ABŞ prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi başda olmaqla, demokratların impiçment çərçivəsində Senatdakı prosesi təxirə salmasına, ittiham maddələrini yuxarı palataya göndərməkdən imtina etmələrinə bir daha etirazını bildirib.
O, bununla bağlı fikirlərini özünün twitterdəki səhifəsində bölüşüb.
“Bir dəfə Nümayəndələr Palatasındakı yerindən və spiker postundan məhrum olunan Nensi Pelosi tezliklə yenidən bu vəzifələrdən məhrum olacaq, heç bir respublikaçı tərəfindən dəstəklənməmiş impiçmentin (maddələrinin-red.) (Senata-red.) göndərilməsini təxirə salmaq üçün gücü çatan hər şeyi edir”-deyə, ABŞ prezidenti yazıb.
Trampın fikrincə, aşağı palatadakı demokratlar beləliklə “Senatı özlərinə tabe etməyə” çalışırlar.
“Dəli Nensinin prosesi Senata çəkməyə nə hüququ var? Heç bir! Onun sübutları pisdir və belə etməyə çalışır ki, nəticə onun üçün pis olmasın. Cadugər ovu indi Senatdakı proseslə bitməlidir”-deyə, prezident əlavə edib.
Dekabrın 19-da impiçment ediləndən sonra Trampın israrla məsələnin yubadılmasına etiraz etməsi çoxsaylı müzakirələr doğurub. Ekspertlər hesab edirlər ki, Tramp impiçment edilməyəcəyinə kifayət qədər əmin olduğu üçün məsələnin tez həll olunmasına çalışır. Eyni zamanda Amerikada prezident seçkilərinə 10 ay qaldığını nəzərə alaraq, bu aylar ərzində impiçmentin kampaniyasına kölgə salacağından ehtiyatlandığı üçün Trampın bu cür etirazlar etdiyi də vurğulanır.

Tofiq Abbasov: “Trampın önündə heç bir problem qalmayacaq”
Siyasi şərhçi Tofiq Abbasov Trampın özünə çox əmin olduğunu qeyd etdi: “Trampın ən çox ümid etdiyi yer Senatdır. Çünki burada respublikaçılar üstünlük təşkil edirlər. O özünə əmindir ki, aşağı palatadakı müzakirələrdən sonra impiçment məsələsi yuxarı palataya çıxsa, orada həm tərəfdarları, həm də partiya silahdaşları var. Bu baxımdan Tramp özündə əminlik hiss edir. Sözün həqiqi mənasında burada demokratların da imkanları o qədər yüksək deyil. Doğrudur, Con Bayden kimi nüfuzlu sima prezidentliyə demokratlardan namizəddir. Ancaq həqiqətən də onların zəif nöqtələri az deyil. Trampın lazım gələrsə, əlində kompromat müharibəsində istifadə edə biləcəyi silahlar mövcuddur. Bu baxımdan impiçment məsələsindən qalib çıxacağına əmindir. Burada əsas olan Trampın arxasında dayanan daxildəki seçicilərdir. Onun üç illik prezidentliyi dövründə daxildə vəziyyət xeyli durulub, saflaşıb. İqtisadi zəmində iqtidar dairələrinin sıralarında çox böyük canlanma var. Bunu da açıq şəkildə etiraf etmək lazımdır ki, bütün bunlar Trampın özünün xidmətlərinin məntiqi nəticəsidir. Bu amil də onda özünə inam yaradır. Təsadüfi deyil ki, onun özü də deyir ki, biz ölkə daxilindəki vəziyyəti son dərəcədə yoluna qoymuşuq, kimlər ki, bizə bu dönəmdə maneçilik törətmək istəyəcəksə, onlar Amerika xalqının mənafeyinin düşmənləridir”.
T.Abbasov Trampın ikinci dəfə prezident olmaq şanslarını da dəyərləndirdi: “Onun prezidentlik şansları çox yüksəkdir. Əgər Suriyada bu aylar ərzində Amerika qoşunlarına sarsıdıcı zərbələr endirilməsə, Trampın şansları daha da artacaq. Amma o, ciddi səhvə yol verdi. O, Suriya nefti ilə bağlı dedi ki, bizi heç nə maraqlandırmır. Suriya qoşunları İdbil istiqamətində əks hücuma keçiblər. O istiqamətdə əgər ABŞ qoşunları ciddi zərbələr almasalar, onda hesab edirəm ki, Trampın önündə heç bir problem qalmayacaq və o, qarşıdan gələn seçki kampaniyasını çox məharətlə, uğurla başa vuracaq, ikinci dönəm üçün prezidentliyini rəsmiləşdirəcək”.

Məhəmməd Əsədullazadə: “Demokratlar geri çəkilir”
Politoloq Məhəmməd Əsədullazadə demokratların uduzacağını düşünür: “Demokratlar Partiyasının Trampa qarşı impiçment prosedurunun reallaşması hesab edirəm ki, baş tutmayacaq. Bu çətin prosedurdu və Senat respublikaçıların nəzarətindədir. Hesab edirəm ki, Nensi Pelosinin prosesi Senatdan geri çəkməsi məhz demokratların bu prosesdə qalib olmayacağının göstəricisidir və kifayət qədər sübutlar olmadığı üçün bunu geriyə götürüblər. Düşünürəm ki, Tramp Ukraynaya öz nümayəndəsini göndərib və kifayət qədər sübutlar əldə edərək özünə arxayın olduğu üçün Konqresin Nümayəndələr Palatasının üstünə düşüb. Seçkiyə qalan 10 ay müddətində demokratlar heç də Trampı impiçment etməyəcəklər və proses artıq Trampın lehinə işləyir. Ona görə də Tramp bu qədər arxayındır. Demokratların qarşısına Tramp elə bir sübut qoyub ki, ictimaiyyətə açıqlanmadığına görə demokratlar geri çəkilir. Yanvarda Senatda Trampın mühakimə olunması gözlənilmir və seçki öncəsi Trampa qarşı bu gedişat ona ictimai dəstəyi artıra bilər. Ona görə də demokratlar çalışır ki, Senata bu məsələ getməsin və bu kimi gedişlə Trampın seçki prosesində ona əngəl olmağa çalışsınlar. Məhz hər iki partiya arasında davam edən bu insident növbəti seçkilərə hesablanıb. Bu seçkidə də Trampın qələbə çalması mümkündür. Ona görə də demokratlar Nümayəndələr Palatası çərçivəsində Trampa qarşı kampaniyanı davam etdirəcəklər. Məhz Tramp ona görə də bu kimi gedişlər edərək demokratların nüfuzuna zərbə endirir. ABŞ-da impiçmentin reallaşması üçün tutarlı arqumentlər olsa, demokratlar bu qədər gözləməzdilər”.
