ABŞ-İran arasında baş verən gərginlikdən sonra qızılın unsiyasının qiyməti 19,50 dollar bahalaşaraq 1 593,80 dollara ticarət olunub. Gümüşün unsiyasının qiyməti isə 0,19 dollar artaraq 18,58 dollara satılıb.
Ekspertlər bildirirlər ki, bu hal əslində əvvəlki dövrlərdə də oxşar hadisələr fonunda müşahidə edilib. Baş verənlər göstərir ki, dünyada geosiyasi gərginlik artdığı zamanlarda qızıl bahalaşır. Eyni zamanda dünyada dolların qiyməti düşən zaman da qızılın qiymətində artım yaşanır. Bu prosesin əksi olaraq da dollar ucuzlaşan kimi qızıl bahalaşır. İnvestorlar qızıla daha çox güvəndikləri üçün bu kimi məqamlarda qızıla üstünlük verirlər. Nəticə etibarilə qızılın qiymətində artım müşahidə edilir. Qızılın qiyməti ilə bağlı cədvələ nəzər saldıqda o da müşahidə edilir ki, bu qiymətli metalın dəyəri qalxdığı kimi ani zaman kəsiyində enə də bilir. Xüsusilə də qızılın qiymətinin artmasına səbəb olan geosiyasi və ya hərbi gərginliklər səngidiyi ərəfədə qiymətlər də aşağı düşür. Bütün bunlar iqtisadi səbəblər sayılmadığı üçün bəzi investorlar qızıla etibar etmirlər. Lakin ekspertlərin fikrincə, bütün hallarda qızıl qiymətli kağızlardan daha cəlbedici görünür.
Onu da bildirək ki, İran-ABŞ arasındakı gərginliyin artması fonunda Türkiyədə də qızılın qiymətində artım nəzərə çarpıb. Nəzərə alaq ki, Azərbaycan bazarlarına qızıl daha çox Türkiyə, İtaliya, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən idxal edilir.
Belə olduğu halda Azərbaycanda qızılın qiyməti də artıbmı?

“Yeni Müsavat”a danışan qızıl satıcısı Ümid Kərimov bildirdi ki, Azərbaycanda da son günlər qızılın qiymətində müəyyən artımlar var: “Bunun İran-ABŞ gərginliyi ilə hansısa əlaqəsinin olub-olmadığını biz satıcılar dəqiq bilmirik. Amma ”təsiri olmayıb" demək də olmur. Hazırda Azərbaycanda 583 və 585 əyarlı qızılın “lom qiyməti” 48 manat, 750 əyyar qızıl isə 60 manatdır. 1 unsiya üçün 2650,7675 manat təşkil edir. Son günlər 3-4 dollar qiymətlərdə artım var. Qızılın satış qiyməti 75 manat 583 əyarlı qızılın 1 qramının qiymətidir, 80-110 manat isə 750 əyar qızılın 1 qramının qiymətidir".
Satıcının sözlərinə görə, bazarda qızıla olan tələbat artmayıb: “Bazarda qızıla olan tələbat daha çox yaz və yay aylarında artır. Ona görə də adətən hər ilin yanvar ayında qızılın qiymətində enmələr olurdu. Bu il isə dünyadakı kimi olmasa da bir neçə dollar artım var. Ümumiyyətlə, qızılın qiyməti ildə bir neçə dəfə bu cür oynayır. Ölkədə baş verən devalvasiyadan sonra qızıl satanlar bilmirdilər ki, hansı qiyməti qoysunlar. Çünki dolların qiyməti dəyişirdi və mal gətirənlər itki ilə üzləşirdilər. Manatın məzənnəsi sabitləşəndən sonra qızıl bazarında da qiymətlər sabitləşdi. Yalnız yayda bir qədər artım olur, qışda isə bir qədər ucuzlaşma. Bunun xaricində son zamanlar kəskin qiymət artımı və ya enməsi baş verməyib. Dünyadan fərqli olaraq Azərbaycanda bu cür proseslər ləng gedir”.
Son bir ildə dünya bazarında qızılın qiymətində 22 faiz artım olub. Bu, son illərin rekord göstəricisi hesab edilir. Satıcılar bildirdilər ki, Yeni İl öncəsi qiymətlərdə bəzi satıcılar süni artım edirlər. Lakin bu, heç də bütün bazara aid deyil.

“Yeni Müsavat”a açıqlamasında ekspert Natiq Cəfərli bildirmişdi ki, Azərbaycanda bazar adətən daxili qaydalarla idarə olunur: “Yəni adətən xaricdə baş verən iqtisadi hadisələr ölkə daxilinə bir o qədər də yansımır. Ancaq burada psixoloji məqamlar da var. Kimsə qızıl almaq istəyirsə, öncə maraqlanır. Nəticədə saytlarda, televiziyada xəbərlər görür ki, qızılın dünya bazarındakı qiyməti enir. Daim bu xəbərlər axınında satıcılara bir növ basqı qurmağa başlayır, irad bildirirlər ki, dünyada qızıl ucuzlaşıbsa, siz nə üçün baha satırsınız. Bu cür psixoloji təsir bazardakı qiymətlərə müəyyən təsir edir. Ancaq daha çox bazarın daxili qaydaları rol oynayır”.
Onu da bildirək ki, iqtisadi göstəricilərə görə, Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti artıb. Bu, əsasən ötən il həyata keçirilən sosial paketlərlə bağlıdır. Bu baxımdan iqtisadi təhlillər deməyə əsas verir ki, Azərbaycanda insanlar qızıl, avtomobil, daşınmaz əmlak bazarlarına devalvasiya illərindən daha çox müraciət etməyə başlayıblar. Tələbatın artması da qiymətə təsir edən faktorlar sırasında yer almaqdadır. Onu da bildirək ki, son zamanlar avtomobilin və torpağın da qiymətində artım müşahidə edilir.
Sonda məlumat verək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2019-cu ilin yanvar-sentyabr aylarında 49,71 ton qızıl alıb. 2019-cu ilin üçüncü rübündə isə fond tərəfindən alınan qızılın həcmi 5,19 ton olub. 2019-cu ilin 9 ayının yekunlarına dair hesabatına görə, sentyabrın 30-na fondun investisiya portfelində qızılın ümumi həcmi 100,66 ton olub. Fondun investisiya portfelində qızıl investisiyalarının çəkisi 11,4% təşkil edib.
2018-ci ilin sonuna olan məlumata görə, ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 50,95 ton təşkil edib.
