Son iki ildə Azərbaycanın gömrük sistemi dünyanın ən modern və şəffaf gömrük sisteminə çevrilməkdədir. Belə ki, Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən insanların ölkədən giriş-çıxış qaydaları xeyli sadələşdirilib, xarici ticarət iştirakçıları üçün əlverişli şərait yaradılıb, elektron xidmətlərin sayı artırılıb, sistemdə şəffaflığı təmin etmək üçün tədbirlər həyata keçirilib. Təsadüfi deyil ki, “Doing Business 2020" hesabatında ”Sərhəddə ticarət" indikatoru üzrə bu il ölkəmiz bir pillə irəliləyib. Bu, Azərbaycan üçün uğurlu nəticədir.
Gömrük-keçid məntəqələrində ödənilən vergi və rüsumların vətəndaşlar, eyni zamanda sahibkarlar tərəfindən elektron qaydada həyata keçirilməsi nəticəsində həm insanların, həm yüklərin, həm də nəqliyyat vasitələrinin sənədləşməsinə sərf edilən müddət gözlənilməz dərəcədə qısaldılıb, sürətli keçid təmin olunub, əvvəllər müşahidə edilən uzun-uzadı növbələrin, sıxlığın qarşısı alınıb.
Təkcə ötən dekabr ayında həyata keçirilən “Elektron növbə” layihəsi buna əyani sübutdur. Artıq bu layihə çərçivəsində şəxsi minik avtomobili ilə xaricə səyahət edənlər gömrük-sərhəd keçid məntəqələrinin qarşısında növbə gözləmədən daha rahat və sürətli keçə bilir.

Qeyd edək ki, bu layihəyə əsasən 3 cür xidmət təklif olunur. Bunlar “Elektron növbə” (e-növbə), “Sürətli keçid” (Fast Track), “CİP xidmətləri”dir. Bu xidmətdən istifadə etmək üçün yalnız bir-iki dəqiqə vaxt sərf etməklə internetə çıxışı olan istənilən məkandan və ya mobil telefon vasitəsilə DGK-nın rəsmi internet səhifəsinə daxil olub, qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat uğurla başa çatdıqdan sonra canlı növbəyə durmadan növbədənkənar gömrük ərazisinə daxil olmaq mümkündür.
Ümumilikdə isə 2019-cu ilin 10 ayı ərzində 3,5 milyonadək elektron xidmət göstərilib, o cümlədən xarici ticarət iştirakçılarına göstərilən elektron xidmətlərin sayı 15-i keçib.
Gömrük sahəsində görülən ən uğurlu islahatlardan biri, bəlkə də ən birincisi “Yaşıl dəhliz” sisteminin tətbiqidir. Prezident İlham Əliyevin fərmanı əsasında 2019-cu ilin fevral ayından tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemindən artıq 505 hüquqi şəxs istifadə hüququ əldə edib.
Xatırladaq ki, “Yaşıl dəhliz” buraxılış sistemi vətəndaş-məmur təmasının minimuma endirilməsinə, sahibkarların əlavə vaxt və vəsait itkisinin aradan qaldırılmasına, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, şəffaflığın təmin olunmasına hesablanıb. Bir sözlə, bu sistem vasitəsilə heç bir növbə gözləmədən yüklər anbara daşınır. Bu baxımdan ekspertlərin “Yaşıl dəhliz” buraxılış sistemini “dünyaya açılan maneəsiz keçid” kimi dəyərləndirməsi təsadüfi deyil.

Məlumata görə, DGK-da 60-dan çox iqtisadi operatorla “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə icazələrin verilməsi təmin olunub. Bu buraxılış sistemi üzərindən həm Türkiyə, Gürcüstan, Ukrayna və İran ilə bağlanan sazişlər nəticəsində əldə olunan, həm də gömrük əməliyyatlarını elektron formada həyata keçirən sahibkarların mal və nəqliyyat vasitələrinin gömrük ərazisinə yoxlanılmadan buraxılışı həyata keçirilir. Bu da, öz növbəsində, kiçik və orta sahibkarlar tərəfindən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesinə sərf olunan vaxt və xərclərin minimuma endirilməsinə şərait yaradır. Sahibkarlar bu sistemdən 24 saat ərzində yararlana bilir.
“Yaşıl dəhliz” sisteminin tətbiqi ölkədəki kənd təsərrüfatına da öz mənfəətini verməkdədir. Statistikaya əsasən, 2019-cu ilin yanvar-iyun ayları ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artıb. O cümlədən cari ilin birinci yarısında bitkiçilikdə 25,6 faiz, heyvandarlıqda 2,9 faiz artıma nail olunub.
Kənd təsərrüfatında müşahidə olunan yüksək inkişaf tempi bu sahənin ÜDM-də payının artmasına da təsir göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-iyun aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5,6 faiz təşkil edib.

Kənd təsərrüfatı naziri İnam Kərimov da bu məsələyə toxunarkən bildirmişdi ki, sahibkarlara “Yaşıl dəhliz” sistemindən daimi istifadə hüququnun verilməsi məhsulların xarici bazarlara çıxarılmasını daha da asanlaşdırıb. Beləliklə, bu sistemdən istifadə edərək fermerlər öz məhsullarını gömrük-keçid məntəqələrindən sürətli keçirə bilir, nəticədə məhsullar xarab olmadan, keyfiyyətli şəkildə xarici bazarlara çatdırılır. Bu da fermerlərin gəlirlərinin artmasına, sosial vəziyyətlərinin yaxşılaşmasına təkan verir. İqtisadçılar da qeyd edir ki, yerli məhsulların keyfiyyətli şəkildə xarici bazara çıxarılması böyük rəqabət qabiliyyəti yaradır. Nəticələrə görə 2019-cu ildə xüsusən meyvə-tərəvəzin xarici ölkələrə ixracı ötən illərlə müqayisədə əsaslı surətdə artıb.
Beləliklə, gömrük sistemində elektron xidmətlərin artırılması, kiçik və orta biznes subyektləri üzrə vergi və rüsumların azaldılması sahibkarlıq sektorunun inkişafına səbəb olub.
Həmçinin Dövlət Gömrük Komitəsinin ƏDV dövlət büdcəsinin gəlirlərində xüsusi payı kəskin artıb. Belə ki, hesabat ilində ƏDV üzrə daxilolmanın xüsusi çəkisi Dövlət Gömrük Komitəsinin təmin etdiyi ümumi gəlirlərin 68,2%-ni təşkil edib.
Xatırladaq ki, prezidentin sərəncamı ilə 13 aprel 2018-ci il tarixdən etibarən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə Səfər Mehdiyev təyin olunub. Məhz S.Mehdiyevin təyinatından sonra idxal olunan malların gömrük rüsumu, o cümlədən ƏDV-yə cəlb olunması prosesində ciddi işlər görülüb.
Bir məlumatı da qeyd edək ki, DGK-nın sədri Səfər Mehdiyevin son açıqlamasında xarici ticarət həcminin 8 milyard dolları “Yaşıl dəhliz” sistemindən istifadə edən biznes subyektlərinin payına düşdüyünü bildirib. Bu da kifayət qədər böyük rəqəmdir. Ümumilikdə isə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında qanuna görə, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 168 000,0 min manat təşkil edib. Və bu məbləğin 900 000,0 manatı təkcə gömrük rüsumları hesabına formalaşıb. Eyni zamanda Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 2 390 000,0 manat, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər 380 000,0 manat təşkil edib.
Son 2 ildə Azərbaycan gömrük sistemində nəzarət, təhlükəsizlik məsələləri də son dərəcədə gücləndirilib. Rəsmi statistikaya görə, 2018-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9672 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 747-si cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 9 milyon 450 min manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 797 nəfərin (592 Azərbaycan vətəndaşı, 205 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb.
Təkcə ötən bir il ərzində xeyli sayda kontrafalt malların qarşısı alınıb, 500 milyon dollar həcmində qaçaqmalçılıq malları aşkar edilərək götürülüb, hansı ki, bunun əsas hissəsini narkotik vasitələr təşkil edir. Ümumilikdə isə aparılan ciddi təhlükəsizlik tədbirləri nəticəsində 2019-cu ilin əvvəlindən 1 808 824 ədəd adi siqaret, 4 318 ədəd elektron siqaret və 2 528 ədəd siqarın ölkəyə keçirilməsinin qarşısı alınıb. Həmçinin 976 ədəd mobil telefon, 43 128 ədəd mobil telefon aksesuarı və ehtiyat hissələri, eləcə də 290 min dollar, 13 min avro, 25 min manat, 6 milyon rubl qanunsuz dövriyyədən çıxarılıb. Və nəhayət, rekord göstərici - 1,021 ton narkotik maddə müsadirə edilib.
Xatırladaq ki, bu cür neqativ halların qarşısını almaq üçün gömrükçülər hər gün 50-dən çox xüsusi təlim almış itlərin xidmətindən istifadə edir.
Bir məqamı da qeyd edək ki, DGK xüsusən bayram günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, yarana biləcək sıxlığın qarşısının alınması, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və komitənin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Sevindirici haldır ki, artıq son iki ildir bayram günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında kifayət qədər artım olsa da, sərhəddə sıxlıq müşahidə olunmur. Əgər hansısa texniki nasazlıq və ya bu kimi problemlər ortaya çıxarsa, qurum dərhal onu aradan qaldırmaq üçün tədbirlər görür.
DGK-nın apardığı uğurlu siyasətlərdən biri də mətbuatla yaxından əməkdaşlıq etməsidir. Mütəmadi olaraq gömrük sistemində görülən işlər, aparılan islahatlar, tətbiq edilən yenilikləri əyani təqdim etmək üçün müxtəlif gömrük-keçid məntəqələrinə media turlar, jurnalistlərlə görüşlər təşkil edilir. Bu da onu göstərir ki, DGK öz fəaliyyətində kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrə, vətəndaşların gömrük orqanlarının işi və gömrük sistemində yeniliklər barədə davamlı məlumatlandırılmasına xüsusi diqqət yetirir.
Qeyd edək ki, hazırda da gömrük sisteminin Avropa standartlarına çatdırılması, yeni prosesilərin həyata keçirilməsi davam etdirilir. Mütəxəssislər hesab edirlər ki, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, vaxt və məsrəflərin azaldılması istiqamətində yeni layihələrin hazırlanaraq həyata keçirilməsi ticarəti asanlaşdırmaqla yanaşı, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yüksəlməsinə təkan verəcək.
QEYD: Yazı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün dərc olunur.
