|
Putin bu gün xalqa müraciət edəcək

Rusiya prezidenti Vladimir Putin bu gün Federal Şuraya müraciət edəcək. Ötənilki müraciətində hərbi silah istehsalı cəhətdən Amerikanı üstələdiklərini deyən Kreml sahibinin bu dəfə nələr deyəcəyi indidən maraq doğurur. Ekspertlərin bununla bağlı təxminlərini aldıq.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Putinin fərqli nələrsə deyəcəyini güman etmir: “Hesab edirəm ki, Putinin ötənilki və ya ondan qabaqkı ildən fərqi olmayan açıqlamaları olacaq. Sanksiyalara rəğmən əldə olunan uğurlara toxunacaq. Amma 90-cı illərə də toxuna və müəyyən problemlərin qaldığını qeyd edə bilər. Hərbi-sənaye kompleksinin inkişafında əldə olunacaq uğurlara da toxunacaq. Həqiqətən də Rusiya son bir ildə yeni müasir raketlər istehsal etdi, lazer raketləri idi. Putinin özünün dediyinə görə, Amerikada bu sahə o qədər də inkişaf etməyib. Bunu da xüsusi olaraq yenidən vurğulayacağını düşünmək olar. Onu da deyəcək ki, Amerikanın hegemonluğunu Rusiya qəbul etmir, birqütblü dünya heç kəsin  maraqlarına cavab vermir, çoxqütblü dünya formalaşmalıdır. Bu tipli bəyanatlar verəcəyini ehtimal edirəm.

elxan şahinoğlu: ile ilgili görsel sonucu

Əsas verilən açıqlamalar və Rusiyanın inkişafı olacaq. Rusiya ola bilsin ki, hərbi-sənaye kompleksini inkişaf etdirib, liderlər sırasındadır. Dünya ölkələrinə hərbi texnikalar satır və ötən il 13 milyard dollar qazanc əldə olunub. Amma iqtisadiyyatında ciddi irəliləyişlərin olduğunu demək olmaz. Səhv etmirəmsə, ötən il iqtisadi inkişaf 1.3% olub. Bunu özləri də tənqid ediblər ki, çox aşağı nəticədir. Böyük şəhərləri çıxmaq şərti ilə əyalətlərdə böyük iqtisadi inkişafdan danışmaq mümkün deyil”.

Politoloq Tofiq Abbasov təxminlərini bu cür bölüşdü: “Putinin deyəcəklərini, sadəcə, ehtimal edə bilərəm. Son bir ildə Amerika-Rusiya münasibətlərində heç bir ilıqlaşma görmədik. Xatırlayırsınızsa, ötən il Putin yeni silahlar barədə məlumat verdi. Yeni silahlar üzərində işlənilib və bu artıq orduya verilmək üzrədir. Bu məsələlərə toxunulacağı gözlənilir. Bugünlərdə Amerika prezidenti bildirdi ki, yeni silahların sınağını keçirmişik, bizdə elə silah var ki, heç bir qüdrətli dövlətdə yoxdur. Hər iki oyunçunun baxışlarında, yanaşmalarında silah-sursat məsələsi  xüsusi yer tutur. Bu da təsadüfi deyil. Çünki biz görürük ki, dünyada son ümid yeri bu silahlara gəlib dirənir. Ona görə də Rusiya, ABŞ və Çin bu proseslər üzərində araşdırma aparırlar, yeni silahlar üzərində işləyirlər. Güc tətbiqetmə məcburiyyətində qalanda, buna hazır olmaq istəyirlər. Doğrudur, deyirlər ki, Rusiyanın daxili sosial, iqtisadi vəziyyəti yaxşı deyil. Rusiyada sistemli şəkildə çalışırlar ki, ölkə silah-sursat cəhətdən geridə qalmasın. Silah bazarında ikinci yeri qorumaq istiqamətində səylə işlər görülür. Bu baxımdan Putin bu dəfə də dünyadakı geosiyasi vəziyyətlə bağlı açıqlamalar verəcək. Hansısa istiqamətlərdə geriləmələrin olduğunu qeyd edə bilər, amma hərbi silah-sursat cəhətdən Rusiyanın son dərəcə hazırlıqlı vəziyyətdə olmasını da diqqətə gətirəcək.

Politoloq Tofiq Abbasov ile ilgili görsel sonucu

Dünyanın ən ciddi problemlərindən olan Yaxın Şərqdən, Qərb-Şərq qarşıdurmasından, NATO-nin Şərqə doğru hərəkətindən söz açacaq. Yaxınlarda NATO-nun baş katibi bildirdi ki, qurum heç bir məsələdən təcrid olunmayıb. Qeyd etdi ki, ola bilər uğurlarımız düzgün qiymətləndirilməsin, amma bütün problemlər diqqətimizdədir. Rusiya özü üçün qənaətlər çıxarıb. Amerika dünya tərəfindən birinci supergüc kimi qarşılana, iqtisadiyyatda ilk yeri tuta bilər. Hərbi büdcəsinin də çox böyük olduğu istisna deyil. SSRİ-nin varisi olan Rusiya bu geriliklə barışmır. Göstəricilərinin gücü səviyyəsində olması şimal qonşumuzun əsas hədəflərindən biridir. Rusiyanın əsas problemlərindən biri də odur ki, istehsalı günün tələbləri səviyyəsində deyil. Sosial, iqtisadi baxımdan da yaxşı vəziyyətdə deyillər. Digər tərəfdən, il ərzində Rusiyanın ucqar yerlərində 20 minə yaxın yaşayış məntəqəsinin adı xəritədən silinir. Buna səbəb də həmin yerlərdə yaşayan insanların işlə təmin oluna bilməmələridir. Bu ölkədə yol infrastrukturu son dərəcə zəifdir. Putin vaxtaşırı 3-4 saatlıq mətbuat konfransı keçirir, insanlarla birbaşa təmas qurur. Bu, haradasa ondan xəbər verir ki, Putin öz komandasına  inanmır. Ona görə də onlayn vasitəsilə öz vətəndaşları ilə təmasa girir, onların dərdlərini dinləyir, onlara diqqət yetirir, tövsiyələrini qeydə alır.

Əyalətlərdə vəziyyətin ürəkaçan olmadığını Putin hakimiyyəti yaxşı bilir. Bu baxımdan, düşünürəm ki, onun müraciətində ölkədaxilindəki vəziyyətə kritik yanaşma öz əksini tapacaq. Rusiya hərbi cəhətdən daha güclü olmaq istəyirsə, sosial iqtisadi vəziyyətinin düzəlməsinə çalışırsa, dünyada öz yerini möhkəmləndirmək niyyətindədirsə, gərək daxildə vəziyyəti düzəltsin, problemləri aradan qaldırsın. İqtisadi artım, sosial vəziyyətin düzəlməsi birbaşa ölkənin siyasətinə də ciddi təsir edir. Hesab edirəm ki, Putinin Avrasiya məkanı ilə bağlı da öz xüsusi planı var. Bilirsiniz ki, burada iqtisadi birlik də formalaşıb. Postsovet məkanı ilə bağlı da Putinin fikirləri müraciətində öz əksini tapacaq. Bilirsiniz ki, son zamanlar Belarusun Rusiyaya birləşdirilməsi üçün məsələ yenidən gündəmə gəlib. Amma Belarus prezidenti Lukaşenkonun fikirləri oldu ki, ölkəsi Rusiya üçün daha bir regiona çevrilməyəcək, yəni Belarus öz müstəqilliyini saxlayacaq. Bu o deməkdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da bu iki ölkə arasında ixtilaflar yarana bilər. Problemlər çoxdur, çoxsaylı suallar ortadadır ki, hələ bunların cavabları tapılmayıb. Qlobal vəziyyətə müraciətdə nəzərə alınacaq. Suriya, Liviya kimi yerlərdə böhran hökm sürür ki, Rusiya bu məsələlərə biganə deyil. Öz münasibətini dəfələrlə ifadə edib. Bu yerlərdə öz hərbi maraqları var. İstənilən vaxt proseslərə qatıla bilər”.