|
ABŞ-ın iki düşməni: birinin silahı, o birinin iqtisadiyyatı güclü

“Amerika üçün əsas təhlükə Çin və Rusiyadır”. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn bildirib. Onun sözlərinə görə, Rusiya ilə yanaşı Çin ciddi rəqib kimi qəbul olunmalıdır.

“Milli müdafiə strategiyasına uyğun olaraq Amerikaya qarşı ən böyük təhlükə Çin və Rusiyadan gəlir”-deyə,  Obrayn vurğulayıb.

Obraynın bu açıqlamaları bir sıra müzakirələrə səbəb olub. Xüsusilə onun ABŞ üçün təhlükəli ölkələr sırasında İranın adını qeyd etməməsi diqqət çəkib.

Siyasi şərhçi Əhəd Məmmədli bu açıqlamalarda təəccüblü heç nə görmür: “Obraynın sözlərində heç bir yenilik, ya sensasiya yoxdur. Dəfələrlə deyilmiş sözlərin təkrarıdır. Tramp özü də bu yaxınlarda bildirmişdi ki, Amerikanın ən ciddi rəqibi Çindir. İndi də Trampın təhlükəsizlik üzrə müşaviri Obrayn yenə oxşar fikirlər bildirir. Rusiyanın ordusu, Çinin də iqtisadiyyatı Amerikanın ordusu və iqtisadiyyatından sonra dünyanın ikinci ordusu və iqtisadiyyatıdır. Ona görə də Obraynın Çini və Rusiyanı ABŞ üçün əsas təhlükə saymağında təəccüblü heç nə yoxdur. Çin və Rusiya Amerikaya təhlükədirlər, ona görə ki, ABŞ-dan sonra dünyanın 2 və 3 nüvə nəhəngidir. Həmçinin hər iki dövlət Amerikadan sonra dünyada ən çox atom bombası olan ölkələrdir. Əvvəla, Amerika İranla burun-buruna dayanmır, ikinci də Amerikanın İranla guya 1979-cu ildən münasibətləri pozulub, amma bu reallıqları yaddan çıxartmır. Reallıqlar da budur ki, Amerikanın müxtəlif rəsmiləri tərəfindən dəfələrlə deyilmiş sözlərdir ki, əvvəllər SSRİ-ni, sonra da onun varisi Rusiyanı, eləcə də Çini əsas rəqibləri gözündə görürlər. Zatən deməsələr də bu belədir. Bütün dünya bilən reallıqlardır.

Siyasi şərhçi Əhəd Məmmədli ile ilgili görsel sonucu

Və bu reallığı bir daha səsləndirməyin İrana heç bir aidiyyəti yoxdur. Çünki İran Amerikaya bərabər güclü rəqib deyil. İran Amerikanın regionda satellitləri İsrail, Səudiyyə Ərəbistan ilə rəqibdir. Ən yaxşı halda Türkiyə, Pakistanla rəqibdirlər. Amerika rəqibləri siyahısına Çin və Rusiya ilə bərabər İranı heç vaxt qoymayıb və qoymayacaq da. Bu və ya buna oxşar mesaj dünyaya İkinci Dünya savaşından sonra mütəmadi olaraq ABŞ tərəfindən ünvanlanır. Əvvəl sovet Rusiyası, indi də kommunist Çini ABŞ-ın əsas rəqibidir. Amerikanın Çini və Rusiyanı özünə əsas rəqib saymasının səbəbləri çoxdur. Çinin iqtisadiyyatının ikinci olması, əhalisinin və ordusunun sayının dünyada ən böyük olması, dünyanın üçüncü nüvə derjavası olmasıdır. Rusiyanın isə dünyada ordusunun ikinci sırada qərarlaşması, ən böyük əraziyə malik olması və ikinci nüvə nəhəngi olmasıdır. Güman edirəm ki, bu sadaladığım səbəblər Çinin və Rusiyanın ABŞ-a əsas rəqib olmalarının kifayət qədər göstəricisidir”.

Politoloq Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullazadə ABŞ rəsmisinin fikirlərində həqiqət payının çox olduğunu düşünür: “ABŞ-ın məqsədi yeni dünya nizamında öz mövqeyini gücləndirmək və jandarma rolunu inkişaf etdirmək üçün əsas maneə olan Rusiya və Çini zəiflətməkdir. Qeyd edim ki, ABŞ-ın sabiq prezidenti, oğul Corc Buş Rusiya, Çin və İranı şər üçbucağına daxil etmişdi. Məhz Çinin dünya iqtisadiyyatında artan rolu və Avropa və Asiyada, həmçinin Afrikada öz iqtisadi maraqlarını artırması Vaşinqtonu ciddi narahat edir. Asiyanın iqtisadi nəhəngi olan Çin iqtisadi rəqabətdə ABŞ-la yaxınlaşmaq iqtidarındadır. Məhz ABŞ-ın Çinlə ticarət müharibəsi, gömrük və vergi tariflərini artırması əsasən Çinin artan iqtisadi bumunun qarşısını almasıdır. ABŞ-ın uzun vədəli strategiyasında Rusiya və Çin ABŞ üçün ən təhlükəli ölkələrdir. Hesab edirəm ki, Rusiya və Çinin birlikdə fəaliyyəti ABŞ-ın Avrasiya regionunda mövqeyini zəiflətməyə qadirdir. Bu istiqamətdə tərəflər işlər aparır. Rusiya öz hərbi imkanları ilə bu işi Yaxın Şərq, Orta Şərq və Şərqi Avropada davam etdirir. Çin də bir qurşaq və bir yol layihəsi ilə öz siyasi və iqtisadi təzyiqini reallaşdırır, Yaxın Şərqdə, hətta İsraildə liman kirayə götürür, ABŞ bazalarının burnunun dibində fəaliyyətini sürdürür. Çin dənizində və Sakit okeanda tərəflər hərbi rəqabətdədir. Obrayn açıqlamaları ilə yeni dünya nizamında ABŞ-ın artan roluna maneə məhz iki ölkəni gördüyünü və mütləq hər iki ölkənin qarşısı alınmasa, ABŞ-ın qlobal gücünü itirməsi təhlükəsini xüsusilə vurğulayır. İran məsələsinə gəldikdə isə, İran ABŞ üçün qlobal müstəvidə deyil, regional şəkildə müəyyən qədər maneədir. İranı iqtisadi sanksiyalarla cəzalandırmaqla bu gün İran xeyli itkilərə məruz qalıb. İranla mübarizə ABŞ üçün qlobal bir məsələ deyil. Sadəcə, burada İranın Yaxın Şərqdə artan rolunu zəiflətmək və İranı Səudiyyə Ərəbistanı və Türkiyəyə qarşı zamanı gəldikdə dövriyyəyə buraxmaq siyasətinə malikdir. Hazırda İranla yaşanan gərginlik qlobal müstəvidə ABŞ üçün təhlükəli deyil. İran Rusiya və Çin qarşısında çox kiçik potensiala malikdir. Ona görə də Vaşinqton hazırda Rusiya və Çini özünə rəqib görür. Çünki hər iki ölkə ABŞ-ın beynəlxalq mövqeyini zəiflətmək iqtidarına malik müəyyən qüvvəyə malikdirlər. Hesab edirəm ki, Vaşinqton Rusiya və Çini yaxın perspektivdə, yəni ABŞ-da seçkilərdən sonra zəiflətməyə başlayacaq”.