İranın vurduğu Ukrayna Hava Yollarına aid sərnişin təyyarəsində həyatını itirən insanların xatirəsinə Tehranda təşkil olunan aksiya İran hakimiyyəti əleyhinə genişmiqyaslı etiraz dalğasına çevrilib. Artıq bir neçə gündür etirazlar davam edir. Hökumət və dövlət rəhbərliyinin istefası şüarları da irəli sürülməyə başlayıb. Etirazlarda “Diktatora ölüm!”, “Yalançılara istefa!”, “SEPAH utan, ölkəni rahat burax!”, “Mənə fitnəçi demə, fitnəçi sən özünsən” kimi şüarlar səsləndirilib.
İran polisi səsləndirilən şüarlardan sonra izdihama müdaxilə edib. Polis aksiya yerinə gedən yolları bağlayıb və vətəndaşların o tərəfə doğru getməsinə icazə verməyib.
Ölkə paytaxtında və bir sıra şəhərlərdə gərginliyin davam etdiyi xəbərləri dünən də yayılıb.
İranda son günlər baş verən hadisələr, xüsusən etirazlar Azərbaycanda da siyasi dairələrdə diqqətlə izlənir.

YAP-ın şöbə müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, İranda son günlər baş verən hadisələr ölkədaxili proseslərdir, xarici faktorların da müəyyən qədər təsiri var: “Son dövrlər regionda olan gərginlik, İranla ABŞ arasında baş verən hadisələr də İran daxilindəki hadisələrə təsir edir. Bu, İran daxilində gedən proseslərin növbəti mərhələsidir. Hesab edirəm ki, İran cəmiyyətinin kifayət qədər potensialı var ki, öz daxilində gedən prosesləri ölkə konstitusiyası çərçivəsində həll edə bilsin. İran Azərbaycanın tarixi qonşusudur, bizim ümumi mədəniyyətimiz, bəzi dövrlərdə ümumi tariximiz olub. Biz qonşu dövlətin daxilində sabitliyin, problemlərinin həll edildiyi bir mühitin olmasında maraqlıyıq. Azərbaycan bu işlərdə İrana uğurlar arzulayır. Çox istərdik ki, həm hazırda İranla ABŞ arasında olan gərginlik tezliklə aradan qalxsın, həm də ölkənin daxilindəki məsələlər öz həllini tapsın”.

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, general Qasım Süleymaninin ölümündən sonra Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən qanadlı raketlə vurulması İranla bağlı beynəlxalq təzyiqlərin güclənməsi ehtimalı ilə yanaşı daxildəki gərginliyin artmasına da zəmin yaratmışdı. Belə də oldu: “Məlum olduğu kimi, İranda benzinin qiymətinin artması müstəvisində başlayan kütləvi etirazların yatırılmasında Qasım Süleymaninin rəhbərlik etdiyi İran İslam İnqilabı Keşikçiləri Korpusu xüsusi qəddarlıq nümayiş etdirmişdi. İran rejiminin nəzarətində olmayan kütləvi informasiya vasitələrinin mütləq əksəriyyətinin, həmçinin beynəlxalq hüquq müdafiə təşkilatlarının məlumatlarında SEPAH-ın 1500-dək etirazçını qətlə yetirdiyi bildirilir. Təyyarənin vurulması da əslində SEPAH-ın nə qədər amansız və eyni zamanda məsuliyyətsiz bir hərbi birləşmə olduğunu sübuta yetirdi.
Bu gün bir çox araşdırma mərkəzləri Qasım Süleymaninin ölümündə İranın yüksək dini-siyasi elitasının da maraqlı olduğunu bildirir. Bu yanaşma onunla izah olunur ki, Süleymani həm müstəsna səlahiyyətləri olan şəxs kimi hakimiyyət üçün ciddi təhlükəyə çevrilmişdi, həm də ölkə daxilindəki etirazların yatırılmasında onun və tərəfdarlarının nümayiş etdirdiyi qəddarlıq Qasım Süleymaniyə və SEPAH-a qarşı böyük nifrət yaratmışdı. Bu nifrət isə, təbii ki, öz növbəsində onsuz da gözdən düşmüş sistemin özünə qarşı yönəlirdi. Bu baxımdan Qasım Süleymaninin aradan götürülməsində maraqlı tərəflərin sayı çox ola bilərdi və bu ehtimal həqiqətə daha yaxın görünür.
Amma təyyarə ilə bağlı olay Qasım Süleymaninin ölümünün yaratdığı sükutu aradan qaldırdı və əks-effekt verdi. Bu hadisədən sonra SEPAH-ın bütün dünyada terror təşkilatı kimi tanınması gündəmə gələ bilər. Həmçinin İranın hava məkanının qapalı elan edilməsi də mümkündür. İrana qarşı yeni sanksiyaların tətbiqi də real görünür. Məlum olduğu kimi bir sıra Avropa və Asiya ölkələri İrana münasibətdə daha yumşaq siyasətin tərəfdarı kimi, çıxış edirdilər. Təyyarənin vurulması faktı isə İrana qarşı sərt siyasət yürüdülməsinin tərəfdarı olanların mövqelərini daha da möhkəmləndirib və bu amil rəsmi Tehrana qarşı sanksiyaların yeni dalğasında informasiya savaşının əsas elementlərindən biri kimi istifadə oluna bilər.
Başqa bir amil isə iqtisadiyyatı enerji sektorundan asılı olan İranın neft ixracında yaşadığı ciddi problemlərlə bağlıdır. Ölkə artıq öz enerji resurslarının 95%-ni dünya bazarına çıxara bilmir. Hətta Çinin dövlət şirkətləri də İrandan neft almaqdan imtina ediblər. Bu prosesə Çinin özəl sektorunun qoşulacağı da gözləniləndir.
Bu isə deməkdir ki, İran öz ətrafındakı təhlükəsizlik çəmbərini tamamilə itirmək üzrədir. Çünki nə Suriya, nə İraq, nə Fələstin, nə Yəmən, nə də Liviyadakı iranmeylli qüvvələri maliyyələşdirmək və bölgədə maraqı olan güclərin diqqətini həmin ərazilərə yönəltmək mümkün olmayacaq. İndi İranın özü diqqət mətkəzindədir və çox güman ki, proseslər iqtisadi böhranın dərinləşməsi müstəvisində sosial etirazların daha da güclənməsinə zəmin yaradacaq".

Siyasi analitik Məhəmməd Əsədullazadə isə bildirdi ki, ABŞ-ın İraqda SEPAH-ın Qüds briqadasının komandanı general Qasim Süleymanini öldürməsi İran ətrafında və daxilində ciddi proseslərə gətirib çıxarıb. Eyni zamanda bu qətl İran hakimiyyəti daxilində ziddiyyətlərə və kəskin fikir ayrılıqlarına da səbəb olub: “Etirazlarda bu amil də rol oynayır. Dövlət daxilində ”dövlət" olan SEPAH prezidentə qarşı siyasət ortaya qoyaraq müstəqil qərarlar verməyə, mötədil Ruhani hakimiyyətinin zəifləməsi istiqamətində işlər aparır. Rəsmi Tehran o qədər daxildə ciddi fikir ayrılıqlarına malikdir ki, mülki təyyarələrin hədəfə alınması baş verdi. Tehran yaxınlığında SEPAH tərəfindən vurulan sərnişin təyyarəsi heç də insan səhvi deyil. Bu, düşünülmüş və planlı şəkildə həyəta keçirilmiş daxili siyasi hakimiyyət gərginliyindən irəli gələn bir akta bənzəyir. Ona görə də təyyarə olayından sonra Tehran Universitetinin tələbələri etirazlara başladı və bu etirazlar digər şəhərlərə yayıldı. Vətəndaşlar baş verənlərin İran xalqının əleyhinə olduğunun və aparılan siyasətin dövlətin təməl prinsiplərini zədələndiyinin fərqindədirlər. Hesab edirəm ki, bu etirazlar xroniki hal alacaq və hakimiyyət üçün ciddi başağırısına səbəb olacaq. Artıq etirazlar təkcə sosial səbəblərlə bağlı deyil, birbaşa siyasi səbəblərdən qaynaqlanır və burada hakimiyyətin hər hansı bir addım ataraq vətəndaşları sakitləşdirməsi çətin görünür. Etiraz aksiyalarında Süleymaninin posterlərinin cırılması ABŞ əleyhinə deyil, Xamneyi əleyhinə şüarların səslənməsi bir müddətdən sonra daha da kütləvi hal alıb, silahlı münaqişəyə çevrilməsi təhlükəsi var. Bu istiqamətdə müəyyən qruplar fəaliyyət göstirirlər. Etirazçılara qarşı silah işlənməsi porsesləri daha da qızşdıra və Avropa Birliyinin də İrana qarşı sanksiyalar tətbiq etməsinə gətirə bilər. Hesab edirəm ki, aksiyalar İranın apardığı siyasətə qarşı yönəldiyindən İranın geri addım atması real görünmür. Çünki regiondan çəkilməsi onun məğlubiyyətinə və iflasına gətirəcək. İranı yaxın perspektivdə ciddi etirazlar və daxili problemlər gözləyir. Rəsmi Tehran Yaxın Şərqdən çıxmayınca daxili faktor hakimiyyəti laxladacaq və sistemin dayaqları zəifləyəcək. İran əhalisinin artıq təyyarə olayından sonra sistemə etimadının azaldığı müşahidə edilir".
