Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir.
"Report"un məlumatına görə, bu gün Premyer Liqa təmsilçilərindən 4-ü - "Zirə", "Sumqayıt", "Səbail" və "Sabah" klubları yoxlama görüşlərində qüvvələrini sınayacaq.
Paytaxt təmsilçisi "Zirə" bu dəfə Serbiyanın "Napredak" klubu ilə üz-üzə gələcək. Bu oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
"Sumqayıt" klubu bu gün Polşa təmsilçisi "Arka" ilə qarşlaşacaq. Bu matçın start fiti Bakı vaxtı ilə 16:30-da veriləcək.
Jelko Sopiçin rəhbərlik etdiyi "Sabah" klubu Antalyadakı son sınağında Rusiyanın "Spartak-2" (Moskva) komandasını sınağa çəkəcək. Bu oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Nəhayət "Səbail" üçüncü yoxlama görüşündə Rumıniyanın "Voluntari" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, ilk matçında Türkiyə "Ümraniyespor"una 0:3 hesabı ilə məğlub olan "Zirə" ikinci oyununda "Sepsi"yə (Rumıniya) 2:0 qalib gəlib. "Kaposvar"a (Macarıstan) 3:4 hesabı ilə uduzan "Sumqayıt" klubu "Politexnika" (Rumıniya) ilə 1:1 bərabərə qalıb. Əvvəlcə "Pakş"a (Macarıstan) 0:2 hesabı ilə məğlub olan "Sabah" klubu paytaxt təmsilçisi "Akademika Klinçeni" (Rumıniya) ilə qolsuz bərabərə qalıb, Qazaxıstan "Kaysar"ı üzərində 3:1 hesablı qələbə qazanıb. "Səbail" ilk görüşündə "Jetisu"ya (Qazaxıstan) 0:1, "Olimpik"ə (Ukrayna) isə 1:3 hesabı ilə uduzub.
