“2019-cu il ərzində 54 layihə, o cümlədən 5 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb”
Yanvarın 15-də Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirib. “Yeni Müsavat” bildirir ki, mətbuat konfransında S. Məmmədov ötən il ərzində yerinə yetirdikləri layihələr və bu il görüləcək işlər barəsində hesabat xarakterli məlumatlar verib.
Saleh Məmmədovun açıqlamalarına keçməzdən öncə məlumat üçün bildirək ki, ötən ilin sentyabr ayından etibarən hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyi 2000-ci illərin əvvəllərində partiyanın mənzil-qərargahında nazirlərin, komitə sədrlərinin, dövlət və hökumət rəsmilərinin ənənəvi mətbuat konfranslarını yenidən bərpa edib. Növbəti mətbuat konfransını Saleh Məmmədov keçirib.
O bildirib ki, agentlik ölkə Prezidentinin tapşırığına əsasən 1376 kilometrə qədər yolların tam tikintisini başa çatdıraraq, vətəndaşların istifadəsinə verib:"1376 kilometr yolun çəkilməsi ölkə başçısının həm dövləti, həm də hər bir vətəndaşı üçün ən böyük töhfəsidir. Çünki yol hər bir dövlətin iqtisadiyyat göstəricisidir. Dövlətdə nəqliyyat vasitələrinin təhlükəsiz fəaliyyəti üçün avtomobil yollarının böyük əhəmiyyəti var. Yaxşı və keyfiyyətli yol həmin yoldan istifadə edən nəqliyyat vasitəsinin sürətinin yüksəlməsi deməkdir. Bu, həm beynəlxalq, həm də daxili yükdaşımalarda da inkişaf deməkdir. Hər on kilometrdə sürətin artması bu yoldan daşınan yüklərin on tonlarla artması deməkdir".
Məmmədov deyib ki, görülən işlər nəticəsində Azərbaycanda yolların sürəti də artıb: “Əvvəl ölkənin avtomobil yollarında orta sürət həddi 60 km/saat idi. Hazırda isə bu göstərici 80 km/saatdır. Hazırda Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə MDB məkanında 2-ci, dünyada isə 27-ci yerdədir. Əgər əvvəllər Mil-Muğan zonasında yaşayanlar yolun keyfiyyətsizliyinə görə Qəbələyə, Zaqatalaya getmək istəmirdilərsə, bu gün onlar həvəslə həmin yerlərə istirahətə gedirlər. Nəticədə ölkənin turizmi də inkişaf edir. Çünki insanlar artıq xaricə yox, yol rahat olduğu üçün elə öz istirahət zonalarımıza üz tuturlar. Əvvəllər bu, belə deyildi. Ona görə də deyirəm ki, yolun yaxşı olması ölkə iqtisadiyyatının inkişafı deməkdir. Onu da deyim ki, bugünə qədər Bakı və Bakıətrafı kənd və qəsəbələrdə 301 km yol çəkmişik. Bu çox böyük əhəmiyyət kəsb edir. Bu il də işlərimizə davam edəcəyik”.
Saleh Məmmədovun sözlərinə görə, ölkəmizdə 2013-cü ilə qədər birinci dərəcəli avtomobil yollarının uzunluğu 124 km idisə, bu gün 1-ci dərəcəli avtomobil yollarının uzunluğu 1080 km uzanıb. Bakı-Sumqayıt yolu ilə bağlı gələcək planlardan da danışan sədr söyləyib ki, Bakı-Sumqayıt yolu ilə hərəkət edən avtomobillərin sayı kəskin artıb: “Bu da ərazidə iqtisadi inkişaf, sənayə parklarının salınması ilə bağlıdır. Bu gün Bakıdan Sumqayıta hər gün 12-14 min, Sumqayıtdan Bakıya isə hər gün 10-12 min avtomobil gedir. Təbii ki, bu avtomobillərin hamısı Bakının mərkəzinə gəlmir. Ona görə də indiyədək görülən işlər müəyyən qədər problemin həllinə yardım edib. Həmin istiqamətdə 28 km-lik məsafədə yolun genişləndirilməsinə başlanıb. May ayının sonuna qədər bu işləri görüb yolu vətəndaşların istifadəsinə verməyi düşünürük”.
Görülən işlərə sərf edilən vəsaitə gəlincə isə sədr söyləyib ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsinin hər kilometri 778 min manata başa gəlməlidir:
“Bununla belə, inflyasiyadan asılı olaraq qiymət dəyişə bilər. Bu işlər çərçivəsində Bakıda da 7-8 km hissədə genişlənmə nəzərdə tutulub və burada quraşdırılacaq əlavə avadanlıqların qiyməti də ümumi məbləğin üzərinə əlavə olunacaq”.
Yollardakı vəziyyətdən danışan sədr qeyd edib ki, Çindən gətirilən bəzi avtomobillər yollarımıza zərər verib: “Azərbaycana 2012-2014-cü illərdə Çin istehsalı olan bəzi avtomobillər gətirilib ki, onlar da yalnız asfaltsız-betonsuz yollar üçün nəzərdə tutulub. Amma bu maşınlar asfalt yollarımızda hərəkət edərək müəyyən problemlərə yol açıb, yolu dağıdırdılar. Bu avtomobillər Çində beton örtüyü olmayan yollarda hərəkət üçün nəzərdə tutulan yük maşınlarıdır. Amma indi həmin avtomobilləri yollarımızda görmək elə də mümkün deyil. Əsasən 2015-ci ildən sonra istehsal edilən Çin avtomobilləri artıb”.
Məmmədov söyləyib ki, bu ilin iyun ayının sonuna qədər Xırdalan şəhərinin mərkəzi yollarının yenidən qurulmasını başa çatdırmağı düşünürlər:
“İşlərin vaxtında bitməsi hava şəraitindən çox asılıdır. 2020-ci ilin sonuna qədər Bakının Hövsan qəsəbəsinin əsas yollarının təmirinin başa çatdırılması nəzərdə tutulub.
Bundan başqa, bəzi yollar yenidən tikilməlidir. Ələt-Hacıqabul yolu 12 ildir istifadəyə verilib. Amma onun tikintisinə 1996-cı ildən başlanıb. Bu isə artıq 24 il deməkdir. Bu yol artıq yenidən tikilməlidir. Çünki hər bir yol tikiləndə qarşıdakı 10 il üçün nəzərdə tutulur. Eyni zamanda onu da deyim ki, Ələt-Astara yolunun ödənişli olması ilə bağlı konsepsiyanı hazırlayıb hökumətə təqdim etmişik. Bu yolda xüsusi aparat və turniketlər quraşdırılmalıdır. Bütün dünyada bu işlər tender yolu ilə həyata keçirilir. Tenderdə ən münasib qiymətlə bu avadanlıqları təklif edən şirkət seçiləcək və yoldan istifadə qiymətinin müəyyən edilməsi üçün təkliflər Tarif Şurasına təqdim ediləcək. Azərbaycanda bir neçə ödənişli avtomobil yolunun tikintisi nəzərdə tutulur. Ələt-Astara yolundan başqa, mövcud yola paralel yerləşən və sürücüyə 18 kilometr məsafəyə qənaət etməyə imkan verəcək Bakı-Quba-Rusiya sərhədi yolu da ödənişli olacaq”.
S.Məmmədovun sözlərinə görə, Avropada və digər inkişaf etmiş ölkələrdə bu təcrübə geniş yayılıb. Azərbaycanda isə yolların tikintisi və təmiri adətən dövlət büdcəsi hesabına həyata keçirilir.
Məlum olduğu kimi, bu gün əsas yollar təmir edildiyi halda qəsəbədaxili yollar bərbad vəziyyətdir. Ötən ilin sonlarına qədər qəsəbə və kəndlərin daxilindəki yollara icra hakimiyyətləri, bələdiyyələr nəzarət edirdi. Bu ildən isə ölkə prezidentinin tapşırığı ilə proses AAYDA-ya tapşırılıb. Bu barədə danışan Saleh Məmmədov söyləyib ki, Bakıətrafı qəsəbələrdə 2325 km yol çox bərbad vəziyyətdədir. S. Məmmədov bildirib ki, onlar qəsəbə daxilində iş görən zaman çətinlik çəkirlər. Çünki bəzi yerlərdə insanlar necə gəldi ev tikib, hasar çəkiblər:
“Hazırda Bakının qəsəbə və kəndləri arasında 301 km yol yenidən təmir olunub və istifadəyə verilib. İndiyə kimi qəsəbə və kənddaxili yolların tikintisi ilə birbaşa icra qurumları məşğul idi. Sakinlərin müraciət və şikayətləri nəzərə alınaraq yolların yenidənqurulması işi bizim quruma verilib.
Sözügedən ərazilərdə yeni yaşayış massivləri salınıb, ancaq onlara məlumat verilməyib ki, yolların tikintisi necə aparılacaq. İndi hamı evini tikib, hasarını çəkib, yolun çəkilməsi üçün lazım olan 6 metrlik məsafə qalmayıb. Biz yeni yollar çəkirik, ancaq səth sularını axıtmağa yer tapmırıq. İnsanlar evi tikən zaman şəraitini də düşünməlidir. 2023-cü ilə kimi Bakıətrafı qəsəbə və kəndlərdə bütün yolların yenidən təmir olunması, asfaltlanma işlərinin yekunlaşması gözlənilir. Onu da bildirim ki, 2019-cu il ərzində ölkənin ümumi istifadədə olan avtomobil yollarında 14 yeni körpü tikilib, 17 qəzalı vəziyyətə düşən körpü bərpa edilib, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılıb. Ümumilikdə, 2019-cu il ərzində 54 layihə, o cümlədən 5 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43,8 km olan 3 Respublika əhəmiyyətli, uzunluğu 79,3 km olan 13 kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 197,6 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilib.
Hesabat dövrü ərzində ümumilikdə Dövlət Agentliyi tərəfindən 128,9 min ton bitum və 15,6 min ton mazut istifadə edilib, 2 343 min ton asfalt-beton istehsal edilib".
Dəyən zərərlər barədə danışan Saleh Məmmədov söyləyib ki, 2019-cu il ərzində Bakıda və ölkənin ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 547 yol-nəqliyyat hadisəsi baş verib:
“Bunun nəticəsində 8501 pm əyrixətli tirlər, 220 pm mühafizə çəpərləri, 22 işıq dirəyi, 10,5 kvadrat metr informatik lövhə, 8 ədəd yol nişanı, 26 m körpü məhəccəri yararsız hala düşüb”.



