|
Bu gün seçkilərdə təbliğat kampaniyası başlayır -

Avropa Şurası və MSK “Seçkilərin mediada işıqlandırılması” mövzusunu gündəmə gətirdi

Milli Məclisin deputatı seçilmək istəyən şəxslərin dairə seçki komissiyalarında qeydiyyatı yanvarın 16-da saat 18-də başa çatıb. 16 yanvara olan məlumata görə, 1700-ə yaxın şəxsin deputatlığa namizədliyi rəsmən qeydə alınıb.

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin yanvarın 17-dən seçkiqabağı təbliğat-təşviqat kampaniyası başlayıb.

Hazırda hər mandat uğrunda orta hesabla 11 nəfər mübarizə aparır.

Seçkilərdə iştirak edən 20 partiya Mərkəzi Seçki Komissiyasında öz səlahiyyətli nümayəndələrini rəsmiləşdirib. Mərkəzi Seçki Komissiyasının Seçki Məcəlləsinə əsasən qəbul etdiyi Təqvim planına görə, təbliğat-təşviqat kampaniyası fevralın 8-dək nəzərdə tutulub. Təbliğat-təşviqat kampaniyasında deputatlığa namizədlərin seçicilərlə görüşləri üçün hər seçki dairəsi ərazisində bir qapalı bir açıq yer ayrılıb.

Seçkiləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Avropa Şurasının, ATƏT Parlament Assambleyasının, Müstəqil Dövlətləri Birliyinin müşahidə missiyaları müşahidə edəcək. Eyni zamanda, bir sıra ölkələrdən də müşahidəçilərin gələcəyi bildirilir.  

Bu arada ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları bürosunun rəsmi internet səhifəsində seçkilərdə seçki prosesini izləyəcək uzunmüddətli müşahidə missiyasının tərkibi açıqlanıb. Secki-2020.az saytı təşkilatın rəsmi səhifəsinə istinadən xəbər verir ki, 26 nəfərin əks olunduğu siyahıda Albaniya, Çexiya, Danimarka, Fransa, Almaniya, İrlandiya, İtaliya, Niderland, Norveç, Rusiyadan, İsveçdən, İsveçrə, Türkiyə, Birləşmiş Krallıqdan nümayəndələr var.

ATƏT-in əsas müşahidə missiyası 12 nəfərdən ibarətdir. Seçki günü daha 350 qısa müddətli müşahidəçinin səsvermənin gedişatını izləyəcəyi bildirilir.

Növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Rusiyadan da böyük nümayəndə heyəti Azərbaycana səfər edəcək. Bu barədə APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski bildirib.

Yanvarın 16-da isə Avropa Şurası Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakıda “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyası təşkil edib. Tədbir Avropa Şurasının “Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi” layihəsi çərçivəsində keçirilib. Tədbirin əsas məqsədi fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri öncəsi jurnalistlərin gender bərabərliyinə də xüsusi diqqət yetirərək, seçkinin mediada işıqlandırılması sahəsində Avropa Şurası standartlarına dair məlumatlılığının artırılmasıdır.

Sessiyada MSK sədri Məzahir Pənahov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və kütləvi informasiya vasitələrinin rəhbərləri, eləcə də dövlət qurumlarının və diplomatik missiyaların nümayəndələri, beynəlxalq və yerli ekspertlər iştirak ediblər.

Tədbirin aparıcısı MSK sədri Məzahir Pənahov KİV-lərin seçki prosesinin işıqlandırılmasında fəal iştirakının önəmindən bəhs edib. O bildirib ki, mətbuat seçkilərin işıqlandırılmasında mühüm rol oynayır. KİV-lər yeganə qurumdur ki, heç bir akkreditasiyadan keçmədən əvvəldən axıra qədər seçkiləri müşahidə etmək hüququna malikdir. O, seçkilərin işıqlandırılmasında medianın mühüm rol oynadığından ətraflı söz açaraq qeyd edib ki, belə bir tədbirin keçirilməsi Azərbaycan dövlətinin şəffaf, demokratik seçkilərin keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin ən bariz nümunələrindən biridir: “Seçkilər mətbuat üçün açıq olmalıdır, KİV bu prosesdə önəmli rol oynamalıdır. Çünki istənilən ölkədə əhəmiyyətli tədbirin ictimaiyyətə çatdırılmasında ən önəmli rol mətbuatın üzərinə düşür. MSK da mətbuatla birgə işləməyə hər zaman xüsusi diqqət göstərir. MSK bütün seçkiləri Seçki Məcəlləsinin, beynəlxalq standartların tələblərinə uyğun keçirməyə səy göstərir”.

məzahir pənahov ile ilgili görsel sonucu

M.Pənahov həmçinin qeyd edib ki, öncəki parlament seçkiləri ilə müqayisədə Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər rekord sayda deputatlığa namizəd qeydə alınıb”.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova isə çıxışında seçkilər zamanı medianın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib: “Ölkə əhalisinin 80 faizinin internetə çıxışı var, onlardan 82 faiz sosial şəbəkə istifadəçisidir. Həm bu amil, həm də ölkədə medianın seçkilərdə aktivliyi cəmiyyətdə seçkiyə marağı daha da artırır. Parlament seçkiləri hazırda gündəmin əsas mövzusudur. Seçkidə təbliğat və təşviqat üçün namizədlərə 270 yer ayrılıb. Parlament seçkiləri ilə əlaqədar ödənişli təşviqata 40-a yaxın KİV cəlb edilib”.

Yusifova bildirib ki, media seçkilər obyektiv və operativ şəkildə işıqlandırmalı, seçkiqabağı təşviqat dövründə bütün namizədlərə bərabər şərait yaratmalıdır.

2019-cu ilin Azərbaycan tarixində köklü islahatlar ili kimi qalacağını söyləyən PA rəsmisi qeyd edib ki, islahatlar cəmiyyətin bütün institutlarına və təsisatlarına təsir göstərəcək. Milli Məclisə növbədənkənar seçkilər də daha çevik, daha peşəkar deputat korpusunun formalaşmasına hədəflənib: “Əminəm ki, parlament seçkiləri Azərbaycanda seçki institutunun inkişafı ilə yadda qalacaq. Media isə sosial məsuliyyət ənənələrinin möhkəmlənməsinə öz töhfəsini verəcək”.

rəhbəri Zoltan Hernyes ile ilgili görsel sonucu

APA-nın məlumatına görə, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes isə bildirib ki, seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır. Zoltan Hernyes deyib ki, Avropa Şurası seçkilərin işıqlandırılması ilə bağlı üzv ölkələrə tövsiyələr verib: “Bu tövsiyələr əsasən, medianın rolu ilə bağlıdır. Media üçün şərait yaradılmalıdır. Başqa sözlə, həm dövlət, həm də özəl media qurumları seçki prosesinə cəlb olunmalıdır. Həm seçkilərdən öncə, həm seçki zamanı, həm də seçkilərdən sonra media bu prosesdə fəal iştirak etməlidir. Eyni zamanda, biz Azərbaycan tərəfinə, o cümlədən Prezident Administrasiyasına, MSK-ya Mətbuat Şurasına və digər qurumlara seçkilər dövründə bizimlə əməkdaşlığa görə təşəkkür edirik”.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə qeyd edib ki, seçki prosesində medianın rolu qanunvericiliklə tənzimlənir. O bildirib ki, Azərbaycanda özəl TV və radio kanalları təşviqatda iştirak edə bilməz. İTV isə seçkiqabağı təşviqatı ödənişli və ödənişsiz yolla həyata keçirir: “Ödənişsiz efir vaxtı həftədə 3 saatdan az olmayaraq həyata keçirilir. Pulsuz efir vaxtı 60 dairədə namizədi qeydiyyata alınmış partiya və bloklara aiddir. Medianın üzərinə qoyulan tələb hər hansı bir namizədə üstünlük verməmək, bütün namizədlərə bərabər şərait yaratmaqdan ibarətdir. Ödənişli efir vaxtı pulsuz efir vaxtından iki dəfə çox olmamalıdır. Bəzən efir vaxtı üçün qiymətlərin yüksək olduğunu qeyd edirlər. İTV tərəfindən müəyyən edilən ödənişli efir vaxtının bir saniyəsinin minimum 22 manat, maksimum 65 manat olması normal qiymətdir və mövcud reklam şərtlərinə uyğun hesablanıb”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, Mətbuat Şurası səsvermə günü ile ilgili görsel sonucu

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, Mətbuat Şurası səsvermə günü bir neçə istiqamətdə öz fəaliyyətini quracaq. Seçki günü Qurumun qaynar xətti fəaliyyəti fəaliyyət göstərəcək. Qaynar xəttə daxil olan məlumatlar ilk öncə Mərkəzi Seçki Komissiyasına ötürüləcək. Əməkdaşlıq mühiti qurulacaq: “Öncəki seçkilərdə qaynar xəttə daxil olan problemlər həllini tapıb, bu seçkilərdə də həllini tapacağına inanırıq. Mətbuat Şurasının üzvləri bölgələrdə də seçkinin monitorinqində iştirak edəcəklər”.

Tədbirdə bir sıra media orqanları rəhbərləri də çıxış ediblər və medianın seçkilərdə obyektiv, aktiv olmasının vacibliyini bildiriblər. Tədbir çərçivəsində “Seçkinin mediada işıqlandırılmasına dair Avropa Şurası standartları”, “Seçkinin mediada işıqlandırılmasına dair Azərbaycan qanunvericiliyi və təcrübəsi” və “Seçkinin mediada işıqlandırılması gender bərabərliyi kontekstində” mövzularında sessiyalar keçirildi.