|
İrana gedən azərbaycanlıların sayında ciddi azalma

İranda benzinin bahalaşması, sanksiyaların güclənməsi, ardınca ABŞ-la yüksələn gərginlik, general Süleymaninin qətlinə görə ölkənin qarışması, son olaraq Ukrayna təyyarəsinin Tehranda qəza etməsi nəticəsində 180 nəfərin ölməsi azərbaycanlıların qonşu ölkəyə müayinə və bazarlıq üçün səfərlərinə təsir edib.

Bu barədə “Yeni Müsavat”a verilən məlumata görə, İranda qiymətlərin qalxması və ictimai-siyasi gərginliyin artması müəyyən qədər azərbaycanlıların oradan ayağını kəsib.

Qonşu ölkədən bildirilib ki, hazırda 1 dollar təxminən 15 min tümən edir. Ötən ay isə 12-13 min tümən idi. Bu da xüsusən daşınma xərclərinin bahalaşmasına, nəqliyyatda qiymət artımına gətirib çıxarıb, taksilər qiymətləri qaldırıb.

İranda ən çox bahalaşma meyvə-tərəvəz, yeyinti sektorunda qeydə alınmaqdadır. Məsələn, bir kilo pomidor əvvəl 3 min tümən idisə, indi 15 min olub, yəni 1 dollar.

İran-Azərbaycan sərhəddi ile ilgili görsel sonucu

Bu da iranlılar üçün həddindən artıq yüksək məbləğdir. Benzinin bahalaşması və İrana qarşı sanksiyalar məişət əşyalarının qiymətinə ciddi təsir etməyib. Azərbaycanlılar isə İrandan daha çox qida məmulatları gətirirlər.

Düzdür, məişət avadanlıqları, cehizlik əşyalar, xalça-palaz, qab-qacaq da ən çox alınan mallar sırasındadır.

Amma əsas ağırlıq yeyinti sahəsinə düşür. Bununla belə, son hadisələrə görə ölkəmizdən İrana gedənlərin tamamilə azaldığını da söyləmək olmaz.

İran-Azərbaycan sərhəddi ile ilgili görsel sonucu

Eyni zamanda müalicə və müayinə üçün Tehran, Təbriz və Ərdəbilə gedənlərin sayında ciddi bir azalma müşahidə olunmur.

Lakin qiymətlər əvvəlkindən fərqlənir. Bu yaxınlarda Ərdəbilə həkimə getmiş bir şəxsin dediyinə görə, müayinə xərcləri artıb.

Yeri gəlmişkən, İranda 4 azərbaycanlı avtoqəzada ölüb. Ölənlərin ikisi İrana müalicə məqsədi ilə gedən Biləsuvarın Çaylı kənd sakinləri olan ər-arvad - 1956-cı il təvəllüdlü Mürşüd Kərimov və 1961-ci il təvəllüdlü Müşkünaz Kərimovadır. Digər iki nəfərin şəxsiyyəti açıqlanmayıb.

Rəsmi xəbərə görə, son 4 ildə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 2 dəfəyə yaxın artıb.

2019-cu ilin ilk yarısında İrana 639 min azərbaycanlı səfər edib. 4 il əvvəl - 2016-cı ilin ilk yarısında bu göstərici 352,1 min nəfər olub.

Rəsmi statistika İrana səfər edən azərbaycanlıların əsasən müalicə, dini ziyarət və bazarlıq etmək məqsədilə getdiklərini göstərir.

Əslində ötən ilin aprelində bu sətirlərin müəllifi İranda olarkən hazırladığı reportajlarda oradakı vəziyyət, azərbaycanlıların qonşu respublikaya axın etməsinin səbəbləri barədə yazmışdı.

Hələ o zaman İranın Astara şəhərindəki məşhur “rus bazarı”nda işləyənlər ABŞ-ın sanksiyalarının təsirlərindən şikayətlənirdilər.

Onu da deyək ki, yanvarında 8-də ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sərt iqtisadi sanksiyalar tətbiq ediləcəyini açıqlayıb.

İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra keçirdiyi canlı yayımda Tramp Tehranı yeni sanksiyalarla hədələyib. Bu isə o deməkdir ki, təzədən dollar bahalaşacaq, İran pulu dəyərini itirəcək, bahalaşma davam edəcək.