Hikmət Hacızadə: “O, Trampı sevmir, kobud və ağılsız adam sayır, hansısa formada köməklik edə bilər”
Dünyada “rəngli inqilab”ların sponsoru kimi tanınan Corc Sorosun fondu bu dəfə də Ağ Ev rəhbəri Donald Trampın impiçmentində və Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqların yayılması skandalında rolunun olmasında ittiham edilir. Xarici KİV-lər yazır ki, Soros Fondu ABŞ Nümayəndələr Palatasının impiçment məsələsində tətikləyici qüvvələrdən biridir.
Ukrayna, Gürcüstan, “ərəb baharı” və s. çevrilişlərdə maliyyəçi kimi tanınan Sorosun indi də ABŞ-da anti-Tramp projesinin arxasından çıxdığı iddiaları ciddi müzakirələrə səbəb olub.
Əslində Tramp əleyhinə impiçment prosesi illərdir davam edir və artıq onun prezidentlik dönəmi final xəttinə çatmaqdadır. Yəni Konqres muradına çata bilməyib.
Sadəcə, 2020-ci ildə keçiriləcək yeni seçkilərə qədər Trampın reytinqini, reputasiyasını yerlərdə süründürmək üçün bu işi axıra qədər sürdürməyə çalışırlar. İndi isə bu hadisələrin pərdəarxasından Sorosun çıxdığı media kluarlarında gündəm yaradıb.
Maraqlıdır ki, bir müddət əvvəl Trampın vəkili Rudi Culiani ABŞ-ın Ukraynadakı dörd səfirinin, o cümlədən Mari Yovanoviçin təyin olunmasının arxasında Sorosun durduğunu bildirmişdi.
Vəkil iddia edirdi ki, Soros FTB agentlərini də işə götürür və Yovanoviçin işinə şəxsən nəzarət edir. Trampın vəkili əmindir ki, media milyarderin əmri ilə onun barəsində yalan məlumatlar yayır.

Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a söylədi ki, Sorosun impiçment məsələsində əlinin olduğunu sübut etmək lazımdır. Onun sözlərinə görə, bu milyarderi sevmirlər və o, Demokratlar Partiyasının adamıdır: “O, Trampı sevmir, kobud və ağılsız adam sayır. Ona görə hansısa formada köməklik edə bilər. Ancaq Soros yəhudidir, pulu çoxdur, ictimai işlərlə məşğuldur. Sadəcə, ondan həmişə şeytan düzəltmək istəyirlər. Gah Trampı, gah SSRİ-ni yıxmaqda, gah qanlı inqilabların ssenaristi olmaqda adını çəkirlər. Hətta deyirdilər ki, Soros Azərbaycanda layihələr edir, köməklik göstərir, sonra sərvətlərimizi daşıyacaq. Amma 14 milyon dollar humanitar layihələrə, xüsusən də təhsilə vəsait xərclədi, Azərbaycandan bir qəpik götürmədi”.
H.Hacızadə hesab edir ki, Sorosdan xortdan obrazı düzəldirlər: “Bu, bir xəstəlikdir. Amma istisna etmirəm ki, Demokrat Partiyasının adamı kimi impiçment məsələsinə təsir edə, kömək göstərə, məsləhət verə bilər”.
Xatırladaq ki, politoloq Valeri Korovin qlobalistlərin önündəki başlıca əngəlin milli dövlət və hökumətlərin olduğunu söyləmişdi: “Ona görə də çox vaxt qlobalistlərin tərtib etdikləri planlara qarşı çıxan, onlara müqavimət göstərən hökumətlər devrilir. Bu cür hökumətlərə qarşı təbii yolla yox, sırf qlobalist dairələrin fitvası, yaxından maliyyə, inzibati, siyasi iştirakı ilə qızışdırılan, qlobalist texnoloqlar tərəfindən yönləndirilən etiraz aksiyaları təşkil edilir. Yəni insan hüquqları və azadlıqları, demokratiya kimi bütün qlobalist cəfəngiyyatları əlində bayraq edib küçələrə çıxan nümayişçilər mütləq qlobalistlərin iradəsini ifadə edirlər”.
Azərbaycanda Soros Fondunun fəaliyyəti 2011-ci ildə rəsmən dayandırılıb. Açıq Cəmiyyət İnstitutu hər zaman “inqilab fondu” adlandırılıb və rəngli çevrilişlərin gizli maliyyəçisi, ideoloqu kimi təqdim olunub.

Soros ayrı-ayrı respublikalarda liberal gəncliyin lokomotivi olduğu nümayişlərlə iqtidarları arxivə göndərib.
Vaxtaşırı Azərbaycanla da bağlı mülahizələr səslənib, Sorosun ölkədə müxtəlif gənclər hərəkatlarına dəstək verdiyi, Qərbin “5-ci kolon”una maliyyə ayırdığı barədə fikirlər irəli sürülüb. Soros Fondunun qurucusu yəhudi əsilli milyarder Corc Sorosdur.
Rusiya iqtisadi böhranında Soros fondlarının əməyi var idi. Maraqlıdır ki, Soros hətta İngiltərəyə belə rəhm etməyib. Sorosun məşhur funtsterlinq fırıldağında İngiltərə bankı (bank of England) 20 milyard dollar itirmişdi.
Həmin fırıldağın hesabına Corc Soros bir gündə 1.3 milyard dollar gəlir əldə etmişdi. Həmin hadisə “Qara çərşənbə” adı ilə yadda qaldı.
O, gürcü müxalifətinə ayırdığı pulların sayəsində Gürcüstanda “narıncı inqilab” baş verməsini dolayısı ilə etiraf etmişdi.
