|
Dələduzluqda suçlanan direktor məhkəməsi gedə-gedə yenə dələduzluq edib

Dələduzluqda təqsirləndirilən bağça müdirəsi növbəti dəfə hakim qarşısına çıxarılıb. O, hazırda ev dustaqlığındadır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Musazadə Şəfiqə Məhəmməd qızının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, zərərçəkmişlərin sayı artıb.

Belə ki, Şəfiqə Musazadə başqa şəxslərdən də bağçaya işə düzəltmək üçün pul alıb. Şəfiqə Musazadə hazırda azadlıqda olduğu halda başqa bir bağçanın da rəhbəri kimi özünü təqdim edərək bir neçə nəfərdən pul alıb. Onları da işə düzəldəcəyini vəd edib.

Həmin şəxslər bu gün məhkəməyə gələrək zərərçəkniş kimi tanınmalarını istəyiblər. Hakim bildirib ki, bunun üçün onlar yalnız hüquq-mühafizə orqanlarına, prokurorluğa müraciət edə bilərlər. Bundan sonra onların şikayəti nəzərə alına, Şəfiqə Musazadə barəsində ayrıca cinayət işi açıla bilər.

Zərər çəkdiklərini deyən şəxslər bildiriblər ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

Prosesin sonunda zərərçəkmişlərlə Şəfiqə Musazadə arasında növbəti dəfə gərginlik yaşanıb.

O da məlum olub ki, Şəfiqə Musazadə heç bir zərərçəkmişin pulunu ödəməyib.

Məhkəmə araşdırması yanvarın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Şəfiqə Musazadəyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzliq) maddəsi ilə ittiham irəli sürülüb. O, hazırda ev dustaqlığındadır.

Şəfiqə Musazadə uzun illər Sumqayıt şəhərində müxtəlif məktəblərdə ibtidai sinif müəlliməsi işləyib. Daha sonra bir neçə dövlət bağçasının direktoru olub.

Ötən il isə Şəfiqə Musazadə özəl bağça açmaq qərarına gəlib. Musazadənin planına uyğun olaraq bağça açılıb və istifadəyə verilib.

Daha sonra Ş.Musazadə bir neçə nəfərdən bağçaya işə düzəltmək adı ilə 1500-3000 manat arası pul alıb. Həmin şəxsləri bağçaya müəllimə, xadimə, aşpaz, mühafizəçi kimi işə götürüb.

Lakin bağça aylarla fəaliyyət göstərsə də cəmi 9 nəfər uşaq olub. Bağçaya uşaq cəlb edə bilməyən Ş.Musazadə işə götürdüyü şəxslərin aylıq məvaciblərini verə bilməyib.

Buna görə də Ş.Musazadənin pul alaraq işə götürdüyü Yeganə Mahmudova, İlahə Abdullayeva, Vasif Cəfərov, Ülviyyə Qazıyeva və Gülümnaz Şirəliyeva ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.