|
Tofiq Zülfüqarov: “Baş verənlər İrana qarşı növbəti təzyiq dalğalarından biri ola bilər”

Amerika ilə ciddi gərginlik yaşayan rəsmi Tehran indi də Böyük Britaniya ilə burun-buruna dayanıb. Buna səbəb də, bu ölkənin İrandakı səfiri Rob Makeyrin qısa müddətə olsa da, saxlanılmasıdır. O, Tehranda keçirilən qanunsuz nümayişdə naməlum əcnəbi kimi saxlanılıb. 

İran Britaniya səfirinin saxlanılması ilə bağlı rəsmi açıqlama yayıb. 

Oxu.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Abbas Arakçi özünün “Twitter” səhifəsi vasitəsilə məlumat yayıb. 

O bildirib ki, Böyük Britaniyanın bu ölkədəki səfiri Rob Makeyr qanunsuz nümayişdə naməlum əcnəbi kimi saxlanılıb. 

“O, qanunsuz aksiyada naməlum əcnəbi kimi saxlanmışdı. Polis mənə saxlanılan şəxsin Böyük Britaniyanın səfiri olduğunu iddia etdiyini bildirdikdə dedim ki, “Ola bilməz!”. 

Yalnız onunla telefon söhbətimdən sonra tanıdım. Bu şəxsin səfir olduğu bəlli olduqdan on beş dəqiqə sonra sərbəst buraxıldı”. 

İran ölkənin daxili məsələlərinə müdaxilə etməməsi ilə bağlı Böyük Britaniyaya ciddi xəbərdarlıq edib.

BakuPost xəbər verir ki, İran hökumətinin sözçüsü Əli Rəbii “bu, bir səfirin vəzifələrinə zidd, qəbuledilməz və qeyri-peşəkar hərəkətdir. Britaniya səfiri bu hərəkətinə görə İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona və Britaniya hökumətinə İranın etirazı bildirilib" – deyə qeyd edib.

Məsələ ilə bağlı açıqlama verən İngiltərə Xarici İşlər Naziri Dominik Raab səfirin bu şəkildə həbs edilməsini beynəlxalq hüququn dəhşətli şəkildə pozulması kimi dəyərləndirib. 

Bir ölkənin səfirinin hansı hallarda nəzarət altına alınmasının, yaxud həbsinin mümkün olması yönündə ən müxtəlif mövqelərə rast gəlirik. Eyni zamanda, son gərginliyin İran-Britaniya münasibətlərinə hansı dərəcədə təsir edəcəyi də ciddi müzakirə olunur.

İranda general Qasım Süleymaninin Amerika tərəfindən qətlə yetirilməsindən sonra bu hadisənin idarəetməyə ciddi təsir etdiyi vurğulanır. Arqument kimi də, səhvən 200 yaxın insanın öldürüldüyü Ukrayna təyyarəsinin vurulması, indi də bir ölkənin səfirinin səhvən saxlanılması göstərilir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, səfirin qısa müddətli saxlanılması elə də böyük hadisə deyil: “Mən belə başa düşdüm ki, Xarici İşlər Nazirliyinə zəng ediləndə dərhal bu adamı buraxıblar. Səhvlər ola bilər, amma bu sistemli səhv deyil. Bu baxımdan hesab edirəm ki, bu səhvi o qədər də böyütmək düzgün olmazdı. Səfir diplomatik immunitetə malik bir insandır. Diplomatik nümayəndəlikdə işləyən insanlar üçün üç səviyyə var. Texniki heyət, diplomatik heyət və səfir. Bunların hər birinə özünəməxsus diplomatik immunitet halları mövcuddur. Bu hadisədə mən sadəcə olaraq, texniki səhv görürəm. Baxır ki, səfiri hansı səviyyədə saxlayıblar. Sənədləri təqdim edib ya yox?  Təqdim edəndən sonra ona qarşı hansı addımlar atılıb? Bunları dəqiqləşdirmək lazımdır. Burada çox müəmmalı məsələlər var. Bu və ya digər diplomat administrativ yoxlamaya özü icazə verməlidir. Britaniya səfirinin saxlanılması zamanı o qədər dövlətləri üz-üzə qoyacaq halların baş verməsinə qətiyyən inanmıram. Bu baxımdan bunu texniki məsələ kimi qəbul edirəm. Ortada dəqiq məlumatlar olsa, daha konkret şərh vermək olardı. Məndə olan məlumata görə, səfiri 15 dəqiqə içərisində azad ediblər. Hər halda İran tərəfi belə deyir”.

Sabiq nazir səhvən Ukrayna təyyarəsinin vurulmasından sonra indi də, səfirin səhvən saxlanıldığını rəsmi Tehranın dilə gətirməsini bu cür izah etdi: “Amerika və digər Qərb ölkələri ilə yaşanan böhran bu və ya digər şəkildə idarəetmə sisteminə təsir edir. Məsələn, Ukrayna təyyarəsi vurulanda günahlardan biri kimi gərgin vəziyyət göstərilmişdi. İdarəetmə sistemində böhran yaşamayanda bu cür hallar baş verməz. Amma ortada böyük böhran yaşanır. Bu böhran çox məsələlərə təsir edib. İnformasiya müharibəsini də burada qətiyyən unutmaz olmaz”.

T.Zülfüqarov Britaniya səfirinin İrandakı aksiyalarda iştirakına da toxundu: “İştirak deyəndə nə nəzərdə tutulur? Əgər burada təlimat olsaydı ki, diplomatik nümayəndəliklərə iştirak, nəzarət və müşahidə etmək məsləhət görülmür. Bu başqa məsələ olardı. Burada iştirak məsələsi geniş məfhumdur. Şüarmı qışqırırdı, təşkilatı işlərləmi məşğul olurdu və s. Əgər bunlar olsaydı, o zaman onu ittiham etmək olardı ki, diplomatik vəzifəyə uyğun olmayan bir fəaliyyətlə məşğuldur. Adətən, səfirlərə qarşı bu cür ittihamları irəli sürmək çətin olur. Çünki bu çox mürəkkəb bir məsələdir. Bunu “diplomatik böhran” kimi qələmə vermək olur. Sonda onu qeyd edim ki, baş verənlər İrana qarşı növbəti təzyiq dalğalarından biri ola bilər”.