2020-ci ilin ilk həftəsi arxada qaldı. Yeni başlanan ildə Azərbaycan dövlətinin əsas hədəflərinin nə olacağı ilə bağlı siyasi analitiklər, deputatlar “Yeni Müsavat”a maraqlı açıqlamalar veriblər.
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dünyada və regionda baş verən proseslərin dinamikasını, ölkəmizdə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan islahatları nəzərə alsaq, 2020-ci ilin siyasi və iqtisadi gündəminin kifayət qədər zəngin olacağını, gündəmdəki əksər hadisələrin xalqımız və dövlətimizin gələcək inkişafı üçün həlledici xarakter daşıyacağını öncədən söyləmək mümkündür: “2018 və 2019-cu illərdə Azərbaycanda həyata keçirilən islahatlar və sosial layihələr cəmiyyətin əhval-ruhiyyəsini xeyli yaxşılaşdırıb, daha pozitiv notlara kökləyib və təbii ki, gözləntilərini də artırıb. Bu isə islahatların dərinləşməsini, dəyişikliklərin daha faydalı və dinamik xarakter almasını tələb edir. Cəmiyyətdəki bu pozitiv, işgüzar atmosferi ictimai maraqlara xidmət edən əməli addımlarla möhkəmləndirmək və inkişaf etdirmək lazımdır.

Elçin Mirzəbəyli: “2020-ci il xalqımız və dövlətimizin gələcək inkişafı üçün həlledici xarakter daşıyacaq”
Şəxsi müşahidələrimə görə, ölkədə həyata keçirilən islahatların dalğasında baş verənlərə ayrı-ayrı fərdlərin, qrupların yanlış yanaşmaları nəzərə çarpmaqdadır. Yumşaq və musiqi dili ilə desək, janr dəyişikliyi keyfiyyət dəyişikliyi demək deyil. Yəni Türkiyəli qardaşlarımızın “arabesk” adlandırdıqları bəsit, əyalət jarqonu ilə zəngin toyxana, meyxana mahnılarının elə onun qədər bəsit, amma şəhər jarqonu ilə zəngin şanson mahnılarla əvəz edilməsi zövqlər, dünyagörüşləri arasındakı uçurumun dərinləşməsinə və daha böyük boşluqların yaranmasına xidmət edir. 1960-80-ci illərin nostalji duyğularının qismən modernləşmiş şəkildə 2020-ci ilə daşınması bu boşluqların doldurulması üçün yetərli olmaya bilər. “Reform”la “deform” arasında cəmi 2 hərf fərqi var, amma bu fərq xəyal qırıqlığı üçün yetərlidir. Cəmiyyətimizin böyük gözləntiləri var və bu gözləntilərin özünü doğrultması nəticə etibarilə ölkəmizin mövqelərini bütün istiqamətlərdə möhkəmləndirə bilər. Bunun üçün isə subyektiv qənaətimə görə, problemlərə və onların həllinə daha fundamental yanaşmaq lazımdır. İstər dövlət, istərsə də özəl sektorda inhisarçılığa tamamilə son qoyulmalıdır. İqtisadiyyatın liberallaşdırılması prosesi başa çatdırılmalı, bazar iqtisadiyyatının bütün seqmentləri dövlətin tənzimləyici mexanizmlərindən sığortalanmalıdır. Dövlətin funksiyası yalnız azad rəqabətə maneə yaradan amillərin aradan qaldırılmasından ibarət olmalıdır.
Mənə görə 2020-ci ildə Azərbaycanın strateji hədəfləri elə qeyd etdiyim bu məqamlardan ibarət olacaq. Bu isə öz növbəsində ölkəmizin xarici siyasətdə daha çevik qərarlar qəbul etməsinə yardım göstərəcək".
Politoloq qeyd etdi ki, 2020-ci ildə işğal altında olan Azərbaycan əraziləri ilə bağlı məsələlərə də tam və birmənalı şəkildə aydınlıq gətirilməsinə ehtiyac var. Prosesin dəqiq konturları ortaya qoyulmalıdır. Regionda baş verməsi gözlənilən hadisələr də prosesin gedişatına öz təsirini göstərə bilər: “Bir xalq və dövlət olaraq, ətrafımızda baş verən hadisələrdən öz xeyrimizə faydalanmaq üçün hazır olmalıyıq. Sovet İttifaqı dağılan zaman biz hadisələrin inkişafına hazır deyildik və daha çox emosional notlar üzərindən hərəkət edirdik. Düşünürəm ki, yaxın keçmişdə buraxdığımız səhvlərdən nəticə çıxarmalı və qarşıda bizi gözləyən regional və qlobal dəyişikliklərdən qazancla çıxmağı bacarmalıyıq”.

Elman Nəsirov: “Dərinləşən islahatlar kursu daha da inkişaf etdiriləcək”
Politoloq Elman Nəsirov isə bildirdi ki, 2020-ci ildə Azərbaycanın əsas hədəflərinin nələr olacağı barədə suala daha dəqiq cavab vermək üçün prezident İlham Əliyevin xalqa Yeni il təbrikində səsləndirdiyi fikirlərə nəzər salmaq lazımdır: “İlk növbədə söhbət ondan gedir ki, Azərbaycan 2020-ci ilə məhz islahatlar kursu siyasəti ilə daxil oldu. Bu siyasətin mahiyyətini o təşkil edir ki, bütün sahələrdə biz sistemli islahatların həyata keçirildiyinin şahidi olduq. İslahatlar, cənab prezidentin təbirincə desək, ilk növbədə təkamüldür, yeni dövrə uyğunlaşmadır, tərəqqi deməkdir. 2019-cu il bu baxımdan yaddaşlara həkk olundu. Bu bazanın əsasında Azərbaycan 2020-ci ilə daxil olub. 2020-ci ildə də dərinləşən islahatlar kursu daha da inkişaf etdiriləcək. Bu islahatların həm iqtisadi, həm siyasi sahədə daha da irəli aparıldığının şahidi olacağıq. Buna qətiyyən şübhəmiz yoxdur. Xüsusilə sosial sferada islahatlar dərinləşəcək. Nəzərə alaq ki, 2020-ci ilin dövlət büdcəsi bizim dövlət müstəqilliyimiz dövrünün ən böyük büdcəsidir və bu büdcə yenə də sosial yönümlüdür. Bunun özü bir göstəricidir ki, 2020-ci ildə sosial islahatlar kursu daha da dərinləşdiriləcək. Minimum əmək haqqı, pensiyalar və müavinətlərlə bağlı biz artımların şahidi ola bilərik. İqtisadi sferada da islahatlar kursu davam etdiriləcək. İqtisadiyyatın şaxələndirilməsi daha da dərinləşəcək. Qeyri-neft sektorunun inkişafı əsas hədəflərdən biri olacaq. Artıq qeyri-neft sektorunda xeyli irəliləyişlər var. Neft erasının başa çatması məntiqindən çıxış edərək dövlətimizin başçısının yeritdiyi iqtisadi islahatlar siyasətinin çox möhtəşəm nəticələri müşahidə olunur. Bu sahədə inkişaf yeni ilin hədəflərindən biri olacaq”.
Müsahibimiz vurğuladı ki, 2020-ci ildə əsas hədəflərdən biri də ordumuzun daha da gücləndirilməsi, Dağlıq Qarabağ məsələsinin həlli olacaq: “Bizim 2019-cu ildə həllinə nail ola bilmədiyimiz yeganə problem Dağlıq Qarabağ münaqişəsi oldu. Buna baxmayaraq, Azərbaycan 2020-ci ilə nikbin daxil olub. Çünki münaqişənin həlli ilə bağlı bizim mövqelərimiz möhkəmlənib. İlk növbədə siyasi üstünlüyümüz təmin edilib, diplomatik üstünlüyümüz daha da güclənib, Ermənistan Dağlıq Qarabağda qondarma referendum keçirmək istədi, lakin bunu heç bir dövlət, heç bir beynəlxalq təşkilat qəbul etmədi. Bizim hərbi üstünlüyümüz də təmin edilib. Ordumuzun gücləndirilməsi prosesi də davam edəcək. Bütün bu məqamlar 2020-ci ildə Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində Azərbaycanın öz hədəfinə çata biləcəyi ümidini yaradır”.

Aydın Mirzəzadə: “Bu il ölkəmiz üçün növbəti demokratiya sınağı olacaq”
YAP funksioneri Aydın Mirzəzadə isə bildirib ki, 2020-ci il əvvəlki illər kimi Azərbaycan üçün yenidən islahatlar və yeniliklər ili olacaq: “Biz yeniliklərlə güclü oluruq. 2020-ci il də vətəndaşlarımızın sosial məsələlərinin daha yüksək səviyyədə həll edildiyi il olacaq. İnsanların gəlirləri daha da artacaq, yüz minlərlə yeni iş yerləri açılacaq, yeni mənzillər tikiləcək, azərbaycanlılar daha da yaxşı yaşamağa başlayacaqlar. 2020-ci il ölkəmiz üçün növbəti demokratiya sınağı olacaq, Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Yeni tərkibin vətənpərvər, hazırlıqlı, seçicilərlə sıx işləyən, Azərbaycanın qüdrətli olması üçün biliyini və təcrübəsini əsirgəmiyən insanlardan ibarət olacağına inanırıq.
2020-ci il Azərbaycanın beynəlxalq birlikdə nüfuzunun daha da artdığı il olacaq, ölkəmiz buna layiqdir, biz müstəqilliyimizi o cümlədən yüksək nüfuzumuzla təsdiq edirik.
Eyni zamanda hamımız 2020-ci ildən Dağlıq Qarabağ probleminin həll edilməsində ciddi dəyişikliklər gözləyirik. Ermənistanın torpaqlarımızı işğalına son qoyulmalıdır, ərazi bütövlüyümüz bərpa edilməlidir".
