Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasi çərçivəsində yanvarın 30-da Azərbaycanla bağlı bir məsələ müzakirəyə çıxarılacaq. Bu, islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hazırladığı Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə layihəsidir.
V çağırış Milli Məclisin deputatı, politoloq Elman Nəsirov mövzu ilə bağlı sərt danışdı: “Məsələ ondadır ki, dünyada heç nə təsadüfən baş vermir. İndiki şəraitdə yenidən Azərbaycanda insan haqları ilə bağlı məsələnin AŞ PA qış sessiyasında xüsusi bir müzakirə predmetinə çevrilməsi də təsadüfi deyil. Bu, ilk növbədə onunla bağlıdır ki, ölkəmiz çox mühüm bir kampaniya ərəfəsindədir. 9 fevralda ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Ölkəmizdə siyasi fəallıq çox yüksək səviyyədədir. Azərbaycan əleyhinə müəyyən kampaniyalar həyata keçirən siyasi dairələr vaxtı daim diqqətdə saxlayırlar. Məhz belə məqamda, özü də seçkiöncəsi vəziyyətdə, ölkədə siyasi fəallıq yaşandığı, Azərbaycana diqqətin artdığı bir vaxtda ölkəmizə qarşı müxtəlif yollarla təzyiqlər etməyə çalışırlar. Bu ilk dəfə deyil. Bundan əvvəlki parlament seçkilərində, prezident seçkilərində də analoji yanaşmaların, təzyiq üsullarının şahidi olmuşuq. İndi də bu qəbildən olan bir hadisə ilə üzləşmişik. Bütün bunlar bir məqsədə yönəlib ki, Azərbaycanda 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələrinə kölgə salsınlar, ölkəmizin demokratik inkişaf yoluna maneələr yaratsınlar, özlərinin siyasi ambisiyalarını həyata keçirsinlər. Əsas məqsəd budur. Ancaq həmişə olduğu kimi, hesab edirəm ki, bu dəfə də onlar məqsədlərinə çata bilməyəcəklər. Bunun da sadə bir səbəbi var. O da Azərbaycanda siyasi məhbusun olmamasıdır.

Ölkəmizdə hər bir dövlətdə olduğu kimi həbsxanada saxlanılan məhbuslar var. Həmin məhbuslar konkret törətdikləri cinayət əməlinə görə həbs olunublar. Bu və ya digər şəxsləri siyasi məhbus kimi qələmə vermək, həbs olunmuş jurnalistləri siyasi məhbus kimi gündəmə gətirmək Azərbaycana qarşı təzyiq elementlərindən biridir. Heç bir jurnalist, söz adamı, mətbuat nümayəndəsi söylədiyi azad fikrə görə həbs olunmur. Onlar konkret cinayət törədirlər, cinayət əməlinə imza atırlar. Bununla da öz cəzalarını alırlar. Cinayət yolunu seçmiş insanların özləri də bilirlər ki, bu yol həbsxanaya aparır. Etdikləri əməllərdə cinayət tərkibi olduğunu bilməmiş də deyillər. Bilərəkdən, məqsədyönlü şəkildə siyasi bəyanatlar verməyə, hakimiyyətlə bağlı mübahisəli mülahizələr irəli sürməyə, tənqid, bir çox hallarda təhqir yolunu seçməyə başlayırlar. Sonradan tənqid etdiyinə görə deyil, konkret cinayət əməlinə görə həbs edildikdə siyasi mövqedən çıxış etmək yolunu seçirlər ki, siyasi məhbus adlandırılsınlar, ictimai rəyi çaşdırsınlar. İnanın ki, bu belədir. Bu gün Azərbaycanda elə mətbuat nümayəndələri var ki, mənimlə bağlı olmayan şayiələr, iftiralar yayırlar. Bununla məni ləkələmək, işgüzar nüfuzuma xələl gətirmək istəyirlər. Belə olan vəziyyətdə mən onları məhkəməyə versəm, yüz faiz sübut edərəm ki, bu böhtandır, işgüzar nüfuzuma bu yollarla xələl gətirmək istəyirlər. Bunun qanunvericiliyimizdə hüquqi məsuliyyəti var. Həmin insanlar qanunla cəzalandırıldıqda, deyəcəklər ki, siyasi məhbusdurlar. Siyasi məhbusları bu formada süni şəkildə yaradırlar. Ona görə də, hesab edirəm ki, AŞ PA-nın bu sessiyasında Azərbaycanda insan haqları ilə bağlı məsələnin gündəmə gətirilməsi birbaşa ölkəmizdə qarşıdan gələn parlament seçkiləri ilə bağlıdır. Bütün bunlar Azərbaycana təzyiq göstərmək elementlərini özündə ehtiva edir”.
Deputat yanvarın 30-da müzakirəyə çıxarılacaq qətnamənin qəbul olunub-olunmayacağına da toxundu: “Təkcə AŞ PA-da deyil, Avropa Parlamentində və digər beynəlxalq qurumlarda da zaman-zaman ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv münasibətin şahidi oluruq. Bilirsiniz ki, belə qərəzli mövqeyə görə Azərbaycanla Avropa İttifaqı arasında çox ciddi böhran yaşandı. Hətta Avropa İttifaqı Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin fəaliyyəti belə dayanmışdı. AŞ PA-da dəfələrlə ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv şəkildə hazırlanan qətnamələrin müzakirəsinin şahidi olmuşuq. Düşünürəm ki, bundan uduzan ilk növbədə AŞ PA-dır. Çünki Cənubi Qafqazın həlledici, lider dövləti olan, demokratik inkişaf yolunu seçən, bu sahədə çox ciddi islahatlar aparan, dünyanın ən islahatçı ölkəsi sırasında duran Azərbaycanla belə davranış qəbuledilməzdir. Ölkəmiz bərabərhüquqlu, qarışıqlı, faydalı əməkdaşlıq münasibətləri çərçivəsində əlaqələrini qurur. Bundan kənar Azərbaycanla diktə ilə danışmaq olmaz. Bu məsələlərdə ölkə prezidenti cənab İlham Əliyevin çox qətiyyətli, prinsipial mövqeyi var və bu mövqe birmənalı şəkildə xalq tərəfindən dəstəklənir. Biz müstəqil siyasət həyata keçiririk. Bu siyasət milli maraqlara söykənir. Azərbaycanla təhdid dili ilə danışmaq olmaz. Bu, dövlət başçısının dəyişməz mövqeyidir. Belə qətnamələrin qəbulu haqqında düşünən AŞ PA rəhbərliyi ilk növbədə düşünsün, hər şeyi ölçüb-biçsin. Onun da fərqinə varsın ki, tələm-tələsik müəyyən dairələrin əli ilə Azərbaycan əleyhinə qətnamələr qəbul edib, sonradan özünü çıxılmaz vəziyyətə salır. Rusiya ilə bağlı analoji qətnamə qəbul edib, bu ölkəyə qarşı sanksiyalar tətbiq etmişdilər. Sonradan özləri yalvarıb, Rusiyadan AŞ PA-ya qayıtmasını xahiş etməyə başladılar. Kremlin qapısına minnətçilər göndərdilər ki, geri qayıtsın, AŞ PA-da təmsil olunsun. Bizə qarşı belə təzyiqlər çox yanlış bir siyasətdir. Bu məsələlərdə AŞ PA rəhbərliyi çox diqqətli olmalıdır”.
