|
Seçkiləri on minlərlə müşahidəçi izləyəcək - önəmli açıqlama

Avropa İttifaqı nümayəndəliyinin rəhbəri: “Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik”

2020-ci il fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun iclasında məlumat verib ki, indiyə qədər 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Eyni zamanda indiyə qədər 30 min 231 yerli müşahidəçi qeydiyyatdan keçib.

Beynəlxalq müşahidə missiyalarının gəlişi prosesi isə davam edir. Yanvarın 22-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) nümayəndə heyəti seçki kampaniyası və siyasi mühitin dəyərləndirilməsi məqsədilə Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti səfərdən sonra bəyanat yayımlamağı planlaşdırır.

AŞ PA nümayəndə heyəti Azərbaycana tam tərkibdə fevralın 9-da seçkiləri müşahidə etmək üçün səfər edəcək.

Mərkəzi Seçki Komissiyası isə Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq. Bunu dünən jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, namizədliyi qeydə alınan şəxslərin bir qismi bülletenlər çap edilənə qədər öz namizədliklərini geri götürürlər: “Biz istərdik ki, namizədlər mübarizəni dayandırmasın. Amma bu, bütün dünya təcrübəsində olan, xüsusilə də keçmiş postsovet, Şərqi Avropa ölkələrində tez-tez baş verən haldır. Finiş xəttinə yaxınlaşanda, adların bülletenlərə daxilolma mərhələsində namizədlərin müəyyən hissəsi öz namizədliklərini geri götürür. Hazırda biz bu məsələ ilə məşğuluq”.

Məzahir Pənahov ile ilgili görsel sonucu

MSK sədri: “Milyonlarla insanın iştirak etdiyi istənilən tədbir ideal şəkildə baş tuta bilməz”

Qeyd edək ki, 22 yanvara olan məlumata görə, 100-ə yaxın namizəd namizədliyini geri götürüb.

Mərkəzi Seçki Komissiyası Ali Məhkəmə və apelyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirə keçirib. Layihənin məqsədi fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsi üçün atılan bütün addımlarla yanaşı, seçki mübahisələrinin həlli istiqamətində də müvafiq məhkəmələrin və dairə seçki komissiyalarının məlumatının artırılması, bununla bağlı görülən işlərin səmərəliliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasıdır.

Bakıda layihənin açılışı və ilk seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, Seçki Məcəlləsi Azərbaycan mütəxəssisləri ilə yanaşı, həm də beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanıb: “Seçkiləri hazırlayıb keçirən orqan kimi borcumuz ondan ibarətdir ki, Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarını reallaşdırmağa xidmət edən bu tədbir sivil, müasir dünyanın qanunvericilik hüquqlarına uyğun şəkildə həyata keçirilsin. Bunun üçün də bu və ya digər mərhələdə bu və ya digər məsələ ilə bağlı hansısa xoşagəlməz hal olduğu iddia edilirsə, aidiyyəti tərəf bu halları ancaq qanunvericilik bazası əsasında araşdırmalıdır”.

MSK sədri deyib ki, Azərbaycan Avropa ailəsinin üzvüdür. Ölkəmiz Avropa mədəniyyətinin dəyərlərini qəbul edib və insanlarımız o prinsiplər əsasında həyatını qurub. Azərbaycan insanları başa düşür ki, ən gözəli qanunlara hörmət prinsipi əsasında həyatını qurmaqdır.

Pənahov qeyd edib ki, seçkilərin siyasətini ölkənin siyasi iradəsini ortaya qoyan zümrə müəyyənləşdirir: “Yerlərdə seçki siyasətini müəyyən etməyə heç kimin hüququ yoxdur. Ölkədə demokratik, şəffaf seçki keçirmək üçün siyasi iradə yoxdursa, bunu etmək mümkün olmur. Dünya tərəfindən qəbul edilmiş prinsiplər əsasında bu cür seçki keçirilir. Yerlərdə kiminsə qonşusu, qohumu ilə münasibətləri seçkinin keçirilməsinə təsir etməməlidir”.

Sonra tədbirdə Ali Məhkəmənin hakimi Xəqani Məmmədov çıxış edib. X. Məmmədov bildirib ki, Azərbaycan Respublikasının demokratik siyasi quruluşu seçki hüququnu tam təmin edir. MSK-nın qərarından narazı qalmış şəxslərin məhkəməyə müraciət etmək hüququ da var.

Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri səadət Bəktaşi də mövzu ilə əlaqədar çıxış ediblər.

M.Pənahov məlumat verib ki, Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına yanvarın 21-dək 32 müraciət daxil olub: “İndiyə qədər müqayisə olunmayan nəticə əldə olunub. Yəni bütün tərəflərdən MSK-ya 32 müraciət daxil olub. Bu da aparılan tədbirlər nəticəsində əldə edilib”.

M.Pənahov həmçinin bildirib ki, müasir dünyada hamının sosial şəbəkələrə girişi bərabərhüquqludur: “Bu gün dünyanı sosial şəbəkələr idarə edir. Dövlətin idarəçilik sistemindən asılı olmayaraq, istənilən ölkənin vətəndaşının sosial şəbəkələrə girişi bərabərhüquqludur. Növbəti addımlarda cəmiyyətin fəaliyyətini tənzimləyən bütün qaydalar, qanunlar sosial şəbəkələrlə tənzimlənəcək. Bu reallığı hər kəs gözünün qarşısına gətirməlidir.

Seçki məntəqəsinə daxil olan vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur. Siz bütün dünyanın gözü qarşısındasınız. Dediklərimin çoxunu burada oturanlar gözəl bilsə də, açıq şəkildə müzakirə etmək istəmir. Amma açıq şəkildə müzakirə edilən problemlər həll edilməyə bir addım qalan problemlərdir".

MSK sədri həmçinin bildirib ki, milyonlarla insanın iştirak etdiyi istənilən tədbir ideal şəkildə baş tuta bilməz. Bu, dünyanın hər yerində belədir: “Hansısa xoşagəlməz hal Almaniyada baş verəndə bunu təsadüf kimi qəbul edib, problemi həll edib aradan qaldırırlar. Amma bu xoşagəlməz hal Azərbaycanda baş verəndə buna təsadüf kimi baxanlar az olur. Seçki elə prosesdir ki, maraqlı qüvvələrə ölkənin daxili işlərinə qarışmaq imkanı verir. Çünki demokratiya heç bir xalqın daxili işi deyil, bütövlükdə bəşəriyyətin işidir. Demokratiyanın göstəricisi isə seçkilərdir”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə bildirib ki, seçkilər hər bir ölkədə keçirilən normal prosesdir: “Azərbaycanda növbədənkənar parlament seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə keçiriləcəyini gözləyirik. Biz Azərbaycanın seçkiləri müşahidə etməsi üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurasından müşahidəçilər dəvət etməsini alqışlayırıq. Bu missiyaların bir qismi artıq Azərbaycandadır. Yaxın zamanlarda müşahidə missiyasının digər üzvləri də Azərbaycana gələcək. Hesab edirəm ki, biz həmişə olduğu kimi, tərəfdaşlıq əlaqələrimizin möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik”.