“2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələri üzrə formalaşdırılacaq Azərbaycan parlamentinin yeni tərkibi ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm hissəsi olacaq” - Bu barədə Prezident İlham Əliyev Davos Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda bildirib. “Gələn ay əhalinin etibar etdiyi adamları seçmələrini təmin etmək üçün erkən parlament seçkiləri keçirəcəyik. Seçkilərdən sonra parlament islahatların çox vacib bir hissəsi olacaq”, – deyə İlham Əliyev vurğulayıb.
Bir çoxları elə builirlər ki, parlamentin yenidən formalaşdırılması deputat yerlərinə məhz elə yeni adamların seçilməsi deməkdir. Ona görə də əvvəlki çağırışda deputat seçilmiş şəxslərin yenidən namizəd olmasını birmənalı qarşılamayanlar da var. Təbii ki, belə yanaşma doğru deyildir. Məsələyə hüquq prizmasından baxanda vətəndaşların seçmək və seçilmək hüququ məhdudlaşdırıla bilməz. Bundan əlavə, millət vəkili olan şəxs əgər daim yeniliyə can atırsa, zamanın nəbzini tutur və dövrün tələblərinə uyğunlaşan təfəkkür sahibidirsə, niyə də növbəti müddətdə deputat olmasın?
28 saylı Sabunçu III Seçki Dairəsindən deputatlığa namizəd, indiyədək 4 dəfə millət vəkili seçilmiş Eldar Quliyevin həyat və fəaliyyət tarixçəsi ölkənin ictimai-siyasi həyatını izləyən hər bir yetkin Azərbaycan vətəndaşına məlumdur. Onun barəsində müfəssəl məlumatlar çox əlçatan mənbələrdədir. O üzdən dövlətimiz və xalqımız qarşısında göstərdiyi xidmətləri, elmimizin və təhsilimizin inkişafına verdiyi töhfələri, qazandığı nailiyyətləri, layiq görüldüyü yerli və beynəlxalq mükafatları, daşıdığı titulları sadalamağa ehtiyac yoxdur. Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Eldar Quliyev çox məhsuldar işləmiş, həm də özünü vətənpərvər diplomat kimi göstərmişdir. Onun QDİƏT Parlament Assambleyasının Ermənistanın paytaxtı Yerevanda keçirilən 52-ci sessiyasında düşmənə layiq olduğu münasibəti göstərərək Ermənistan nümayəndəsinin əlindən medal almaq istəməyib təltifdən imtina etməsi, ona baxaraq Türkiyə, Gürcüstan və Ukrayna nümayəndə heyətlərinin də medal almaqdan imtina etmələri diplomatiya tariximizin şanlı səhifəsidir.
Eldar Quliyev KİV-ə verdiyi müsahibələrdə dəfələrlə bildirib ki, Milli Məclisin deputatları xalqla sıx ünsiyyətdə olmalı, seçicilərinin problemlərinin həllinə yardımçı olmalıdırlar. Özü bu müstəvidə yaxşı nümunə göstərərək, 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsinə daxil olan Zabrat, Maştağa, Nardaran, Bilgəh qəsəbələrinin sakinləri olan seçicilərlə daim görüşüb, ölkədəki mövcud durumu izah edib, görülən işləri diqqətə çatdırıb.
Siyasi mübarizədə təhqirə, böhtana yol verməyi ən böyük tərbiyəsizlik, əxlaqsızlıq, vicdansızlıq hesab edən Eldar Quliyev xoşagəlməz halların rast gəlindiyi internetə, sosial şəbəkəyə girişin məhdudlaşdırılmasının qətiyyən tərəfdarı deyil. Onun fikrincə, hər şey qanunla tənzimlənməlidir. Müxalifətin hər bir demokratik dövlətdə olmasını vacib sayan siyasətçi hesab edir ki, müxalifət konstruktiv olmalı, hər şeyi öz istədiyi kimi qara rəngdə görməməlidir, müsbət işləri qiymətləndirib nöqsanları diqqətə çatdırmalıdır.
Eldar Quliyev deputat kimi fəaliyyəti dövründə səlahiyyəti daxilində seçicilərinin problemlərini özü həll etmiş, mümkün olmayanları isə aidiyyəti dövlət qurumlarına yönəltmiş, nəzarətdə saxlamışdır. Hər zaman gənc kadrların irəli çəkilməsinin, yüksək vəzifələrə təyin olunmasının tərəfdarı olmuş Eldar müəllimin fikrincə, Milli Məclis üzvlüyünə namizəd olan şəxs bilməlidir ki, deputat olmaq əli cibində, xidməti maşında gəzmək, obyekt sahibi olmaq demək deyil: “Parlament elə bir yerdir ki, bura həddən artıq gəncləri cəlb etmək olmaz. Həyat təcrübəsi, geniş dünyagörüşü olan şəxslər üstünlük təşkil etməlidirlər. Gənclər bəzi hallarda eyforiyaya qapılırlar, düzgün yol seçməkdə çətinlik çəkirlərlər... Deputat olmaq üçün əsas meyar yaşlı, yaxud gənc olmaq deyil, iş bacarmaqdır”.
Eldar Quliyev gənclərin vicdanlı yanlışlıqlardan sığortalanmayan çılğın təbiətinə həm də məhz ali təhsil müəssisəsinin rəhbəri kimi gənclərlə çox işlədiyinə, Kooperasiya Universitetinin minlərlə məzununa kamil həyata vəsiqə verdiyinə görə yaxşı bələddir. Bir məsələni də unutmaq olmaz: 28 saylı Sabunçu III Seçki Dairəsinə aid qəsəbələrdə ağsaqqal sözü eşidilir. Xatırlamağa dəyər ki, 2015-ci ildə Nardaranda baş verən hadisələrlə bağlı Eldar Quliyev orada sakinlərlə görüşmüş, barrikadaları yığışdırmağı məsləhət görmüş, sözünə əməl edilmişdi. İnandırıcı deyil ki, o vaxt, o yerdə, o situasiyada cavan deputatın tövsiyələri müsbət nəticə vermiş olaydı.
Cia.az
