Yaxın Şərqdə gərginləşən vəziyyətlə əlaqədar bəzi aviaşirkətlər İran və İraq üzərindən uçuşları dayandırıb. Bunların arasında “Air France”, “Lufthansa”, “Singapore Airlines”, “EVA Air”, “Malaysia Airlines”, “Vietnam Airlines”, “Qantas”, “Air Astana” var. Həmçinin Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Rusiya aviaşirkətlərinə İran və İraq üzərindən uçuşları həyata keçirməməyi tövsiyə edib.
Eyni zamanda Türkmənistan Beynəlxalq Hava Yollarının Təhlükəsizlik Şurası ölkənin bütün daşıyıcılarının İran hava məkanının istifadəsini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib. Qərar Türkmənistan mülki aviasiyasının uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə verilib.
ABŞ Federal Aviasiya Administrasiyası döyüş tipli təyyarələr istisna olmaqla, digər Amerika təyyarələrinin İraq, İran, Körfəz və Oman üzərindəki hava məkanlarında uçuşunu qadağan edən bir bildiriş yayıb. Federal Hava Nəqliyyatı Agentliyi də Rusiya aviaşirkətlərinə İran və İraqın hava məkanlarından istifadə etməməyi və Fars və Oman körfəzləri üzərindən uçmamağı tövsiyə edib.
Azərbaycanda isə durum fərqlidir. Belə ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Buta Airways” aviaşirkətləri hazırda İran istiqamətində və bu ölkənin ərazisi üzərindən keçməklə yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.
AZAL-dan modern.az-a verilən məlumata görə, o cümlədən aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.
Xatırladaq ki, yanvarın 8-də Ukraynanın “Boeing 737" təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-i Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.

Bəs ölkənin hava məkanından istifadəyə görə ödənişlər edilirmi?
“Yeni Müsavat”a danışan ekspert Natiq Cəfərli bildirib ki, hava məkanından istifadəyə görə müqavilələrə uyğun olaraq ödənişlər edilə bilir: “Belə bir qaydalar qarşılıqlı tənzimləmələr əsasında olur. Məsələn, Azərbaycan beynəlxalq hava məkanından istifadə qaydalarına qoşulduqca, belə bir hallar ola bilir. Hazırda Avropa Birliyi ilə danışıqlar gedir. Söhbət hava məkanından istifadədən gedir. Bu cür danışıqlar əsasında qarşılıqlı öhdəliklər götürülür və qarşılıqlı ödənişlər həyata keçirilir. Ancaq çox zaman daimi relslərdən ödənişsiz istifadə edilir. Çarter (nəqliyyat vasitəsinin sahibi ilə bu vasitənin icarədarı arasında bağlanan müqavilədir. Müqavilə nəqliyyat vasitəsinin (gəminin, təyyarənin) yaxud onun bir hissəsinin müəyyən müddətə və ya bir reysə icarəyə götürülməsi üçün bağlanır) reyslərindən çox zaman vəsait alınır. Bunun üçün müəyyən ödəniş nəzərdə tutulur. Çünki Azərbaycanın hava məkanından keçən istənilən təyyarəyə məsuliyyət də ölkənin üzərinə düşür. Bu məsuliyyətin qarşılığında, təhlükəsizlik qaydalarının təmin edilməsi, onlara texniki dəstəyin göstərilməsi üçün müəyyən ödənişlərin olması mümkündür. Belə bir təcrübə dünyada da mövcuddur”.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, 1 yanvar 2020-ci il tarixindən etibarən sözügedən “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verir.
“Hava azadlığı” qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında daha çox hərəkət etməsinə icazə verilir.
Beləliklə, beşinci qrup “hava azadlığı” xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirərkən sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Bakıda (və digər hava limanlarında) eniş etmək icazəsi verir. Misal üçün, beşinci qrup “hava azadlığı” çərçivəsində Avropa aviadaşıyıcıları Bakıda (və yaxud ölkənin digər hava limanlarında) dayanmaqla Paris-Tokio reysini yerinə yetirə biləcəklər. Və yaxud Yaponiyaya məxsus aviaşirkətlər Avropa İttifaqı ölkələrinə uçarkən Azərbaycanın beynəlxalq hava limanlarından birinə eniş edə bilərlər. Yeddinci qrup “hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir. Misal üçün, Avropa aviaşirkəti Dubaydan Azərbaycana gələ və daha sonra öz ölkəsində eniş etmədən ABŞ-ın hər hansı bir şəhərinə uçuş həyata keçirə bilər.
Onu da bildirək ki, Azərbaycanın beynəlxalq hava limanlarında xidmət göstərilən sərnişinlərin sayına görə yeni rekord müəyyənləşdirilib. Ümumilikdə, 2019-cu ildə sərnişin dövriyyəsi 5,56 mln. nəfər təşkil edib.
Sərnişin dövriyyəsi üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlərlə yanaşı “Türk Hava Yolları” (Türkiyə, 492 min sərnişin), “FlyDubai” (BƏƏ, 237 min), “Aeroflot” (Rusiya, 193 min), “AirArabia” (BƏƏ, 169 min), “UIA” (Ukrayna, 124 min), “Qatar Airways” (Qətər, 106 min), “Lufthansa” (Almaniya, 66 min) və “SCAT” (Qazaxıstan, 62 min) daxil olub.
