|
Ehsan Zahidov: "Əlizamin Salayevlə bağlı yazılanlar həqiqətə uyğun deyil"

"Əlizamin Salayevlə bağlı mətbuatda yazılanlar cəfəngiyyatdır”.

Bu sözləri  açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

O, bildirib ki, bir qrup şəxslər cinayət törədənləri, qayda pozanları müdafiə etməyi özləri üçün bir növ peşə seçiblər:

“Bu gün sosial şəbəkələrdə bir neçə şəxs yazıb ki, guya Əlizamin Salayev inzibati həbs olunduğu yerdə təzyiqə, işgəncəyə məruz qalıb. Bunların hamısı onların uydurmaları və şaiyələridir. İndi də Əlizamin Salayevin ətrafında özlərinə şou yaradırlar. Məlumat üçün bildirim ki, Əlizamin Salayev paytaxtın Səbayel rayonu ərazisində sərxoş vəziyyətdə, ictimai əsayişi pozub. Polisin dəfələrlə etdiyi qanuni tələblərə tabe olmadığı üçün barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin hökmü ilə inzibati qaydada həbs edilib. Onun təzyiqlərə məruz qalması ilə bağlı deyilənlər isə uydurmadır. Əlizamin Salayevə heç bir təzyiqdən, işgəncədən söhbət gedə bilməz. Bu gün onun vəkili ilə görüşüb. Vəkili də müdafiə etdiyi şəxsin vəziyyəti ilə yerindəcə tanış olub. O da şahidi olub ki, heç bir işgəncə və təzyiq yoxdur. Bu günlərdə onun oğluna zəng olunub ki, gəlib, atası ilə görüşsün. Oğlu isə deyib ki, bu gün vaxtım yoxdur, sabah gələcəm. Yəni bu deyilənlərin hamısı cəfəngiyyatdır”.

Qeyd edək ki, sosial şəbəkələrdə AXCP fəalı Əlizamin Salayevə qarşı saxlanıldığı yerdə işgəncə verilməsi, onun qohumları ilə görüşünə şərait yaradılmaması ilə bağlı üzvü olduğu partiya rəhbərliyi tərəfindən məlumat paylaşılıb.