|
Yeni ilin ən aktual sualı:

Ekspert: “Əgər bu icbari sığortadırsa, o zaman daşınmaz əmlakın hər birinə şamil olunmalıdır”

Bu ildən etibarən çıxarış sənədi olan evlərin (kupça) icbari qaydada sığortalanması həyata keçiriləcək. Belə ki,  İcbari sığorta haqqında 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanunun 35.2. maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binaların, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlak dedikdə, qarajlar, mağazalar, evlər, mənzillər və sair dövlət qeydiyyatına alınmış obyektlər nəzərdə tutulur. Çıxarışı olmayanlara sığorta məcburi deyil.

Çıxarışı olan evlərin sahiblərinin əgər mənzillərini sığorta etdirməsələr, cərimələnəcəkləri ilə bağlı məlumatlar yayılıb. Bəs bu prosedur necə həyata keçiriləcək?

Ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, qanun layihəsinin tətbiqi sonuna qədər hesablanmayıb:

“Müvafiq prosedurlar və mexanizmlər yaradılmayıb. Ona görə də qanunun işlək hala gəlməsi indiki halda mümkünsüz görünür. Çünki ölkədə bəzi məlumatlara görə, 700 minə yaxın sənədsiz daşınmaz əmlak var. Əgər bu, icbari sığortadırsa, o zaman daşınmaz əmlakın hər birinə şamil olunmalıdır. Lakin çıxarışı olmayan vətəndaşlar icbari sığorta edə bilmirlər. Bu isə bərabərlik hüququnu pozur. Ola bilməz ki, bir ölkədə bir nəfərə icbari sığorta tətbiq edilsin, digərinə isə tətbiq edilməsin. Bundan öncə gərək əmlak amnistiyası tətbiq edilərdi və bütün əmlakın qeydiyyata alınması və sənədləşdirmə prosesi bitəydi. Bundan sonra icbari sığortanın tətbiq edilməsində məntiq yarana bilərdi. İndiki halda bu, çox məntiqsizlik görünür. O mənada ki, yüz minlərlə vətəndaşın icbari sığortadan istifadə etmək hüququ yoxdur. Yaxud da nə üçün çıxarışı olan ödəniş etməlidir, olmayan etməməlidir. Burada bərbərlik hüququnun kobud şəkildə pozulması məsələsi var. Cəriməyə gəlincə isə bunun da mexanizmi, onun hansı qurum tərəfindən tətbiq olunması da öz əksini tapmayıb. Müxtəlif versiyalar səsləndirilir. Çox qəribədir ki, özəl sığorta şirkətləri cərimələrin tətbiqi ilə bağlı vətəndaşlara xəbərdarlıq edirlər. Halbuki bu da həm konstitusiyanın, həm də qanunların pozulmasıdır. Heç bir özəl şirkət ümumilikdə dövlətin adından cərimələndirmə prosesində iştirak edə bilməz. Bunun özü də dövlət orqanları tərəfindən olmalıdır. Ancaq hansı dövlət orqanları buna nəzarət edirsə,  qanunvericilikdə bu da aydın deyil. Əslində qaydalar yeni deyil. Bir neçə il öncə qəbul edilib, sadəcə olaraq, bu ildən sığorta şirkətlərinin lobbiçiliyi ilə məsələni gündəmə gətirib, vətəndaşları cərimə ilə qorxutmaqla məşğuldurlar. Deyirlər ki, sizə hər il cərimə tətbiq olunacaq. Bunun özü də qanunsuzluq və məntiqsizlikdir. Çünki bir hüquqpozmaya görə yalnız bir dəfə cərimə tətbiq oluna bilər. Eyni qayda pozuntusuna görə ard-arda cərimə tətbiqi mümkün deyil. Qanun bunu qadağan edir. Sadəcə olaraq, vətəndaşlara təzyiq edirlər ki, evinizi sığorta etdirməsəniz tez-tez cərimələr olacaq. Bununla bağlı KİV vasitəsilə insanları bilgiləndirmək lazım idi. Bu əmlak sığortası vətəndaşa nə verir? Bunu açıqlamaq lazım idi və vətəndaşın da özünün marağında olmalı idi ki, evini sığortalatsın. Maraqlı deyilsə, deməli, vətəndaşı maraqlandıra bilməyiblər”.

Ekspert Natiq Cəfərli ile ilgili görsel sonucu

Sosial şəbəkələrdə insanlar hər hansı bir hadisə zamanı sığortaya görə vətəndaşlara 25 min manatın ödənilməsi məqamını da tənqid edirlər. İnsanlar bildirirlər ki,  nə üçün evlərinin qiyməti, məsələn, 100 min manat olduğu halda onlara yalnız 25 min manat ödənilməlidir?

Ekspert bunun da qanunda boşluq olduğunu bildirib: “Yanaşmada bu mənada qüsur var. Hər kəsə standart ödəniş məbləği müəyyən edilib. Bir otaqlı ev və on otaqlı villa eyni tariflərlə sığortalanır. Bu da tamamilə məntiqsizdir və ümumilikdə sığorta anlayışına ziddir. Ona görə də bu sığorta qanunu Azərbaycanda indiki qaydalar çərçivəsində işləməyəcək. Çox güman ki, dövlət orqanları da bunu anlayacaqlar. Onlar ya məlumatlandırmaya getməlidirlər, yaxud da qaydaların dəyişdirilməsi ilə bağlı qanunvericiliyə yeniliklər tətbiq olunmalıdır. İndiki məqamda bunun tətbiqi mümkün olmaz. Sadəcə olaraq, hər hansı əmlak əməliyyatı aparmaq istəyən vətəndaş notarial xidmətə, yaxud da ”ASAN Xidmət"ə müraciət edəcəksə, onu məcbur edəcəklər ki, evinizi sığorta etdirin, sonra əməliyyatı aparaq. Bundan başqa, hansısa addımın atılacağını düşünmürəm".