Azərbaycana qonşu olan ölkələrdə “donuz qripi” kimi tanınan H1N1 virusunun yayılması xəbərləri gəlir. Xüsusilə də Gürcüstanda bu virusa tutulanların olduğu qeyd edilir. Eyni zamanda Ermənistanda H1N1 tipli “A” qripindən (“donuz qripi”) ölüm halı qeydə alınıb. Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumatda qeyd edilib ki, laborator tədqiqatlar nəticəsində A/H1N1 virusunun bir alt növü təsdiqlənib. Həmin şəxs xəstəliyin 10-cu günündə boğulma sindromu ilə, həddən artıq ağır vəziyyətdə həkimlərə müraciət edib. Qeyd edilib ki, 11 yanvar tarixinə kəskin respirator infeksiya ilə tibb müəssisələrinə müraciət edənlərin 668 nəfəri xəstəxanalara yerləşdirilib. Onların da 97,9% -i 18 yaşınadək uşaqlardır.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib ki, Azərbaycanda indiyədək “donuz qripi”ndən ölən olmayıb. O, modern.az saytına açıqlamasında söyləyib ki, hazırda mövsümə uyğun olaraq, Azərbaycanda qrip və kəskin respirator infeksiya yayılıb: “Hamımızın ətrafında, dost-tanışında, ailə üzvləri arasında qriplə xəstələnənlər var, amma bu, insanları qorxudacaq dərəcədə epidemik xarakterli deyil. ”Donuz qripi", H1N1, H3N2 və sair - bunlar yayılması ehtimal olunan viruslardır, amma indiyədək respublikada “donuz qripi”, yaxud “quş qripi” ilə xəstələnənlər yoxdur. Ən azından bizim klinikada da bu cür ağır xəstələr yoxdur və digərlərində olması barədə də məlumat almamışam".
Həkimin sözlərinə görə, insanlar xəstəliyə yoluxubsa, ictimai yerlərdə çox olmaqdan çəkinməlidirlər, maskalardan istifadə etməlidirlər: “Həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. İşləyənlər işə, tələbələr universitetə, məktəblilər məktəbə, körpələr bağçaya getməməlidir. Virusa yoluxmuş birinin 10-15 dəqiqə ictimai yerdə olması, digərlərinin də xəstələnməsinə kifayət edir. Buna görə xəstələnmə hallarında ictimai yerlərdə olmaqdan mümkün qədər çəkinmək lazımdır”.
Məlumat verək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “quş qripi” təhlükəsi səbəbilə Polşadan Azərbaycana diri quş və quş əti idxalını müvəqqəti dayandırıb. Bu virusun əslində bir fırıldaq olduğunu deyənlər də var. Bu fikrin müəllifləri hesab edirlər ki, dünyada müxtəlif növ qriplərdən hər il insan ölümləri baş verir. Bu ölümlər isə sadəcə olaraq, həmin insanların orqanizmlərindəki digər çatışmazlıqlarla bağlıdır.

“Donuz qripi”nin əsas əlamətləri bunlardır: 39 dərəcədən yüksək olan hərarət, boğazda ağrı və öskürək, zökəm, baş və əzələ ağrıları, bəzən də qusma və ishal.
Həkimlər hesab edirlər ki, əslində A ( H1N1) virusunun əlamətləri adi qripdə olduğu kimidir. Bunu yalnız 39 dərəcədən yuxarı olan hərarətlə ayırd etmək olur. Tövsiyə olunur ki, qripə yoluxma zamanı hərarət yüksələn zaman onu aspirinlə endirməyə çalışmaq lazım deyil. Çünki aspirin “donuz qripi”nin inkişafına yardım edir.
Qeyd olunur ki, xəstəliyə tutulan şəxs 7 gün ərzində yoluxdurucudur. 7 gündən sonra infeksiyanın yayılma riski azalır, amma azyaşlı uşaqlarda virus həmişə aktiv olur, xəstəlik uzun müddət yoluxdurucu qala bilir.
“Yeni Müsavat”a danışan həkim Hüseyn Mehdiyev bildirib ki, “donuz qripi” bir zamanlar geniş yayılan “quş qripi”ndən zəifdir: “Lakin buna baxmayaraq insanlar müayinə olunmalıdırlar. Özlərində halsızlıq və digər bu qripin əlamətlərini hiss edən kimi həkimə müraciət etsinlər. Yüksək qızdırma ilə qrip gələn zaman bunun adını adi soyuqlama qoyub, qızdırma salan dərmanlardan istifadə etmək olmaz. Çünki virusa yoluxma varsa, bu üsulla insan özü-özünü aldadır və qrip daha da dərinləşir. ”Donuz qripi"nin fərqli cəhətlərindən biri də odur ki, dərhal ağciyərlərə fəsad verir. Orqanizmin müqaviməti ciddi səviyyədə aşağı düşür və insan pnevmoniya olur. Son dövrlərdə səhiyyənin hansı səviyyədə inkişaf etməsindən asılı olmayaraq, bu mərhələdə bəzən insanı həyatda saxlamaq olmur. Ona görə də həddindən artıq ehtiyatlı olmaq lazımdır".
