Daşqın Ağalarlı isə Polşanın Qdansk aeroportunda saxlanılıb
Hazırda Ukraynada yaşayan Azərbaycan Daxili Qoşunlarının sabiq komandanı Fəhmin Hacıyev yanvarın 6-dan 7-nə keçən gecə Bakı Beynəlxalq Hava limanı vasitəsilə Azərbaycana gəlib və saxlanılıb. Bu haqda xəbəri “Yeni Müsavat”a onun yaxınları verib. Deyiblər ki, Fəhmin Hacıyev hava limanının önündəcə polis nəfərləri tərəfindən saxlanılıb və Daxil İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparılıb.
“Təxminən günorta 3-ə qədər saxlayıblar. 4-ün yarısı isə artıq Türkiyəyə uçan təyyarədən özü zəng elədi. Dedi ki, onu geri, Ukraynaya qaytarıblar. Lakin Ukraynaya reys olmadığı üçün onu Türkiyəyə göndəriblər ki, oradan Ukraynaya getsin” - bu sözləri “Yeni Müsavat”a Fəhmin Hacıyevin dostu Fikrət Eyyubov deyib. Onun sözlərinə görə, Fəhmin Hacıyev Bakı Hava limanında saxlanılarkən onun yanında olub: “Təxminən 6 ay əvvəl Azərbaycana gəlmişdi. İndiki gəlişi də Yeni ildə anasını görməkdən ötrü idi. Saxlayıb geri qaytardılar. Bunun səbəbini bizə demədilər. Fəhmin Hacıyev Ukraynaya çatandan sonra özü yəqin ki, bunun səbəbləri haqda xəbər verər”.

Xaricdə yaşayan daha bir azərbaycanlı Norveçdən siyasi sığınacaq almış Daşqın Ağalarlı Polşanın Qdansk aeroportunda İnterpol tərəfindən saxlanılıb. Ona Azərbaycana deportasiya olunacağı deyilib.
Bu barədə hazırda Qdansk aeroportunda saxlanılan Daşqın Ağalarlının özü “Amerikanın səsi”nə müsahibəsində bildirib. “Mən bunlara deyirəm ki, İnterpolla bağlı beş il əvvəl həbs olunmuşam, bəraət almışam. Sizin axtardığınız pasport məndə yoxdur, məndə Norveçin pasportudur. Onlar deyir, bunu aydınlaşdırmalıdırlar. Guya indi onlar məni Azərbaycana deportasiya etməlidirlər. Mən Norveçdən dekabrın 26-da çıxmışam, 4 ölkə gəzmişəm. Bu gün Norveçə qayıdırdım. Artıq təyyarə reysim keçdi,” - o qeyd edib.

Daşqın Ağalarlı bundan öncə 2014-cü il martın 3-də Türkiyədən Gürcüstana keçərkən Batumidə İnterpol xətti ilə saxlanılıb. Gürcü tərəfi onu əvvəlcə Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil vermək istəyib. Azərbaycanın hüquq-mühafizə qurumları müxalifətçinin 4500 avro vergi borcunun olmasını əsas göstərərək onu İnterpol xətti ilə axtarışa verib. Ağalarlı 6 ay Tiflis təcridxanasında saxlanılıb. Ancaq Tiflis Şəhər Məhkəməsi Azərbaycan tərəfinin rəsmi ittihamlarını təsdiqləmədiyindən azadlığa buraxılıb. Daşqın Ağalarlı Azərbaycanda milli azadlıq hərəkatının fəallarından biri kimi tanınıb. O, 1992-ci ildə Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Yanacaq Komitəsi sədrinin birinci müavini təyin olunub. 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyəti devriləndən sonra vəzifədən gedib, qısa müddətə saxlanılıb, sonra sərbəst buraxılıb.
