|
Həcc ziyarətinin qiyməti hər il artır, gedənlərin sayı azalır

Bu gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb. Məlumata görə, artıq ziyarətə getmək üçün 4 nəfər müraciət edib.

Sənədlərin qəbulu may ayına kimi davam edəcək. Saytlarda məlumat yayılıb ki, bu il ötənilki ilə müqayisədə Həcc ziyarəti üçün nəzərdə tutulan qiymətlərdə artım baş verib. Bildirilir ki, ötən illə müqayisədə qiymətlər 205 dollar artıb. Yayılan məlumatlara görə, Həcc ziyarətinə getmək istəyən şəxslər 4490 dollar ödəməli olacaqlar. Bildirilir ki, bu il zəvvarlar üçün komfortlu hotellər nəzərdə tutulub. Ötən il olduğu kimi, bu il də kvotaların sayı (ötən il 1400) təxminən eynidir. Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova isə Axar.az saytına açıqlamasında yayılan məlumatların qeyri-rəsmi olduğunu bildirib. R. Dadaşova söyləyib ki,  Həcc ziyarətinin qiymətlərinə təsir edən bir çox amil var:  “Ziyarətlə bağlı yayılmış bu xəbərlər rəsmi deyil. Məsələ ilə bağlı rəsmi məlumat növbəti günlərdə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən veriləcək. Ümumilikdə hər il qiymətlərdə dəyişiklik ola bilir. Qiymətlərə təsir edən ən önəmli səbəb isə Səudiyyə Ərəbistanı tərəfi ilə Azərbaycan tərəfinin razılaşmasıdır. Zəvvarların daşınması, onların qalma yerlərinin təminatı, həcc zamanı təhlükəsizliklərinin təmin olunması və s. nüanslar qiymətlərə təsir edir”.

Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayında azalma olduğu haqda məlumatlar var. Bildirilir ki, ölkədə Həcc ziyarətinə getmək istəyənlərin sayı qiymətlər və digər bu kimi faktlara görə aşağı düşüb.

Hacı Şahin Həsənli ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, deyilənlərin əksinə olaraq Həcc ziyarətinə getmək istəyənlərin sayında artım müşahidə edilir:

“Əslində sayla bağlı dəqiq məlumatım yoxdur. Ancaq yadımdadır ki, ötən il Həcc ziyarətinə getmək istəyənlərdən hələ kvota dolduğu üçün qalanları da oldu. Məndən də xahiş edirdilər ki, yer olarsa bildirim. Həcc ziyarəti ildə bir dəfədir. Ümrə ziyarəti isə istənilən vaxt ola bilər. Ancaq ildə bir dəfə həyata keçirilir. Həmin anda hər kəs Məkkədə olmalıdır. Yəni bu, Həcc ziyarətinin vacib hökmüdür. İldən-ilə zəvvarların sayı artır. Bu, yüksələn xətt üzrə gedir və bizdə də eyni qaydada artım müşahidə edilir”.

Bildirək ki, Həcc və Ümrə ziyarətlərinin  hər ikisi müqəddəs Məkkə şəhərindəki Məscidül-həramın şəriətdə nəzərdə tutulmuş şəkildə ziyarətidir. Əsas fərq bundadır ki, həcc yalnız bu əməl üçün təyin olunmuş günlərdə - Qurban bayramı mövsümündə icra olunur. Ümrə ziyarətini isə ilin istənilən vaxtında yerinə yetirmək olar. İlin istənilən günündə Məkkəyə gələn adam Ümrə ziyarətini edə bilər. Həcc ziyarətinə gələnlər də həccə başlamazdan əvvəl Ümrə ziyarətini yerinə yetirir, bundan sonra həcc günlərində həccə başlayırlar.

Son zamanlar cəmiyyətdə “hacı” adından müxtəlif məqsədlərlə istifadə edənlərin, ziyarətdən gəldikdən sonra ətrafındakılardan ona “hacı” deyə müraciət edilməsini istəyənlərin sayında artım müşahidə olunur. Sosial şəbəkələrdə də bu məsələ ciddi şəkildə müzakirə edilir və qınanılır. Bəs dində “hacı” deyə müraciətin olması şərtdirmi?

Bu barədə danışan Hacı Şahin Həsənli söyləyib ki, insanları yaxşı adlarla çağırmaq, dini baxımdan da bəyəniləndir: “Yəni ”hacı" deyildikdə insana onun məsuliyyəti xatırladılmalıdır. İnsan anlamalıdır ki, o, Allah evinin zəvvarı olub və ona uyğun davranmalıdır. Ancaq təəssüf ki, sırf ad-san, şan-şöhrət üçün gedən insanlarla da rastlaşırıq. Bu insanlar əsasən rütbə, hörmət qazanmaq və “Hacı” adının arxasında gizlənmək üçün ziyarətə gedirlər. Təəssüf ki, bu cür hallar mövcuddur. Ancaq mən özüm də qrup rəhbəri olaraq Həcc ziyarətlərində iştirak etmişəm və görümüşəm ki, ayinləri dəqiq icra edən kifayət qədər  səmimi insanlar da var. Lakin hər bir halda peyğəmbərimizdən də hədis var ki, bir zaman gələr, insanlar şan-şöhrət üçün Həcc ziyarətinə gedərlər. Bəli, insanların təəssüf ki, bir qismi Həcc ziyarətini bir imtiyaz kimi dəyərləndirirlər. Nəticədə bir çox hallarda “hacı” adından sui-istifadə  edirlər. Bütövlükdə onlar Allah evinin zəvvarlarını öz davranışları ilə ləkələyirlər. Təəssüf ki, cəmiyyətdə bu cür hallar mövcuddur".

Onu da qeyd edək ki, ötən illərdə də  “hacı” sözünün lağ obyektinə çevrilməsi dindar kəsim tərəfindən qınanılıb. Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi vaxtilə bəyanat da yayıb. Belə ki, QMİ-nin Fətva və moizə şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov bildirib ki, ziyarətə gedən insanlara “hacı” demək könüllüdür: “Müəyyən pillələri keçib müxtəlif adlara layiq görülən insanlar kimi o zamanın ziyarətə gedənləri də bunun üçün əziyyət çəkirdilər. Biri əziyyət çəkir elm öyrənir, professor adını alır, ona deyirlər. Bir insan müəllim, biri alim statusunu alır. Hərbi sahədə əziyyət çəkənlər rütbə alır, general olur və s. Belə adlar ona görə verilir ki, bu insanlar adları almaq üçün əziyyət çəkirlər. Hacı sözü Azərbaycanın rəsmi sənədlərində yazılmır, insanlar arasında hörmət əlaməti olaraq müraciətdə işlədilir. Yalnız Səudiyyə Ərəbistanından bizə kvota veriləndə deyirlər ki, bu qədər sayda hacı gətirə bilərsiniz. Bizdə isə bu müraciət forması şifahi şəkildə işlədilir. Elə insan var ki, həccə getdiyini gizli saxlayır və heç kim də ona hacı demir. Eləsi var ki, onun getdiyini bilirlər və ona o formada müraciət edirlər. İnsanlara hacı deyilib-deyilməməsinə, adının qarşısında yazılıb-yazılmamasına biz hökm verə bilmərik. Həcc ziyarətinə könüllü şəkildə gedilir və müraciət məsələsi də könüllüdür. Hacı şəklində müraciət edilməsi o baxımdan yaxşıdır ki, ətrafda hamı bu insanın Həcc vacibatını artıq yerinə yetirdiyini bilir”.