|
Şəhidlər Xiyabanında təlxəklik edən əcnəbilər: xalqın ziyarətgahını necə tanıdaq?

DİN müqəddəs yerdə hindistanlı gənclərin 3 il qabaq klip çəkdirdiyini açıqladı, deputatlar, səfirlik və Turizm Agentliyi pislədi; Aqil Abbas: “Orada həmişə adam olur, onlar klip çəkəndə deyilməliydi ki, niyə hoppanıb düşürsünüz?”

Bir neçə gündür ki, sosial medianın Azərbaycan seqmentində hindistanlı gənclərin musiqi sədaları altında Şəhidlər Xiyabanında klip çəkdirməsi ilə bağlı görüntülər müzakirə olunur.

Əcnəbilərin bu addımı Azərbaycanda ictimai qınağa səbəb olub və bəzi siyasətçilər həmin şəxslərin ölkədən deportasiyasını təklif ediblər.

Şəhidlər Xiyabanındakı qəbirlərin önündən ritmik mahnının sədaları altında qaçan və oynayan bu gənclərin orada necə çəkiliş aparmaları müəmmalıdır.

Hindistanlıların bu hərəkətinə görə etiraz aksiyası keçirilməsi çağırışları da səslənirdi. Əcnəbilərin klip çəkmək üçün başqa bir yeri yox, məhz Şəhidlər Xiyabanını seçməsi də sual doğurur.

Məsələn, Fəvvarələr meydanı, Bakı bulvarı, İçərişəhər, Qız qalasının ətrafı, hətta Atəşgah da ola bilərdi.

Amma onların etdiyi cəmiyyəti qıcıqlandırmaq üçün bir təxribat idi, yoxsa məlumatsızlıqdan doğan hərəkət kimi qiymətləndirilməlidir, hələ ki bu aspektdən bir mövqe yoxdur. Kadrların indi yayılması da maraqlı məsələdir.

Azərbaycanlıların müqəddəs ziyarətgahı hesab edilən, ölkənin azadlığı uğrunda canından keçənlərin uyuduğu xiyabanda hansısa bayağı bir musiqinin atılıb-düşərək klipi ekranlaşdırılır.

Burada bir sənədli, tarixi kino çəkilsəydi, hətta hansısa filmin bir səhnəsi, epizodu lentə alınsaydı, yenə də haradasa anlamaq olardı.

Aydın Mirzəzadə ile ilgili görsel sonucu

Ona görə V çağırış üzrə deputat Aydın Mirzəzadə video yayılan ilk gün müqəddəs sayılan məkanda belə hərəkətin yolverilməz olduğunu bildirmişdi:

“Bu məsələyə çox ciddi yanaşılmalıdır. Həmin şəxslər tapılıb dərhal ölkəmizdən deport edilməli və uzun müddət Azərbaycana gəlməsinə qadağa qoyulmalıdır.

Eyni zamanda Hindistanın Azərbaycandakı səfirliyinə bura səfər edən vətəndaşlarına Azərbaycanın tarixinə, dəyərlərinə hörmət edilməsini xatırlatması çatdırılımalıdır".

Hindistan səfirliyindən də bildirilmişdi ki, yayımlanan video qurum tərəfindən pislənir: “Videoda Şəhidlər Xiyabanına olan hörmətsizlik yer alır. Səfirlik bu addımı pisləyir, qınayır və  məsələnin araşdırılması üçün Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqəli çalışır".

Kənan Quluzadə ile ilgili görsel sonucu

Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə də məsələyə reaksiya verib və virtualaz.org-a deyib ki, turpaketlə ölkəmizə səfərlər təşkil olunan zaman turistlərə bu cür məlumatlar verilir. Amma bu, həm də etika məsələsidir:

“Əgər etika, tərbiyə imkan vermirsə, turistlər belə hərəkət etmirlər. Çünki hər bir turistin üzərinə nəzarətçi qoymaq mümkün deyil. Ümumiyyətlə, belə hadisənin baş verməsi çox xoşagəlməz haldır”.

K.Quluzadə bildirib ki, həmin turistlərin Bakıya hansı turizm şirkəti tərəfindən gətirilməsi ilə bağlı məlumatlı deyil. Hazırda agentlik həmin şəxslər barəsində araşdırma aparır.

Ehsan Zahidov ile ilgili görsel sonucu

Yanvarın 14-də isə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov modern.az-a söyləyib ki, araşdırma zamanı kadrlardakı Hindistan vətəndaşlarının həmin klipi 3 il öncə çəkdiklərini müəyyən edilib.

“Məsələ ilə bağlı  Bakı Şəhər Baş Polis İdarəsi məlumat yaymışdı. Video sosial şəbəklərdə yayıldıqdan sonra Səbayel Rayon Polis İdarəsində araşdırılma aparıldı. Məlum oldu ki, bu video 3 il əvvəl çəkilib. Görüntülərdəki vətəndaşlar da xarici ölkə vətəndaşlarıdır”.

Aqil Abbas ile ilgili görsel sonucu

V çağırış üzrə deputat Aqil Abbas “Yeni Müsavat”a dedi ki, həmin gənclər axmaqlıq ediblər: “Amma Şəhidlər Xiyabanına gələn adama deyə bilməzsən ki, niyə gəlmisən?

Orada həmişə adam olur, onlar həmin vaxt klip çəkəndə deyilməliydi ki, niyə hoppanıb düşürsünüz? Ancaq bütün turistlərə izah etmək mümkün deyil. Sadəcə, hər kəsin mərifəti var".

A.Abbas hesab edir ki, Şəhidlər Xiyabanı haqda bütün turistlərə turizm firmaları məlumat verə bilməz: “Mən Türkiyəyə, yaxud Almaniyaya gedəndə məlumat verirlər ki, bu ölkədə şəhidlik haradadır? Əgər elm adamı qonaq kimi gələrsə, onu qarşılayan təşkilat deyə bilər ki, Şəhidlər Xiyabanı var, Fəxri Xiyaban var. Ona görə biz Şəhidlər Xiyabanının qarşısında bir adam saxlaya bilmərik ki, hər gələndən söz soruşsun. Onsuz da orada adamlar olur, kim gəlir, kim gedir görürlər".