qasımov deyib ki, Azərbaycanda uzun illərdir seçkilərdə təşkilatlar exit-poll keçirir. Sevindirici haldır ki, bu illər ərzində seçkinin son nəticələri ilə exit-poll nəticələri arasında elə böyük fərq olmur.
MSK iclasında məlumat verilib ki, Azərbaycanda 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün hazırda 1345 deputatlığa namizəd mübarizə aparır.
