Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski yerli telekanalların birinə açıqlamasında bildirib ki, Amerika Rusiyanın sərhədində müharibə başlatmaq istəyir. Partiya sədri son yarım aydakı Amerika-İran gərginliyini nəzərdə tutaraq, bunları diqqətə çatdırıb. O, Azərbaycan da daxil, İranla sərhəd olan ölkələri ciddi təhlükə gözlədiyini bildirib.
Onun fikirləri ilə bağlı siyasi ekspertlərin fərqli mövqelərinə rast gəlirik. Çoxları hər zaman olduğu kimi, növbəti dəfə Jirinovskinin sərsəmlədiyini düşünür. Lakin onun dediklərində müəyyən həqiqətlərin olduğunu düşünənlər də var.
Politoloq Elçin Mirzəbəyli Jirinovskinin öz işini peşəkarlıqla yerinə yetirdiyini qeyd etdi: “Vladimir Jirinovski bir gün ərzində İranla bağlı bir neçə açıqlama ilə çıxış edib. Bu açıqlamaların bir hissəsi Rusiya telekanallarında yayımlanan siyasi tok-şoularda, bir hissəsi isə mətbuat konfransında səsləndirilib. Bu açıqlamalar isə bir-birinə ziddiyyət təşkil edir. Doğrusu, Jirinovskinin açıqlamalarına Rusiyada olduğu kimi Azərbaycanda da münasibət fərqlidir. Bəziləri Rusiya liberal-demokratlarının liderinə qeyri-ciddi siyasətçi kimi yanaşır, bəziləri Kremlin sözçüsü olduğunu deyir və s. Mən isə öz növbəmdə Jirinovskiyə ölkənin siyasi gündəmini dəyişmək missiyasını həyata keçirən bir görəvli kimi yanaşıram. O, öz missiyasını peşəkarlıqla həyata keçirir və uzun illərdir ki, siyasi şouların əvəzedilməz personası kimi mövqeyini qoruyub saxlayır. Jirinovskinin ”Amerika Rusiyanın sərhədində müharibə aparmaq istəyir" fikirlərinə gəldikdə isə bu daha çox imperialist yanaşmadır. Çünki Rusiyanın İranla quru sərhədi yoxdur. İranın Türkmənistan, Əfqanıstan, Pakistan, Azərbaycan, Türkiyə və Ermənistanla quru sərhədləri var. Əgər Amerika İranla müharibəyə başlayarsa, o zaman bu, Türkmənistan, Əfqanıstan, Pakistan, Azərbaycan, Türkiyə və Ermənistanın sərhədində hərbi əməliyyatların aparılması anlamına gəlməlidir. Amma Jirinovskinin beyin hissəcikləri SSRİ-də formalaşdığı üçün o, hələ də qırmızı imperiyanın sərhədlərinin yeni ölçülərini qəbul edə bilmir. Jirinovski başqa bir açıqlamasında İranda Rusiya hərbi bazalarının yerləşdirilməsindən danışır. Daha sonra Rusiyanın hava hücumundan müdafiə sistemlərinin keyfiyyətindən söhbət açır və qeyd edir ki, İran Rusiyadan bu sistemləri almaqda davam etməlidir.

O, eyni anda ağlından keçən bütün versiyaları dilə gətirir. Bu, siyasi analitik təfəkküründən doğan açıqlamalar deyil. Jirinovski sırf ölkəsinin təbliğat maşınının bir hissəsi kimi çıxış edir. Onun missiyası ictimai rəyə təsir göstərməkdən ibarətdir, prosesləri təhlil edib düzgün nəticə çıxarılmasına yardım etmək yox. Rusiya liberal-demokratlarının lideri eyni gündə dilə gətirdiyi başqa bir açıqlamasında deyir ki, İran gəncləri mövcud hakimiyyəti devirə bilər. Sitat: “İran dünyanın ən gənc dövlətidir. Burada əhalinin 70%-ni yaşı 30-dan aşağı olanlar təşkil edir. Əgər İran gəncləri rejimi dəyişmək üçün küçələrə çıxsalar, onların qarşısını nə ordu, nə də İnqilab Keşikçiləri Korpusu kəsə bilər”. Göründüyü kimi, bu açıqlamalarda İran rejiminə ünvanlanmış bir neçə istiqamət var:
Amerika İranla müharibəyə başlaya bilər - xarici düşmən amili.
İran gəncləri küçələrə çıxa və rejimi dəyişə bilər - daxili düşmən amili.
İran bütün bunların qarşısını almaq üçün ya Rusiyadan silah-sursat almalı, ya da ərazisində Rusiyanın hərbi bazalarını yerləşdirməlidir.
Şübhəsiz ki, Jirinovski bu mesajların içərisində, dolayısıyla İranla həmsərhəd olan ölkələrə də xəbərdarlıq etməyi unutmur. Onları da Rusiyanın çatısı altına keçməyə çağırır. Jirinovskinin açıqlamalarında onun missiyasından irəli gələn ölkədaxili ictimai rəyə hesablanmış fikirlər də var:
- Rusiya güclüdür, Amerikanın qarşısını yalnız Rusiya istehsalı olan silahlarla almaq olar;
- Regionda müharibə təhlükəsi artır və bu gün hər kəsi sosial problemlərin həllindən daha çox təhlükəsizlik məsələləri düşündürməlidir və s.
Daha öncə də qeyd etdiyim kimi, Jirinovskinin missiyası təbliğat aparmaqdan ibarətdir və o, bu missiyanı həyata keçirməkdə davam edir".

Beynəlxalq münasibətlər üzrə ekspert Elşən Mustafayev hər şeyin İrandan asılı olduğunu qeyd etdi: “İran regionun böyük dövlətlərindən biridir və son 30-40 ildə müharibələr aparmış və bu istiqamətdə təcrübə toplamış bir dövlətdir. Uzun illər sanksiyalarla üz-üzə qalan İranın bu sahədə də müəyyən immuniteti formalaşıb. İndiyə qədər verdiyim açıqlamalarda hər zaman demişəm ki, İran özü səhvlər buraxmasa, odu körükləməsə, ABŞ gərginliyi qaynar fazaya keçirməyə risk etməyəcək. Amma səhvlər edərsə, ABŞ daxildəki etirazları dəstəkləməklə istəyini həyata keçirə biləcək. Bunun nəticəsi müharibə də ola bilər və bu artıq daha real görünür. Amma göründüyü kimi, İran ard-arda səhvləri buraxıb və ölkə daxilində gərginlik pik həddə çatıb. Eyni zamanda Ukrayna təyyarəsini vurandan sonra beynəlxalq aləmdə də vəziyyəti ağırlaşıb. Jirinovskinin dediklərində həqiqət odur ki, İranda hansısa səbəbdən hakimiyyət və ya rejim dəyişikliyi olacağı halda böyük ehtimalla yeni hakimiyyət artıq rusiyameylli yox, qərbmeylli olacaq. Yəni regionda Rusiya azsaylı, eyni zamanda sanballı bir-bir müttəfiqini itirəcək. Həmçinin məlumdur ki, ABŞ-la Rusiya arasında hər hansı müharibə perspektivi yoxdur. Amma bir-birilərini zəiflətmək əsas hədəfdir ki, Vaşinqton hələlik bu sahədə öndədir. Rusiya təbii ki, açıq, yaxud gizli şəkildə İranı müdafiə etməyə cəhdlər edəcək. Amma proses əsasən İranın hadisələrə yanaşmasından, edəcəyi güzəştlərdən asılı olacaq”.
