|
“Türkiyə cəmi 3 il sonra dünyaya başqa gözlə baxacaq”

Politoloqlardan maraqlı proqnoz və gözləntilər

Türkiyə-ABŞ münasibətlərindəki “buzlar” ərimir. Son olaraq, ABŞ prezidenti Donald Trampın milli müdafiə üçün illik büdcə ayrılmaları və xərclərinə dair qanunu imzalaması iki ölkə arasında gərginliyi bir az da artırıb. Bu qanunla Ankaranın Rusiya istehsalı olan S-400 sistemlərini alması ilə əlaqədar olaraq F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışına qadağa qoyulur.

Büdcədə həmçinin “Şimal axını-2" və ”Türk axını" qaz kəmərləri layihələrinin icrasında iştirak edən şirkətlərə qarşı sanksiyalar da yer alıb. Bununla bağlı Ankaradakı Siyasi və Böhran Araşdırmaları Mərkəzinin (ANKASAM) rəhbəri, türkiyəli ekspert, professor Mehmet Seyfettin Erolun Sputnik-ə müsahibəsi kifayət qədər diqqət çəkir. Erol ABŞ-ın “Türk axını” və “Şimal axını-2" layihələri ilə bağlı sanksiya tətbiq etmək qərarını ölkələrin xarici və enerji təhlükəsizliyi siyasətinə müdaxilə kimi qiymətləndirib. Ekspertin fikrincə, ABŞ sanksiyalar yolu ilə ikitərəfli münasibətlərdə Türkiyəyə birtərəfli yanaşma tətbiq etməyə çalışır.

“Şimal axını-2" və ”Türk axını" qaz kəmərləri ile ilgili görsel sonucu

“Türkiyənin Suriyaya yönəlmiş Yaxın Şərq siyasəti, Türkiyənin Şərqi Aralıq dənizi və Şimali Afrikaya münasibətdə apardığı siyasət və bu çərçivə daxilində onun inkişaf etdirdiyi ikitərəfli və regional əməkdaşlıq Amerikanın ”Böyük Yaxın Şərq layihəsi" üçün təhlükə kimi qəbul edilir. ABŞ Türkiyəni onun bütün planlarını pozan siyasətinə görə cəzalandırmaq istəyir" - Erol deyib.

Erol qeyd edib ki, ABŞ aparıcı oyunçu mövqeyini itirdikcə daha iddialı və aqressiv olur-bu kontekstdə sanksiya tətbiq etmək qərarları Vaşinqtonun uğursuzluğunun bir göstəricisidir və Şimali Atlantik alyansın ruhuna uyğun gəlmir.

“Ankaranın bütün bunları dost təşəbbüsləri kimi qəbul edəcəyini və onlarla barışacağını gözləmək lazım deyil. Ankara əlbəttə ki, hansısa bir məqamda buna lazımi cavabı verəcək. Şərait bunun üçün kifayət qədər münbitdir. Amerikanın sanksiya tətbiq etməklə bağlı son qərarlarının birbaşa Türkiyəyə qarşı yönəldiyi təəssüratı yaransa da, əslində onların məqsədləri və xarakteri Rusiya, Avropa İttifaqı və hətta Çin də daxil olmaqla, ölkələrin daha geniş bir spektrini əhatə edir. Məsələ bundadır ki, bu oyunçular son dövrlərdə apardıqları siyasətlə hər gün ”ABŞ-ın düşmənləri" anlayışı altına düşürlər. ABŞ rasional düşünmək qabiliyyətini itirməyə başlayıb, özü digər ölkələri ittifaqlar yaratmağa məcbur edir və bununla da sanksiyaların təsirinin minimal olmasına zəmin yaradır. Sanksiyaların tətbiqi ilə bağlı son qərarlar ABŞ-ın yeni dünyanın və Türkiyənin həqiqətlərini dərk etməkdən çox uzaq olduğunu göstərir" - Erol deyib.

Onun sözlərinə görə, ABŞ təkcə Rusiya ilə Türkiyə arasındakı yox, həm də Rusiya ilə Avropa İttifaqı arasındakı əlaqələrin güclənməsindən narahatdır, Birləşmiş Ştatların hədəfində hər şeydən əvvəl Rusiya durur və sanksiyalarla ABŞ müttəfiqlərini seçim etməyə məcbur edir.

ABŞ təkcə Rusiya ilə Türkiyə arasındakı ile ilgili görsel sonucu

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyir ki, ABŞ-la münasibətlərin dəqiq indikatoru Rusiya-Türkiyə münasibətləridir: “Yəni iki ölkənin hərbi əməkdaşlıq niyyətinə və real əməkdaşlığa dair heç bir şey dəyişməyib. Bu baxımdan kiçik detallar-F-35, hərbi bazaların taleyi, Aralıq dənizindəki qarşıdurmalar, Suriya və İraqdakı olaylar, qondarma erməni soyqırımı iddiaları zaman-zaman gündəmdə yer alacaq. Ona görə də münasibətlərdəki əsas xətt dəyişməyincə, hansısa gərginlik və ya yumşalma mövzusu olmamalıdır. Türkiyə Rusiya ilə strateji partnyorluqdan qazanclı çıxır, bunu isə ilk növbədə, onun milli maraqları diktə edir. Göründüyü kimi də ABŞ-ın əsas təzyiqi sırf rus-türk əməkdaşlığına zərbə vurmaq üçündür. İstər bu hərbi əməkdaşlıqdan çıxarılan F-35, istərsə də iqtisadi sanksiyalara söykənən kəmərlər olsun. Amma ciddi demək lazımdır ki, Türkiyə cəmi 3 ildən sonra dünyaya başqa gözlə baxacaq.

Boğazların statusu, Kanal İstanbul layihəsi işə düşəcək və sanksiyalara sinə gərən Rusiya üçün Türkiyə nəfəslik rolunu oynayacaq. Bu, təkcə rus gücünün bərpası deyil, Türkiyəni enerjidaşıyıcıları üçün vacib məkana çevirir. ”Şimal axını" və “Türk axını”nın Avropaya çəkməklə rus enerji siyasətini rus ordusu girə bilmədiyi yerlərə daşıyır. Dünyada Türkiyə və Rusiyasız qurulmuş daşıma xəttini - Bab əl Məndabdan Türkiyəyə köçürür. Onun sayəsində Misir və BƏƏ kimi dövlətlər və onların da arxasındakı güclər, himayə etdikləri dünya nəqliyyat siyasəti, ənənəvi daşımaçılıq, logistika çökür və bunu Türkiyə ələ keçirir. Rusiya da bundan əsas faydaçı ölkə olur. Belə bir hibridi ABŞ istəyərmi? Xeyr. Ona görə də iki Şərq ölkəsini heç bir əks-təsir yolundan döndərə bilməyəcək. Türkiyənin yeganə zəif yönü təəssüf ki, iqtisadiyyatı ilə bağlıdır. Amma gec-tez əlavə mənbələr - turizm, əməkdaşlıq, faydalı qazıntılar hesabına problemi yoluna qoymalıdır. Alternativi yoxdur".