DİN: “Onların hər bir əməkdaşının təhlükəsizliyi yüksək səviyyədə təmin olunur”; tanınmış ekspert isə deyir ki...
ABŞ-ın İraqda həyata keçirdiyi hava hücumu nəticəsində İran generalı Qasım Süleymaninin öldürülməsi bölgədə gərginliyi artırıb. Aydındır ki, İran öz qisas cavabı üçün ABŞ-ın bölgədəki hərbi obyektləri ilə yanaşı, ABŞ-la əlaqəli olan və Tehranın həssas saydığı istənilən hədəfi seçə bilər. Bu fonda ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb.
“Yaxın Şərqdə gərginlik artır, bu, xaricdəki ABŞ vətəndaşları üçün təhlükə yarada bilər. Bu səbəbdən səfirliyin personalı səfərləri minimuma endirmək barədə göstəriş alıb” - səfirliyin saytında bildirilib.
Əsasən amerikalılara öz ətrafına diqqət yetirmək, turistlərin toplandığı yerlərdə sayıq olmaq, şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək, sənədləri əl çatan yerlərdə saxlamaq tövsiyə edilir. Fövqəladə vəziyyətdə ABŞ səfirliyinin və ABŞ Dövlət Departamentinin telefonlarına zəng etmək tövsiyə olunur.
Azərbaycanın Daxili İşlər Nazirliyi isə səfirliyin çağırışından dərhal sonra rəsmi açıqlama yayıb.
“Təhlükəsizlik tədbirləri, polis nəzarəti zamanından asılı olmayaraq, hər vaxt yüksək səviyyədə həyata keçirilir”.

Bunu Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov ABŞ-ın Azərbaycandakı səfirliyinin öz vətəndaşlarına təhükəsizliklə bağlı göstərişinə münasibət bildirərkən deyib. O qeyd edib ki, ABŞ-ın, o cümlədən ölkəmizdə fəaliyyət göstərən bütün xarici dövlətlərin səfirlikləri, diplomatik nümayəndəlikləri və onların hər bir əməkdaşının təhlükəsizliyi Azərbaycan qanunvericiliyinə uyğun qaydada, yüksək səviyyədə təmin olunur.
Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ehtiyatda olan polkovnik İlham İsmayıl isə “Yeni Müsavat”a ABŞ-ın Azərbaycandakı səfirliyinin məlum çağırışına münasibət bildirərkən deyib ki, əgər İraqda məlum hadisə baş verməsəydi və ya bu hadisənin rezonansı bizə bəlli olmasaydı, çağırışda qeyri-reallıq olmasını düşünmək olardı.
Onun sözlərinə görə, hazırda ortada reallıq var: “Azərbaycan cəmiyyətində generalın ölümündən sonra üzə çıxan münasibətlər göstərdi ki, cəmiyyətimizdə kifayət dərəcədə Avropaya, Avropa dəyərlərinə, bəşəri dəyərlərə sırf mövhumat nöqteyi-nəzərindən yanaşan xeyli insan var. Ola bilər ki, sosial şəbəkələrdə onların içərisində İranın xüsusi xidmət orqanlarının işçiləri, məxfi əməkdaşları var. Bütün bu aqressiv münasibəti hər kəs kimi ABŞ-ın Azərbaycandakı səfirliyində də müşahidə ediblər. Səfirlikdə Azərbaycanda məlum hadisədən sonra baş verənləri incəliyinə qədər bilirlər. Xüsusilə təhlükəsizlik məsələlərinə həssas yanaşma mövcuddur. Bilirlər, araşdırırlar və görürlər ki, aqressiv toplum var. Ona görə də belə xəbərdarlıq edirlər”.

İlham İsmayıl deyir ki, Azərbaycanda bu qədər mənəvi, ideoloji boşluq var: “Azərbaycanı sevməyən bir dövlətə, onun öldürülən məmuruna sırf mövhumatçılıq nöqteyi-nəzərindən yanaşıb zərərli təəssübkeşlik nümayiş etdirməkləri ölkə üçün çox ciddi siqnaldır. Sabah ekstremal situasiya yaransa, vətəndaş müharibəsi üçün real zəmin var. Bu təhlükəli boşluq doldurulmalıdır”.
İlham İsmayıla görə, vəziyyətin dəyişməsi üçün kompleks tədbirlər görülməlidir: “Söhbət Azərbaycanın təhlükəsizliyindən gedir”.
Təhlükəsizlik məsələləri üzrə ekspert deyir ki, hər iki tərəfdən aqressivlik müşahidə olunur: “Çox təəssüf ki, məsələyə ağıllı yanaşan, ortaya izahedici formada mövqe qoyan çox az sayda insan var. Həm təəssübkeşlər, həm də onlara qarşı olanlar aşırı aqressiya nümayiş etdirirlər. Təbii ki, 10 milyon əhalinin hamısı bir cür düşünə bilməz, fikirləri müxtəlif ola bilər. Amma orta mövqeyə gəlmənin özündə də çox az-az insanlar var. Bu nöqteyi-nəzərdən böyük iş aparmağa, dövlət proqramı hazırlamağa böyük ehtiyac var”.
İlham İsmayıl məlum olaya Azərbaycan vətəndaşının mövqeyinin necə olması haqda fikirlərini də bölüşüb: “İzahat verilməlidir ki, bir dövlətin generalı, o dövlətin maraqlarından ötəri, başqa bir dövlətin ərazisində, neçə illərdir ki, müharibə şəraitində olan Suriyada, İraqda, Livanda iş görərkən qətlə yetirilib. Belə işləri görən şəxslər üçün ölüm məsələsi realdır. Bu adam İslam cihadına getməyib. İran İslam Respublikasının maraqlarını həyata keçirən, dövlət maraqlarını gerçəkləşdirərkən öldürülüb. Bunun İslama nə dəxli var?”
İlham İsmayıl hər iki tərəfin islamı alət edib dövlət və digər maraqları gerçəkləşdirdiyini qeyd edib: “Bu gün kimsə deyə bilməz ki, İran İraqda İslam dinini qorumağa görə ora öz generalını göndərib. Ona görə də bütün Azərbaycan cəmiyyəti bilsin ki, bir xarici dövlətin generalının öz dövlətinin maraqları üçün müharibədə ölməsinin bizə aidiyyəti yoxdur. Bu şəxs İran dövləti üçün şəhid sayıla bilər. Çünki İran dövlətinin maraqlarını həyata keçirərkən qətlə yetirilib. İran dövlətinin zabiti, İran dövlətinin maraqlarını təmin edərkən müharibədə öldürülüb”.
