Çay evində baş verən qətlə görə məhkəmə icıası davam etdirilib. Bu iş üzrə iki nəfər məsuliyyətə cəlb edilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə və xuliqanlıqda təqsirli bilinən Sənan Həsənov və Asim Muxtarovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Təqsirləndirilənlərdən Asim Muxtarov həbsdədir. Sənan Həsənov isə polis nəzarətinə verilib.
Hakim Azər Paşayevin sədrliyi ilə məhkəmə iclasında Asim Muxtarovun vəkili vəsatət verərək "Təhlükəsiz şəhər" kamerasının görüntülərinin çıxarılmasını və məhkəmədə işlənilməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib.
Mərhumun Sahil Əlizadənin atası Fəxrəddin Əlizadə görüntülərin izlənməsinə etiraz etməyib. Əlavə edib ki, dava baş verən kafenin görüntüləri də məhkəmədə izlənilməlidir.
Fəxrəddin Əlizadə əlavə edib ki, oğlunun əsl qatili Sənan olduğu halda azadlıqdadır.
Sənan Həsənov isə Fəxrəddin Əliyevə "mən sizin oğlunuzu öldürməmişəm" deyə cavab verib.
Hadisə bu il fevralın 3-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki çay evlərinin birində baş verib.
Sənan Həsənov və Asim Muxtarov həmin çay evində işləyən 1993-cü il təvəllüdlü Sahil Əlizadə ilə dava ediblər. Nəticədə Sahil Əlizadə bıçaqlanıb. Xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, hadisə hesab üstündə yaranan mübahisə zəminində baş verib.
Asim Muxtarova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq), Sənan Həsənov isə 221.3-cü maddəsi ilə ittiham edilir.
