Azərbaycandakı seçkilərə beynəlxalq diqqət varmı? Hansı səviyyədədir? Artıq məlundur ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə VI çağırış növbədənkənar seçkiləri çoxlu sayda beynəlxalq müşahidə missiyası izləyəcək.
Müasir dünyada seçki müşahidə sahəsində ən nüfuzlu ünvan kimi tanınan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyası, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) seçki monitorinq qrupu, yaxın çografiyada keçirilən seçkilərin izlənməsi üzrə ixtisaslaşan MDB Müşahidə Missiyası və növbədənkənar parlament seçkilərini müşahidə üçün 77 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Paralel olaraq xarici ölkələrin Azərbaycandakı nümayəndəlikləri də seçkini müşahidə prosesində iştirak edirlər.
Siyasi ekspert Yeganə Hacıyeva “Yeni Müsaavat”a bildirdi ki, Azərbaycandakı bu seçkilərin monitorinqi digər illərdəki keçirilən seçkilərin monitorinqindən fərqlidir: “Məsələ ondadır ki, biz dəfələrlə ölkəmizdə seçkini müşahidə etmiş və proses ərəfəsində müsbət rəylər vermiş müşahidə qruplarının daha sonra, yekun rəylərinin ilkin rəydən fərqli mövqe ortaya qoyması təcrübəsi ilə rastlaşmışıq. Belə bir məqamın olmasını istər ATƏT və Avropa Parlamenti ilə, istərsə də AŞ PA-nın monitorinq qruplarında müşahidə etmişik və haqlı olaraq da ikitərəfli görüşlərdə bu haqda iradımızı bildirmişik. Xüsusilə belə bir mövqe ilə Avropa Parlamenti monitorinq qrupu ilə üzləşmişik. Azərbaycan Avropa Parlamentinin ölkəmizdəki seçki müşahidə rəylərinin ilkin və yekun versiyalarının bir-birindən fərqlənməsi haqqında iradlarının qəbul olunmaması kimi, müşahidə qrupunun müsbət rəylərinin daha sonralar dəyişdirilməsi təcrübəsini dəfələrlə müşahidə edib. O üzdən bu il seçkinin beynəlxalq müşahidə qruplarının dəvəti ilə bağlı seçimdə bu sahədə daha professional fəaliyyət göstərən qruplar dəvət olunub.

Onu da qeyd edim ki, beynəlxalq səviyyədə seçki monitorinq qruplarının iqtisadi və siyasi lobbi qruplarının təsisi altında olması yenilik deyil və onların ilkin və yekun rəylərinin təzadlı olması tək Azərbaycanla bağlı olan hal deyil. Digər ölkələrin təcrübəsində də bu hal mövcuddur. Lakin son illər seçki monitorinq qruplarının fəaliyyətinə bir forma da yerli səfirliklər və nümayəndəliklər cəlb olunur ki, bu da seçki sonrası müxtəlif beynəlxalq təşkilatların bu mövzuda spekulyasiya imkanlarını nəzərə çarpacaq qədər azaldır.
Məsələn, bugünlərdə ABŞ səfirinin seçkini və seçkidə müşahidə missiyalarının fəaliyyətini diqqətlə izləyəcəkləri haqqında fikirləri məhz bu istiqamətdə yaxşıya doğru atılan bir addım kimi qiymətləndirmək lazımdır.
ABŞ səfiri qeyd etmişdi ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib və biz beynəlxalq müşahidəçilərin müşahidə aparmasını da izləyəcəyik və seçki prosesi ilə bağlı rəyimizi bildirəcəyik. Bu, seçkiyə ciddi beynəlxalq diqqətin olduğunun və olacağının bir əlamətidir".
Ekspert onu da qeyd etdi ki, Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi dəyərləndirmə aparması üçün yanvarın 22-23-də Azərbaycanda olacaq: “Avropa Şurasının saytındakı məlumatda deyilir ki, missiyanın Milli Məclisin spikeri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, parlamentdə təmsil olunan və digər partiyaların rəhbərləri, həmçinin MSK sədri və üzvləri ilə görüşəcəyi haqında qeydlər mövcuddur. Həmçinin media və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər planlaşdırılıb. Səfərin yekunlarına əsasən nümayəndə heyəti adından bəyanat yayılacağı gözlənilir. Paralel olaraq biz hələ baş tutmamış seçki haqqında artıq beynəlxalq kuluarlarda müəyyən fikirlərin formalaşdırılması cəhdlərini görürük. Buna misal olaraq AŞ PA-nın yanvarın 29-na təyin etdiyi sessiyasında Azərbaycanda siyasi məhbuslar mövzusunun müzakirəsi nəzərdə tutulur. Bu sessiyada gündəliyi izlədiyim qədəri ilə, Avropa Şurasının siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Thorhildur Sunna Evarsdottir bir sıra deputatlığa namizədlərin fevralın 9-da Milli Məclisə seçkilərə buraxılmaması ilə bağlı fikirlərini bölüşməyi planlaşdırır.
Sessiyanın ümumi gündəliyində Gürcüstan və Moldova prezidentləri, həmçinin Gürcüstan XİN rəhbəri Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi, habelə Avropa Şurasının yeni seçilmiş baş katibinin çıxışı nəzərdə tutulur. Bir sıra deputatların isə KİV azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər və digər məsələləri müzakirə zamanı Azərbaycanla bağlı təşəbbüslər edəcəyi şəxsən məndə şübhə doğurmur. Odur ki, 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərinə beynəlxalq diqqət kifayət qədərdir".
