|
2020-ci ildə mənzil bazarında qiymətlər necə olacaq?

Ekspert: “Əvvəlki illərdə olduğu kimi 25-30 faizlik artım artıq qeydə alınmır”

Ekspertlər ötən ili daşınmaz əmlak bazarı üçün uğurlu il hesab edirlər. Uğurun daşınmaz əmlak və qeydiyyat sistemi ilə bağlı qəbul olunan qərarlara bağlı olduğunu qeyd edən ekspertlər  daşınmaz əmlak bazarının qiymət dinamikası baxımından da dəyərləndirilməsini aparıblar.  İqtisadçı ekspert Qadir İbrahimli “Yeni Müsavat”a deyib ki, ötən il tikinti bazarında qiymətlərdə nisbi artım müşahidə olunub: “İlkin mənzil bazarında və torpaq bazarında ilin son rübündə baş verən proseslər hər iki seqmentə ciddi təsir göstərdi. İlkin mənzil bazarı, torpaq bazarında ümumilikdə 10 faizdən bir qədər çox artım oldu. Təkrar mənzil bazarında illik qiymət 9 faiz artdı. Qeyri-yaşayış sahələrində yəni obyektlərin qiymətlərində artım da 10 faiz civarındadır. Bu da onu deməyə əsas verir ki, əvvəlki illərdə olduğu kimi 25-30 faizlik artım artıq  qeydə alınmır”.

Qadir İbrahimli ile ilgili görsel sonucu

Qadir İbrahimli deyib ki, ötən il Azərbaycanda istehsal edilən tikinti materiallarının qiyməti artıb.

“Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə,  2019-cu ildə tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 2018-ci illə müqayisədə 5 faiz artıb. Məlumata görə, tikinti əhənginin istehsalı 39,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 28,9 faiz tikinti kərpicinin istehsalı 28,2 faiz artıb. Sementin istehsalı 1,4 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 42,2 faiz, tikinti gipsinin istehsalı 65,1 faiz azalıb.  2019-cu ildə sement istehsalı  3396,2 min ton olub ki, bu məhsulun da yalnız 77,8 min tonu anbarda qalıb. Ən çox anbarda qalan istehsal malları isə  sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı məhsulları olub. Belə ki, 2019-cu ildə 83,1 min ton məhsul istehsal olunmuşdur ki, bu məhsulun da 46,7 min tonu anbarda qalıb. Qeyd edilən bu məhsul növləri 2018-ci illə müqayisədə 2019-cu ildə 29,6 faiz artıb.

Qubad İbadoğlu ile ilgili görsel sonucu

“Mənzillərin kirayə haqları  aşağı salınmalı, iki otaqlı mənzilin kirayə haqqı orta hesabla 321 manat  ətrafında olmalıdır”. Bu sözləri isə Modern.az saytına  iqtisadçı Qubad İbadoğlu kirayə evlərin ilkin qiymətləri ilə bağlı danışarkən bildirib. Ekspert qeyd edib ki, kirayə evlər konsepsiyası sosial rifah dövlətlərinin təcrübəsində özünü doğruldub: “Onun Azərbaycana gətirilməsi təqdir olunsa da, tətbiqi ilə əlaqədar hazırlanan mexanizmlər gerçək tələblərlə uzlaşmır və işlək deyil. Bu konsepsiyanın əsas hədəfi gənclərə qapı açmaq, onların mənzil probleminin həllinə yardım etməkdir. Belə olan halda təklif olunan mexanizm yalnız elitar əmək haqqı alanların mənzillərə çıxışını təmin etməyə yönəlib”.

İqtisadçının sözlərinə görə, kirayə haqqı ölkə üzrə orta aylıq əmək haqqı, yaşayış  minimumunun dəyəri və ev təsərrüfatlarının ölçüsü  əsasında müəyyənləşdirilməlidir: “Hazırkı hesablamalarla 2 otaqlı mənzilin kirayəsi üzrə orta aylıq ödənişlər 321 manat ətrafında olmalıdır. Odur ki, təklif edirəm ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərin qiymətlərinə yenidən baxsın, onun aşağı salınması ilə əlçatanlığının yüksəldilməsinə nail olsun”.

Bu arada Bakının “Sovetski” ərazisində torpağın qiymətləri haqda da məlumatlar yayılıb. Belə aydın olur ki, həmin ərazidə torpağın sotu 408 min manatdır.

Bu haqda yenisabah.az məlumat yayıb. Sayt yazır ki, agent.shop.az saytında yerləşdirilən elanda Yasamal rayonunda “Sovetski” deyilən ərazidə 8 milyona torpaq sahəsi satıldığı yer alıb. Elanda qeyd edilir ki, torpağın sahəsi 20 sotdur. 1 sotun qiyməti 408 min manatdır. Torpaq sahəsinin kimə məxsus olduğu bəlli deyil. Elanı yerləşdirən isə vasitəçidir.