Tarixçi: “Qarabağa ilk köməyə gələnlər də...”
Son 40 ildə müharibə əfqanlar üçün həyatın ayrılmaz hissəsidir. Fasiləsiz atışmalar, partlayan bombalar, dağıdılmış infrastruktur və artmaqda olan narkotik ticarəti, hökumətsizlik.
Dekabrın 25-də, Moskva vaxtı ilə saat 15.00-da 40-cı orduya və Hərbi Hava Qüvvələrinin aviasiyasına Əfqanıstan Demokratik Respublikasının dövlət sərhədini keçmək əmr edilir. Bu tarixdən 40 il ötür.
Bu əmr SSRİ müdafiə naziri Dmitri Ustinov tərəfindən 1979-cu il dekabrın 25-də, saat 12-də imzalanmışdı. Əmrdən dərhal sonra, 48 saat ərzində Əfqanıstana 7700 əsgər və zabit, 894 hərbi texnika yeridilmişdi. Bu müharibədə 7 mindən çox azərbaycanlı da iştirak etmişdi. Onlardan 208 nəfəri geriyə “200 saylı yük” kimi geri qayıtmışdı. Həmin vaxt Əfqanıstanda həlak olanlar “200 nömrəli yük” (“Qruz 200") adı ilə rəsmiləşdirirdi. İçində Azərbaycan da olmaqla, SSRİ-yə daxil olan ölkələrə 15 mindən çox belə ”yük" göndərilmişdi.
Bu müharibədə 400 nəfər azərbaycanlı yaralanmışdı. İtkin düşənlərimizin sayı isə 6 nəfərdir. Onlardan hələ də xəbər yoxdur. Ümumilikdə SSRİ-dən 500 mindən çox əsgər müharibədə iştirak edib. 15051 əsgər və zabit həlak olub, 417 hərbçi isə yaralanıb, itkin düşüb.
Əfqanlardan isə bu müharibədə iki milyona yaxın insanın öldüyü haqda müxtəlif fikirlər var. Sovet əsgərinin meyitini daşıyan təyyarələrə isə öz aralarında “Qara Lalə” ləqəbi verilmişdi.
Sonradan yüzlərlə Əfqanıstan veteranı Qarabağ müharibəsində də iştirak edib. Onlardan 17 nəfəri Milli Qəhrəman adına layiq görülüb.
Doğrudan da təzadlı, antoqonist bir mənzərədir: vaxtilə azərbaycanlılar sovet ordusunun tərkibində əfqanlara qarşı döyüşüblər, lakin Qarabağda müharibə başlayanda fədakar əfqanlar bizim tərəfdən erməni işğalçılarına qarşı canlarından keçiblər.
Təbii ki, bu, Azərbaycanın və ya xalqın günahı deyil. SSRİ-nin 15 respublikasından əsgərlər Əfqanıstana səfərbər olunurdu. Onların arasında özbək, tacik, qırğız da var idi. Bəs əfqanların bizə olan sevgisi, Azərbaycan torpağını qorumağa olan təəssübkeşliyi haradan qaynaqlanır? O müharibənin 40 illiyi bu sualları aktuallaşdırır...

Tarixçi-alim Dilavər Əzimlinin “Yeni Müsavat”a dediyinə görə, burada etnik kökən, müsəlmançılıq amilləri ciddi rol oynayıb: “Əfqanıstan sözü sonradan yarandı. Qəndahar, Kabul Səfəvi imperiyasının tərkibinə daxil olub. Zaman-zaman bizə bağlı olublar. Buradan gedən tayfalar var.
Eləcə də Qarabağdan tayfalar orada yerləşiblər. Biz afşarları, xəzərləri qeyd etməliyik, onlar Əfqanıstan ərazilərində məskunlaşıblar. Bu, çox mühüm rol oynayan amildir".
![]()
Tarixçi-alim dedi ki, Əfqanıstan sonra yaradıld: “Onların etnik tərkibi maraqlıdır. Burada puştunlar, taciklər, özbəklər də var. Bu səbəblər ciddi rol oynadı. Eyni zamanda müsəlman faktoru vardı. Müharibə vaxtı bizə ayrı münasibət bəslədilər. Dostlarm zabit kimi orada olublar. Əfqanıstan hərbçiləri deyirmişlər ki, bizim işimiz ruslarla, kafirlərlədir. Siz kəlmeyi-şəhadətinizi oxuyursunuz. Bundan başqa, sirlərə hörmətlə yanaşırdılar, kəndlərdə xüsusi münasibət olardı. Bu yaxınlıq varıydı. Onlar başa düşürdülər ki, SSRİ məcburi göndərib. Ona görə də Qarabağda ilk köməyə onlar gəldilər, şəhid olanlar var”.
