Azərbaycanda magistratura pilləsinə qəbul qaydaları dəyişdirilib. Belə ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”na dəyişiklik edib.
Öncə bildirək ki, hazırda magistraturaya qəbul imtahanları iki mərhələdə aparılır. İmtahanın I mərhələsində ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi, II mərhələdə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi həyata keçirilir.
Qeyd edilib ki, qaydalara edilən yeni dəyişikliklərdə beynəlxalq təcrübədə olduğu kimi, magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulur.
Dəyişikliyə əsasən, magistraturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən bir mərhələdə mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçiriləcək.

“Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, burada anlaşılmayan məqamlar var: “Qərarda qeyd olunur ki, dəyişikliklər beynəlxalq təcrübəyə istinad olunur. Amma mənə maraqlıdır ki, hansı beynəlxalq təcrübəyə? Axı bizim heç bir universitet beynəlxalq reytinqdə yoxdur. Axı bizim heç bir universitetdə beynəlxalq təcrübəyə istinad olunmuş dərs keçirilmir. Axı bizim heç bir universitetdə əmək bazarının tələblərinə uyğun kadr hazırlığı həyata keçirilmir. Onlar bir yana dursun, bizim universitetlərin maddi texniki bazası, infrasturkturu, idarəetməsi, kitabxanası, mühazirə mətnləri dünya reytinqində ilk 2 mində olan universitetlərdən geri qalırsa, hansı dünya təcrübəsindən danışılır? Onsuz da bizim universitetlərdə tələbələr ixtisaslarını zəif oxuyurdu, heç olmasa magistratura səviyyəsinə qəbul zamanı bir az onu oxuyurdular, indi heç o da olmayacaq. Gəlin baxaq görək universitetlərimizin məzunları ölkədə hansı ciddi layihəni həyata keçirib? Hansı Bakıda inşa edilmiş gözəl binanın, mərkəzin memarı, layihəsini hazırlamış şəxs bizim universitetin məzunudur? Hansı texniki məhsulun, kəşfin müəllifi bizim universitetin məzunudur? Hansı qanun layihəsini öz məzunumuz yazıb, xarici ölkələrdən tərcümə edib dəyişməyib? Tibb sahəsində məzunların hansı uğurlu əməliyyatını danışa bilərik? İnformasiya texnologiyaları sahəsində hansı uğuru var bizim məzunların? Ümid edirəm ki, ölkə prezidenti cənab İlham Əliyev bu dəyişikliyi qəbul etməyəcək, ləğv edəcək. Maraqlıdır ki, magistratura - yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. Amma yüksək ixtisaslı kadr ixtisas imkanı vermədən qəbul olacaq”.
Ekspert bildirib ki, yeni qaydalar ciddi problemlər də yaradacaq: “Belə ki, yeni qaydalara görə bir mərhələdən sonra iştirakçıların təhsil aldıqları müddətdə əldə etdikləri akademik göstəricilər, yəni qiyməti, balı hesablanıb orta bal çıxacaq və o da birinci mərhələnin üzərinə gələcək yekun bal olaraq toplanacaq. Yaxşı bəs əvvəlki illərdə məzun olanların orta balı neçə çıxacaq? Axı indi qiymətləndirmə 100 ballıq şkala üzrə müəyyənləşir, amma əvvəllər 5 ballıq şkala üzrə qiymət alınırdı. Düzdür, magistratura səviyyəsində dünya təcrübəsinin Azərbaycan təhsil sisteminə tətbiq edilməsinin vaxtı çatıb. Amma bunu qəbul imtahanı ilə həyata keçirmirlər. Bunun üçün universitetlərdə ixtisaslar üzrə çatışmazlığı, ciddi problemləri aradan qaldırmaq lazımdır. Hazırda Avropada və Türkiyədə dərslərin əksəriyyəti tədqiqatyönümlü fənlərdir. Tədqiqat metodları, ixtisasa uyğun müxtəlif proqramlar, təhlil aparma metodları və sair tədris edilir. Bizdə bunların hansı var? Dünya yeni bir dövrə qədəm qoyur, daha çox ixtisas bilikləri yüksək səviyyədə olan kadrlarla ehtiyac duyulur, biz isə ondan imtina edirik. İmtahanda iştirak edənlərin nəticələri ixtisas fənindən imtinanın məqbul olmadğını göstərir. Belə ki, 2019-cu il fevralın 24-də keçirilən imtahanda iştirak etmək üçün 12684 bakalavr qeydiyyatdan keçib və onlardan 118 nəfəri (qeydiyyatdan keçənlərin 0,93 faizi) imtahana gəlməyib. 2017 və 2018-ci illərdə isə imtahanda iştirak etmək üçün müvafiq olaraq, qeydiyyatdan keçən 13081 və 12387 nəfərin 109 (0,83 faiz) və 146-sı (1,18 faiz) imtahana gəlməyib. 2016, 2015 və 2014-cü illərin analoji göstəricilərinə nəzər salsaq görərik ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı demək olar ki, son üç ildəkindən təxminən 2 dəfə çox olub. Bununla yanaşı, qeyd etmək lazımdır ki, 2014-2016-cı illərdə imtahana gəlməyənlərin qeydiyyatdan keçənlər içərisindəki payı 6-12 faiz arasında olub. 2017-2019-cu illərdə isə bu göstərici 1,18 faizdən yüksək olmayıb”.
K.Əsədov bildirib ki, son illər magistraturaya qəbul imtahanlarının ödənişli olması imtahanda iştirak etmək üçün daha məqsədyönlü və hazırlıqlı bakalavrların qeydiyyatdan keçməsinə zəmin yaradıb: “Bakalavrların imtahanda göstərdikləri nəticələri müvafiq illər üzrə müqayisə etdikdə yuxarıda qeyd olunanların təsdiqini görmək olar. 2018 və 2019-cu illərdə imtahanda iştirak edən bakalavrların müvafiq olaraq, 49,73 faiz və 53,61 faizi 50 baldan yuxarı nəticə göstərib. 2014-2016-cı illərdə isə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32 faizini təşkil edib. Bakalavrların imtahan nəticələrinə əsasən bu il median göstəricisi 51,36 bal olub. Bu, o deməkdir ki, imtahan iştirakçılarının (12545 nəfər) yarısı - 6273 nəfər bu göstəricidən daha yuxarı, qalan yarısı isə daha aşağı bal toplayıb. 2018-ci ildə isə median daha aşağı - 49,91 bal olub. İmtahanda iştirak edən 12241 bakalavrdan 6121 nəfər 49,91-dən yuxarı, qalanları isə aşağı bal toplayıb. 2019-cu ildə 91 və daha yuxarı bal toplayanların sayı 23 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 336 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 1369 nəfər olub. 2018-ci ildə isə müvafiq göstəricilər 11, 137 və 872 nəfərdir. Göründüyü kimi, bu il yüksək bal toplayanların sayı artıb. Bu il imtahanda iştirak edənlərin 7271 nəfəri (57,96 faiz) cari ilin, 5274 nəfəri (42,04 faiz) əvvəlki illərin məzunları olub. Ötən il bu göstəricilər müvafiq olaraq 6793 (55,49 faiz) və 5448 (44,51 faiz) olub. Bu il cari ilin məzunlarının imtahan iştirakçıları arasındakı payı ötən illə müqayisədə 2,47 faiz artıb. Cari il məzunlarının imtahanda əldə etdikləri nəticələr əvvəlki illərin məzunlarından hər il olduğu kimi bu il də yüksək olub. Belə ki, imtahanda cari il məzunlarının 65,94 faizi ən azı 50 bal topladığı halda, belələrinin əvvəlki ilin məzunları arasındakı payı 34,06 faiz olub. Ötən il bu göstəricilər müvafiq olaraq 63,80 faiz və 36,20 faizə bərabər olub. Digər tərəfdən, birinci mərhələdə keçirilən imtahanlar ikinci mərhələ qədər əhəmiyyətli deyil. Məsələn, məntiq üzrə yoxlanılan biliklər və imtahana salınan suallar humanitar yönümlü mütəxəssis üçün ciddi əhəmiyyət daşımır. Nəzərə alsaq ki, suallar, demək olar ki, riyazi məntiqlə bağlıdır və bir də nəzərə alsaq ki, həmin suallara yüksək cavab verənlər magistraturada təhsil alanda məntiqli cümlə qurub elmi iş yazmaq qabiliyyətini sərgiləyə bilmir, onda məntiq üzrə biliklərin yoxlanılmasının o qədər də ciddi əhəmiyyət daşımadığını düşünmək olar. Digər tərəfdən, ali məktəblərin tədris planlarında yer almayan və o sahəyə o qədər yaxınlığı olmayan bir fəndən biliklərin yoxlanılması özü heç məntiqli görünmür. Həm də bu fənn üzrə biliklərin yoxlanılması sonrakı mərhələlərdə o qədər də lazımlı olmur. Bu, ancaq həmin sahə üzrə çalışan repetitorların, brend kursların qazanc mənbəyindən başqa bir şey deyildir. Son illərdə magistr pilləsinə gedənlərin sayının azalmasına səbəb heç də imtahanlar deyil, imtahanlara görə tələb olunan xidmət haqının çox, 110 manat olmasıdır Əgər 2016-cı ildə magistr pilləsinə qəbul olmaq üçün 25 min nəfər müraciət edirdisə, və 3 manat ödəyirdisə, 2019-cu ildə 12 min nəfər müraciət edib və 110 manat ödəyib. Müraciət edənlərin sayını artırmaq üçün, plan yerlərini doldurmaq üçün DİM magistr imtahanları üçün tələb olunan xidmət haqqını azaltmalı, ali təhsil müəssisələri magistr pilləsi üzrə təhsil haqlarını aşağı salmalıdırlar”.
