Müxalifət təşkilatları və ictimai fəalların birləşdikləri Milli Şuranın mitinqi başlayıb. Cia.az-ın məlumatına görə, Bakıda - "Məhsul" stadionunda keçirilən aksiyaya Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib.
Müxalifət fəalları bu aksiya zamanı ölkədə bahalaşmaya etirazlarını bildirirməyə hazırlaşırlar. Mitinqin saat 15:00-da başlaması nəzərdə tutulsa da, meydana toplananların azlığı üzündən gecikib.
Milli Şuranın sədri Cəmil Həsənli çıxışında bir çox sosial-iqtisadi problemlərə toxundu, hökuməti tənqid etdi, onu islahatlara çağırdı. Daha sonra o, növbəti aksiyaların olacağını da bəyan edib müxalifəti həmin mitinqlərdə iştirak etməyə çağırdı. Bununla da aksiya başa çatdı.
* * *16:30
Müxbirlərimiz xəbər verir ki, aksiya zamanı mitinq iştirakçıları razılaşmanı pozaraq fərqli şüarlar səsləndiriblər. Onlar iqtisadi tələblərlə çıxış etmək əvəzinə radikal siyasi xarakterli şüarlar və ölkə rəhbərliyinin ünvanına təhqirlər səsləndiriblər.
Buna görə də Bakı Şəhər Baş Polis İdarəsinin məsul şəxsləri mitinq təşkilatçılarına xəbərdarlıq edib.
Daha sonra söz Milli Şuranın sədri Cəmil Həsənliyə verilib. Hazırda C.Həsənli çıxış edir.
* * *16:10
Gültəkin Hacıbəylidən sonra çıxış edən Milli Şura üzvü Nurəddin Məmmədli ona ayrılmış vaxtı ümumi sözlərlə yola verməyə çalışdı.
Halbuki professor kimi təqdim edilən N.Məmmədlinin iqtisadi siyasətdən, ölkədəki iqtisadi vəziyyətdən danışacağı, konkret faktlar, çıxış yolları göstərəcəyi, təkliflər verəcəyi gözlənilirdi.
Daha sonra isə çıxış üçün söz Milli Şura üzvü Oqtay Güləliyevə verildi. O, çıxışında hökuməti siyasi məhbusları azad etməyə çağırdı.
* * *15:50
Mitinqin aparıcısı aksiya iştirakçılarına məlumat verərək dedi ki, ona verilən məlumata görə, aksiyanın keçirildiyi məkanın yaxınlığındakı çoxmərtəbəli binanın sakinləri etiraz əlaməti olaraq meydana guya kartof-soğan atıblar.
Daha sonra söz keçmiş deputat, bir vaxtlar iqtidarın alovlu tərəfdarlarından olmuş Gültəkin Hacıbəyliyə verildi. O, iddia etdi ki, verilən məlumatlara görə, aksiyaya gəlmək istəyənlər çox olub, amma onlar... gəlməyib.
G.Hacıbəyli də çıxışında neftin qiymətinin düşməyindən, sosial problemlərdən danışdı. Hökuməti təcili iqtisadi islahatlara başlamağa çağırdı.
G.Hacıbəyli dedi ki, hələ də gec deyil: "Azərbaycan hökuməti sosial-iqtisadi, hüquqi, siyasi islahatlara başlamalıdır. Müxalifət də meydanda olmalı və hökuməti bu islahatların həyata keçirilməsinə məcbur etməlidir. Hökumətdən ilk tələbimiz siyasi tələbdir. Siyasi məhbusları azad etmək lazımdır".
* * *15:36
Mitinqin aparıcısı olan AXCP fəalı Əbülfəz Qurbanlı çıxış üçün ilk sözü AXCP sədri Əli Kərimliyə verdi.
Ə.Kərimli hökumətin iqtisadi siyasətinni tənqid edərək bildirdi ki, manatın ucuzlaşması fonunda bir sıra sosial problemlərin daha çox qabardığını söylədi, hökuməti israfçılıq etməməyə çağırdı.
Ə.Kərimli sosial müdafiəyə ehtiyacı olan vətəndaşları düşünməyə çağırdı.
Mitinq iştirakçılarının bir neçə dəfə “İstefa” qışqırmasından vəcdə gələn AXCP sədri daha sonra açıq-aşkar populizmə yuvarlandı və ciddi səhv buraxdı: “Ölkədə sosial problemləri olan insanlar olduğu halda Madridin “Atletiko” klubuna sərmayə qoymaq lazım idimi?”
Amma Ə.Kərimli bir məqamı vurğulamağı unutdu (yaxud da bu, ona sərf etmədi) ki, “Atletiko”ya sərmayəni Azərbaycan hökuməti yox, azərbaycanlı iş adamı Hafiz Məmmədov qoyub. Digər tərəfdən, Çempionlar Liqasında oynayan “Atletiko”ya qoyulmuş sərmayə Azərbaycanın azı 2 milyardlıq auditoriyada effektiv reklamı deməkdir. Halbuki müxalifət özü də hökuməti bir vaxtlar Azərbaycanı xaricdə yetərincə təbliğ etməməkdə ittiham edirdi.
* * *15:21
Təyin olunan vaxtdan 15-20 dəqiqə keçsə də meydana çox az adam toplaşıb. Bununla belə adamlar aksiyaya gəlməkdə davam edir. Polis onların stadiona girişinə heç bir maneə törətmir. Aksiyaya gələnlər meydana xüsusi turniketlərdən keçməklə daxil olur. Onların üstü metalaxtaran cihazla yoxlanır. Heç bir insident qeydə alınmayıb.
Mitinqin təşkilatçıları iştirakçılara müraciət edərək onları qapının ağzında dayanmamağa və meydana toplaşmağa dəvət edir. Mitinq hələ də açıq elan edilməyib.
* * *14:49
Aprelin 5-də müxalifət təşkilatları və ictimai fəalların birləşdikləri Milli Şura Bakıda - "Məhsul" stadionunda mitinq təyin edib.
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın bu aksiyanı keçirməsinə razılıq verib. Müxalifət fəalları bu aksiya zamanı da ölkədə bahalaşmaya etirazlarını bildirirməyə hazırlaşırlar.
Milli Şura manatın ucuzlaşmasına etiraz olaraq martın 15-də də Bakıda etiraz aksiyası keçirmişdi. O zaman təşkilatçılar aksiyaya 10 min nəfərin qatıldığını iddia etsələr də müstəqil ekspertlər və BŞBPİ mitinqdə 1000 nəfərin iştirak etdiyini bildirmişdi.
Cia.az mitinqdən video və foto görüntüləri Azadlıq Radiosu və virtualorg.az-a istinadən təqdim edir: 






